İnsanlara hürriyət, millətlərə istiqlal!

Zərərlə işləmək

3405 09.09.2018 13:01 Yazarlar A A

 

Deyir, Beynəlxalq Bankın özəlləşdirilməsi yenidən gündəmə gəlmişdir. Abbreviaturası qəribə şəkildə adamda uşaqlıq xatirələri oyadan bu bank (biz məktəbdə oxuyanda bəzi mədəni müəllimlərimiz sinifdə özünü yaxşı aparmayan uşaqlara qısa formada “BB” deyirdilər, yəni, “bas bayıra”) tale baxımından da qəribə bankdır. Bəlkə də BB-nin həyat tarixçəsini Azərbaycanın müstəqillik tarixinin güzgüdəki balaca əksi saysaq, yanılmarıq. Müəmmalarla dolu yaradılışı, rəhbər sarıdan yarımaması və bu üzdən vaxtaşırı bank “çevrilişləri”, bərbad idarəetmə, aktivlərin siçovul daraşmış taxıl anbarı kimi talanması... BB-nin dərdi bir deyil, beş deyil. Bəlkə bunun açmasını “Baş Bəlası” kimi də yozmaq olar. Son bir-iki ildə, Cahangir müəllim və ailəsi tərəfindən kassalarına süpürgə çəkilməsi ortaya çıxandan bəri banka saysız sədrlər, müşahidə şurası yetkililəri, klerklər, qarovulçular, kassirlər təyin edilmişdir. Ancaq yenə xeyri yoxdur. İndi də özəlləşdirmədən bəhs olunur.

Mənim yadıma gələni, BB-nin özəlləşdirilməsi bəlkə 20 ildir müzakirə edilir. Bankın 26 yaşı olmasını nəzərə alsaq, elə də pis nəticə deyil. Bizdə yarandığı gün bağlanan, kağız üzərində yaşayan, doğulmamış ölən, özəlləşdiriləndən az sonra yoxa çıxan müəssisə və obyektlər də saysızdır. Misal üçün, bəziləri sovet dövründə inkişaf edən sənayemizdən danışmağı sevərlər. Bəs hanı o sənaye müəssisələri? Dövlət dağılan kimi buxarlanıb yoxa çıxdılar.

BB-nin özəl olması, ya qeyri-özəl olması əslində mahiyyətcə böyük dəyişiklik doğurmayacaqdır. Bizdə iqtisadi sistemin adı yalandan bazar iqtisadiyyatıdır, mahiyyətcə dövlət hakimiyyətinə tabe kommunist-bolşevik iqtisadiyyatında yaşayırıq. Partnomenklaturanın adını dəyişib oliqarxiya qoysan, kərpiclər lap yerinə oturur.

Keçən həftə Bakı Kristal Zalı haqda bir xəbər oxuduq. Deyir, zal 2017-ci ili 10 milyon manat zərərlə başa vurmuşdur. Ümumiyyətlə, “Evrovizyon” hay-küyündə tələmtələsik, bir neçə aya tikilmiş bu yekəpər konsert salonu azı 2 ildir ziyanla işləyir. Belə deyirlər. Çünki xalqın azı 6 milyon dollar puluna tikilmiş bu salonu kim idarə edir, kimin balansındadır, xalqa onun xeyri-ziyanı nədir, kimsəyə məlum deyildir. Tikilən zaman da məlum deyildi. Hərçənd, tikinti başlayanda bu nəhəng zalın gələcək saxlama xərclərinin bizə baha başa gələcəyi məlum idi. Tikməklə iş bitmir ki. Hər binanın gündəlik baxım, qoruma, saxlama xərcləri var. Bazar iqtisadiyyatında belə salonları özəl qurumlar, ən pis halda bələdiyyə orqanlarının büdcəsi hesabına tikirlər, saxlayırlar. Nəticədə dövlət büdcəsi – xalqın malı ziyana düşmür. Yoxsa indiki halda belə çıxır ömrü boyu Bakının üzünü görməyən samuxlu, lerikli, ordubadlı kəndli Bakı Kristal Zalı-nın tikinti və saxlama xərclərini maliyyələşdirməlidir. Niyə axı? İt ilində kimsə orada konsert verəcək, hansısa oliqarx balaları əylənəcək deyə xalq niyə nəhəng konsert salonunu saxlamağa ildə 10 milyon manat xərcləməlidir?

Bakı bələdiyyəsi olmadığı üçün paytaxtın belə nəhəng tikintilərinin cavabdehliyini də kimin boynuna qoyasan, bilmirsən. Ümumiyyətlə, bizdə məsuliyyət, cavabdehlik ancaq hansısa fəlakət olanda yada düşür. Xəstəxana yanırsa, həkimi qulaqlayaq. İşıq söndü, baş elektriki dar ağacına çəkək. Bəs illərdir bu işlərə nəzarət etməli orqanların fəaliyyəti harda qalmışdır? Sovet vaxtında heç olmazsa yalandan bir Xalq Nəzarəti Komitəsi vardı, indi o da yoxdur.

Xalq nəzarəti olmadığından 1 ayda türmə xəstəxanasında 10 məhbus ölür, ancaq kimsənin tükü tərpənmir. 10 nəfər. Böyük rəqəm deyilmi? Belə getsə türmə də zərərlə işləyəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR