İnsanlara hürriyət, millətlərə istiqlal!

Anara alternativ tapılmadı

1572 17.06.2014 08:30 Ölkə A A

İyunun 17-də Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayı keçiriləcək. Qurultayda nəzərdə tutulan sədr seçkilərinə namizədlərdən biri hazırkı sədr Anar Rzayev olsa da, digəri ötən həftə mediaya açıqlamasında bu iddiasını bildirən şair tərcüməçi Elxan Zal idi. E.Zal kulis.az-a müsahibəsində bildirmişdi: “Mən yeganə AYB namizədiyəm ki, konkret proqramla çıxış edirəm. 3-4 nəfəri vəzifədən çıxarmaqla ciddi heç nəyə nail olmaq olmaz”.

Qurultaya bir gün qalmış “Yeni Müsavat” Anara alternativ olan yeganə namizədlə bu mövzuda danışmağa qərar verdi. Amma söhbətimiz gözlənilməz girişlə başladı.. 

- Elxan bəy, başlayaq sizin namizədliyiniz məsələsindən...   

- Xeyr, mən namizədliyimi verməmişəm 

- Necə? Axı mətbuatda bununla bağlı müsahibəniz vardı, xəbərlər yayılmışdı, konsepsiyanız olduğunu bildirmişdiz... 

- Yox, anlaşılmazlıq olmuşdu. Saytlar da... Ona görə... 

- Necə axı? Demişdiz ki, hətta sədr seçilməsəm belə, öz konsepsiyamı açıqlayacam. 

- Konsepsiyamı rəhbərliyə təqdim etmişəm. 

- Yaxşı, nələr vardı sizin konsepsiyanızda?
 
- Müəyyən islahatlar var idi. Çünki mən hər şeydə islahatın tərəfdarıyam. İstəyirəm ki, islahatlar olsun. 

- Hansı istiqamətdə olsun? Gənclər, yaşlılar, yeni nəşrlər... Nələri nəzərdə tutur sizin konsepsiya? 

- Struktur dəyişikliyini nəzərdə tutur. Hesab edirəm ki, burda layihələrlə işləyən bir departament olmalıdır. Təkcə büdcə hesabına yaşamamalıdır. Yəni əlavə gəlirlər gətirməlidir. Mən özüm fond rəhbəriyəm, hələ qıraqdan gəlir gətirirəm, bilirəm ki, o nə cür olur. AYB kimi nüfuzlu təşkilatın büdcəsi 700 min manatdırsa, o, 3-4 milyon büdcə yarada bilər. Bakı böyük bir iqtisadi mərkəzdir, minlərlə şirkətlər var. AYB elə təşkilatdır ki, hər zaman rentabelli olur, orda çoxlu istedadlı qələm adamları var. Çox məsələləri, məsələn, tərcümə məsələlərini öz üzərinə götürə bilər. Bu qurumun çox böyük potensialı var. 

- Qurultayda da bunları açıqlayacaqsızmı? 

- Təbii. Mən bunları həmişə demişəm, bundan sonra da deyəcəm. 

- Sədr olsaydız, bunları həyata keçirə bilərdiz. 

- Mənim sədr seçilməyim realdır. Sadəcə, indiki günlərdə real deyil. Anarın nüfuzunun qabağında, o qurultayda sədr olmağım mümkün deyil. 

- Hər halda, siz namizədliyinizi verəndə hələ Anarın öz namizədliyini irəli sürməsi xəbəri yayılmamışdı, düzdü? 

- Bəli. 

- Belə başa düşdüm ki, siz Anarın namizədliyini verəcəyini bilsəydiz, heç bu cəhdi eləməzdiz. 

- Əlbəttə. Bilirsiz, orda gizli aparıldı hər şey. Gah deyilirdi ki, Anar namizədliyini verəcək, gah deyilirdi ki, verməyəcək. Anar namizədliyini verəndən sonra düşünürəm ki, mümkün deyil. Bugünkü gündə AYB kimi təşkilatda Anara alternativ çətindir.

- Amma çox adam da deyir ki, quruma yeni nəfəs gəlməlidir, dəyişikliklər edilməlidir. 

- Necə gələcək o nəfəs ora? Qurultay iştirakçılarının siyahısına baxandan sonra görürsən ki, siz dediyiniz məsələ real deyil. Çünki bu gün Anarın nüfuzu çox yüksəkdir. Anar buranın sədrliyindən başqa türk dünyasında yazarlar birliyinin də sədri oldu. Bu da AYB üzvlərinə, qurultay iştirakçılarına təsir edir. Uzun illərdir rəhbərlikdədir. Mən də hesab edirəm ki, yeni nəfəs gec-tez gəlməlidir. Amma mən deyərdim ki, bu islahatlar Anar müəllimin rəhbərliyi altında daha yaxşı aparıla bilər. Çünki onun nüfuzu, yuxarılarla yaxınlığı var. 

- Dediyiniz planları reallaşdırmaq üçün AYB-də hər hansı bir vəzifəyə iddialısınızmı? 

- Mən AYB-nin rəhbəri deyiləm. Hər zaman AYB-nin sıravi üzvü olmuşam. Mahmud Kaşğari fonduna rəhbərlik edirəm. Özüm işləyirəm də. 

- Anlayıram. Bəs vəzifə istəməzsiz AYB-də? 

- Bunu Anardan soruşun.
 
- Sizin cavabınız maraqlıdır. 

- Yox, istəməzdim. 

- Bizimçün Anardan qeyrisinin namizəd kimi adını hallandırması yenilik olmuşdu, hər halda... 

- Hər halda, birinci dəfədir kimsə AYB-də təkliflər paketi ilə çıxış edir. Bunun özü müsbət haldır mənə elə gəlir. Bu qurum 80 il əvvəl necə yaradılıbsa, bu gün də elədir. 80 illik strukturdur, amma heç bir dəyişiklik yoxdur. Azərbaycanda çox şey dəyişib, sistem dəyişib, Bakı şəhəri yenidən qurulub. Amma AYB necə varsa, elə də qalıb. 

- İlk dəfə namizədliyinizi açıqlayandan sonra sizə qarşı hər hansı qınaq, narazılıq oldumu? 

- Yox, heç bir qınaq olmayıb. 

- Anar müəllimlə danışmısızmı? 

- Yox, son vaxtlar onu görməmişəm. 

- Qurultayda kimə səs verəcəksiz? 

- Anara. 

- Maraqlı mənzərədir. Özünüz sədr olmağa iddialısız, amma digər namizədə səs verirsiz. 
- Mən bu gün Anarın sədr olmasını daha real və faydalı hesab edirəm. Mənim təkliflərim qəbul olunsa, onun rəhbərliyi ilə daha asan həyata keçə bilər. AYB elə də sadə təşkilat deyil. Ona rəhbərlik etmək də həmçinin. Orda dünya miqyaslı yazıçılar da var, ölkədə yüksək post tutan yazıçılar da var. Əsas məsələ o ideyaları, islahatları həyata keçirməkdir. İslahatlar da gec-tez olmalıdır. İndiki vaxtda AYB SSRİ-nin dağılan vaxtlarına oxşayır. Maliyyə resursları azdır. 700 min büdcə ilə qurum necə yaşaya bilər? AYB-də işləyənlər ən az maaş alanlardır. 

- Siz özünüzdə o potensialı görmürsüz ki, nəyisə idarə edəsiniz, hansısa yenilikləri həyata keçirəsiz?

- İdarə də edə bilərəm, dəyişdirə də bilərəm. Hesab edirəm ki, Anarın varisi mən olacam. Buna söhbət yoxdur. Sadəcə, bugünkü gündə real deyil.

- Yəni Anardan sonra siz olacaqsız?

- Anarın olmasını mən də istəyirəm indiki şəraitdə. Amma ondan sonra ola bilərəm. Neçə ildi fondda onun müaviniyəm, təkliflərim də var. 

Sevinc TELMANQIZI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR