İnsanlara hürriyət, millətlərə istiqlal!

Altı ayda 6 min neftçi işdən çıxarılıb

2576 17.07.2014 09:25 Ölkə A A

Bu barədə “Yeni Müsavat”a təşkilatın rəhbəri Mirvari Qəhrəmanlı məlumat verib. O bildirib ki, bu dövrdə ARDNŞ-də struktur dəyişikliyi ilə əlaqədar işçilərin qanunsuz olaraq işdən azad olunması və əmək müqavilələrinin ləğv edilməsi halları daha çox müşahidə olunub. ARDNŞ tərəfindən bu əsasla işdən azad olunan işçilərin sayı 6000 nəfərə yaxın olub. İxtisarlardan isə daha çox təqaüd yaşına çatmış, uzun illər təcrübəsi olan, lakin arxasız və qohumsuz insanlar əziyyət çəkib. 

Həmçinin neft sahəsində fəaliyyət göstərən müəssisələrdə istehsalatda baş verən bədbəxt hadisələr qeydə alınmayıb, müxtəlif yollarla gizlədilmə halları müşahidə olunub. ARDNŞ və xarici şirkətlərdə sistemli və işçilərin iradəsinin əleyhinə olaraq müddətli əmək müqavilələrinin bağlanması davam etdirilib. Müqavilələrin müddəti bitdikdə isə kütləvi ixtisarlar başlanıb.


M.Qəhrəmanlının sözlərinə görə, ölkənin hasilat sənayesində də əmək qanunvericiliyinin pozulması halları kütləviləşib. Hesabat dövrü ərzində təşkilat ölkənin neft sənayesində və digər sahələrdə çalışan 1200-ə yaxın işçiyə əmək, sosial, iqtisadi və mülki sahədə hüquqi yardımlar göstərib. İşçilər isə daha çox Əmək Məcəlləsinin 68-79-cu maddələrinin pozulmasından şikayətləniblər: “Əmək müqavilələrinə qanunsuz olaraq xitam verilməsi, ixtisar adı ilə işçilərə ərizə yazdırılması, ixtisarlar aparılarkən qanunvericiliyin tələblərinin pozulması, işçiləri üçün nəzərdə tutulmuş güzəşt və təminatların məhdudlaşdırılmasından şikayət var. Kompleks Qazma Tresti, ”Azəriqaz" İstehsalat Birliyi, Geologiya və Geofizika İdarəsi, Magistral Qaz Kəmərləri İdarəsi, Bahar Enerji Əməliyyat Şirkəti və sair. İxtisarların aparılması ilə əlaqədar Kompleks Qazma Trestində bu xəbərlə əlaqədar 1 nəfərin ürəyi dayanıb, Bahar Enerji Şirkətində isə 1 nəfər isə özünü asıb".

Həmçinin Əmək Məcəlləsinin 83 və 84-cü, 217-ci maddəsi, Nazirlər Kabinetinin 27 saylı qərarı pozulub. Məcəllənin 97, 98, 99, 164, 165-ci maddələrinin pozulması,154-cü maddəsinin və digər normativ hüquqi aktların pozulması kimi hallar qeydə alınıb. “Eyni zamanda Əmək Məcəlləsinin 16-cı maddəsinin pozulması, diskriminasiyaya yol verilməsi müşahidə edilib. Dövlət Neft Şirkətinin Əmək şəraiti normalarının işlənməsi İdarəsi, Neftqaztikinti Tresti, Kompleks Qazma Tresti, SOCAR CAPE və sairdə bu, var. Diskriminasiyanın əsas səbəblərindən biri də qohumbazlıqdır. Bunun nəticəsində də çoxlu sayda işçi diskriminasiyaya məruz qalır. İxtisar, işə qəbul və vəzifəyə təyin edərkən təhsilinə, peşəkarlığına və digər işgüzar keyfiyyətlərinə görə deyil, yaxın qohumluq və dostluq əlamətlərinə yol verməklə diskriminasiyaya yol verirlər”,- deyə M.Qəhrəmanlı qeyd edib. 

Həmçinin 2014-cü ilin 6 ayı ərzində Azərbaycanın neft sektorunda əmək xəsarəti almış işçilərin sayı 9 nəfər olub. 

Əmək xəsarəti almış və ya peşə xəstəliyinə tutulmuş işçilərə kütləvi artımın tətbiq edilməsi ilə əlaqədar ARDNŞ, Maersk Şirkəti və Xəzər müəssisəsinə qarşı Yasamal, Nərimanov və Nəsimi rayon, Bakı apelyasiya və Azərbaycan Respublikasının Ali məhkəmələrində məhkəmə mübahisələri davam edir. Bu ilin altı ayında Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı məhkəmə vasitəsilə də işçilərin hüquqlarını müdafiə edib. Belə ki, təşkilatın hüquqşünasları müxtəlif məhkəmə instansiyalarında 46 iddia ərizəsi üzrə işçiləri müdafiə edib. Hesabat dövrü ərzində 1-ci instansiya məhkəmələrində 30, Bakı Apelyasiya Məhkəməsində 10, Ali Məhkəmədə isə 5 iddiaya baxılıb. Həmçinin Məhkəmə Hüquq Şurasına iki hakimdən şikayət göndərilib. Bunlar Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Sevinc Alıyeva və Bakı Apelyasiya Məhkəməsinin hakimi Sənan Hacıyevdir. Eyni zamanda 47 məhkəmə işinin monitorinqi aparılıb. Monitorinq zamanı daha çox məhkəmə iclaslarının gedişi və qətnamələrin çıxarılması zamanı maddi və prosessual hüquq normalarına əməl edilməsinə diqqət yetirilib.

RÖYA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR