Üzdə dost, əslində isə rəqib ölkələr Tehranda necə bir araya gəldilər?..

Desək ki, biz də Rusiya, Türkiyə və İran prezidentlərinin görüşünü maraqla gözləyirdik, bu, səmimilikdən çox uzaq olar. Düzdür, bir ara bu formatla bağlı bizdə də müəyyən ümidlər yaranmışdı. Düşünürdük ki, Türkiyə və İran hökumətləri Rusiya ilə yaxınlıqdan istifadə edərək Qarabağ probleminin həllinə təkan verərlər. 

Amma sonradan gördük ki, bunların coğrafi cəhətdən yaxın problemi Suriya (guya ki!), uzaq problemləri isə ABŞ-dır. Üstəlik, Suriya ilə bağlı da bunlar arasında yekdillik və birlik yoxdur. İndi isə onları, bir daha ərz edirik ki, ABŞ-a qarşı oxşar münasibət birləşdirir.

Açığı sonuncu ilə bağlı Türkiyənin və hətta Rusiyanın İranın yanında olmasını istəməzdik, çünki bəlkə də dünyada İran rejimi kimi ikinci bir qeyri-səmimi rejim yoxdur. Əlbəttə ki, burada D.Trampın siyasətini də qeyd etmək lazım gəlir, ona görə ki, Türkiyənin də anti-ABŞ formatında yer alması bilavasitə Trampın apardığı siyasətlə bağlıdır ki, bunu hətta onun yerli opponentləri də qeyd edirlər.

O ki qaldı digər məsələlərə, hələki bizi dəhşətə gətirən Suriya ilə bağlı tele-təsvirlərdir. Bəlkə də B.Əsəd hakimiyyətdə qalmaqda, İran da ona dəstək verməkdə bu qədər israrlı olmasaydı, münaqişə çoxdan öz həllini tapmışdı, amma nə Əsəd hakimiyyətdən əl çəkir, nə də özünün ideoloji dəyərlərini bu ölkədə qoruyub saxlamağa çalışan İran. Münaqişənin acı və ağrılarını isə hamıdan çox Türkiyə yaşayır: bir tərəfdən qaçqın seli, o biri tərəfdən kürdlərin silahlanması - bunların hamısı dəyənək olub bir istiqamətə, Türkiyəyə tərəf yönəlir.

Əlbəttə, Suriya qovğası, olsa-olsa, bizi bir müsəlman ölkəsində cərəyan edən hadisələr kimi qayğılandırır. Bir az əvvəldə dedik ki, yeni regional formata biz daha çox Qarabağ problemi prizmasından baxırdıq. Amma ki, proseslər göstərir ki, belə gümanlara düşmək ən azı hələki tezdir və bəlkə də tamam əsassızdır, çünki qeyd etdiyimiz üçlüyün hər biri təsirini Qafqaza tək olaraq yaymaqda maraqlıdı. Türkiyəylə bağlı bir problem və narahatlıq yoxdur - Qafqazda Türkiyənin güclənməsini istəməyən yalnız və yalnız Ermənistandır.

İrana və Rusiyaya gəldikdəsə, onların da regional gesosiyasi çağırışları bəllidir - bunların heç biri Azərbaycanın güclənməsini istəmir. Məsələn, çox maraqlıdır ki, Azərbaycanda dini radikalların fəallaşması Xəzəryanı ölkələrin sammiti ərəfəsinə təsadüf etdi.

O sammitdə qəbul olunmuş son konvensiya kimin maraqlarına cavab vermirdi? Düşünürük ki, bu sualın cavabını hər kəs özü araşdırmağa cəhd etsə, daha yaxşı olar...

Rusiya da bu regionda, eləcə də Suriyada Türkiyənin və İranın güclənməsini istəmir. Hətta İranla onları tarixi rəqabət bağlayır, ona görə ki, iki yüz il bundan əvvəl Rusiya bu regionu məhz İranın təsir dairəsindən çıxarmışdı. Həmin rəqabət indi də davam edir.

Üstəlik, burada dini motivlər də var. Məsələn, mən hər dəfə İran prezidenti Rusiya prezidentilə və yaxud da digər xristian ölkəsinin ali rəhbərlərilə görüşəndə ixtyrasız olaraq özümə bir sual verirəm: Görəsən, prezident Ruhani Putinlə görüşdən sonra əllərini yuyurmu?

Sözümü qəribçiliyə salmayın: ortodoks dindarlar digər dinlərin təmsilçilərini təmiz saymırlar. Buna bənzər hallara təkcə müsəlmanların arasında deyil, digər dinlərin də təmsilçilərində təsadüf etmək olur. İndi deyə bilmərik ki, İran bu cür arxaik təsəvvürlərdən nə qədər uzaqlaşıbdır - hər halda, 21-ci əsrdir...

Amma 90-cı illərin ortalarında bir fransız siyasətçisinin 21-ci əsrin din əsri olacağı haqda fikirlərini oxuyan zaman buna ironiya etmişdik. Gəl, bu gün cərəyan edən proseslərə baxanda görürük ki, o, haqlı imiş.

Həm də son illərə qədər bizim din adamlarının moizələrində açıq-aşkar İranın təsiri duyulurdu. Bu təsirsə nəinki ortodoksluğu ilə, hətta arxaikliyilə seçilirdi. Ona görə də bir daha deyirəm ki, sözümü qəribliyə salmayın.

Qeyd edilən üçlüyü həm də ABŞ-ın sanksiyaları da birləşdirir. Amma daha yaxşısı bu olardı ki, Tramp ABŞ siyasətindən getsin və Türkiyənin Rusiya və İranla bir cərgədə yer almasına ehtiyac qalmasın. Fəqət, o, da var ki, Tramp özü gəlib Ağ Evdə oturmayıb - onu amerikalı seçicilər bu məqama çatdırıblar. Bizim amerikalı seçicilərin nə düşündüyünü bilmək üçün yaxın vaxtlarda daha bir şansımız olacaq. Əgər amerikalı seçici bir daha D.Trampa dəstək verərsə, o halda həqiqətən də motal papaqlarımızı qabağımıza qoyub yaxşı-yaxşı fikirləşməyə ehtiyacımız olacaq...

11.09.2018 09:30
873