İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynalılar rus kilsəsindən ayrılırlar

2127 04.09.2018 09:40 Mənəviyyat A A

Rusiya Ukrayna üzərində daha bir rıçaqını itirir, pravoslav kilsəsi növbəti dəfə bölünür

Ukrayna Pravoslav kilsəsi müstəqil ola bilər. Yunanıstan patriarxı I Bartolomey Ukrayna Pravoslav Kilsəsinə otosefali (müstəqillik) verəcəyini açıqlayıb. Teleqraf.com xəbər verir ki, o, bu barədə Rusiya patriarxı Kirillə xəbərdarlıq edib.

Sayt yazır ki, Ukrayna Ortodoks Kilsəsinin baş yepiskopu Ustratius Yunanıstandakı Ukrayna kilsəsinə Rusiya yeparxiyasından ayrılmaq haqda fikirləşdiyini və İstanbuldakı görüşündə bu barədə Kirillə məlumat verdiyini deyib.

Məsələ ondadır ki, ukraynalıların Rus Pravoslav kilsəsindən ayrılması məsələsi yeni deyil. Bu günə qədər bir neçə dəfə ukraynalılar bu məsələni qaldırıblar. Ukrayna Ortodoks kilsəsi Rusiya Ortodoks Kilsəsindən ayrılmaq və müstəqil Ukrayna kilsəsinin qurulmasını istəyir. Hələ 2009-cu ildə Ukraynanın o zamankı prezidenti Viktor Yuşşenko ölkəyə səfər edən Rusiya patriarxı Kirillə görüşündə bu məsələni qaldırmışdı. Həmin vaxt ukraynalıların yarısı Rus kilsəsinin tərkibində qalmağı, yarısı isə ayrılmağı tələb edirdi.

Ukraynada növbəti kilsə müstəqilliyi tələbi 2014-cü il inqilabından sonra başlayıb. 2016-cı ildə Ukrayna parlamentinin millət vəkilləri mətbuat vasitəsilə Yunan Pravoslav kilsəsinə müraciət edərək Ukrayna kilsəsi üçün müstəqillik tələb edib. Ancaq həmin vaxt Yunan kilsəsi bu tələbə müsbət cavab verməyib. İndi isə növbəti dəfə Ukrayna Ali Radası da Yunanıstan yeparxiyasından Ukraynada müstəqil kilsə quruculuğuna kömək istəyib. Parlament artıq bununla bağlı qanun layihəsini də qəbul edib.

Rus Pravoslav kilsəsi ile ilgili görsel sonucu

Qanun layihəsinin qəbul edilməsi Rusiya və Ukrayna arasındakı diplomatik böhranı bir qədər də gərginləşdirib. Yunanıstan yeparxiyasının isə Ukraynanın təklifinə müsbət cavab verməsi xristian dünyasında çaxnaşmaya gətirib çıxarıb.

Məlum olduğu kimi, 1054-cü ildə xristian kilsəsi uzun illər davam edən münaqişədən sonra iki hissəyə ayrılıb. Qərbi Roma İmperiyasında yerləşən kilsə “Katolik” (tərcümədə ümumdünya dini - K.R.) adını alıb. Mərkəzi Bizans, ya da Şərqi Roma İmperiyasında yerləşən kilsə isə “Pravoslav” (Həqiqi din - K.R.) adını alıb. Pravoslav kilsəsi 1453-cü ildə Konstantinopol Osmanlı dövləti tərəfindən fəth edilənə qədər pravoslav kilsəsinin mərkəzi olub. Ancaq bundan sonra pravoslav kilsəsi bir neçə yerə bölünüb.

Mərkəzi Moskvada yerləşən Rus Pravoslav kilsəsi və Yunanıstanda yerləşən Pravoslav kilsəsi pravoslav, ya da başqa adla ortodoks kilsəsinin mərkəzi olmağa iddia edir. Görünür ki, indi də yunanların Ukrayna kilsəsinə müstəqillik vədi məhz Moskva və Yunan kilsəsi arasında rəqabətdən doğur.

1991-ci ildə SSRİ-nin dağılmasından sonra Ukrayna Ortodoks kilsəsi 3 yerə bölünüb. Bunlardan biri 1500-cü illərdən etibarən Moskva Patriarxlığına bağlı olan Kiyev Arxiyepiskopluğudur. Rusiyadan tamamilə ayrılmağı müdafiə edən ukraynalı din adamları isə müstəqil Kiyev Patriarxlığı və Ukrayna Otesefal Ortodoks kilsəsini qurub.

1992-ci ildən Ukrayna kilsəsinin müstəqillik tələbləri tez-tez gündəmə gəlsə də, Rusiya bu tələbləri yerinə yetirməkdən imtina edir. Ortodoks dünyasının qəyyumu iddiasında olan Rusiya Ukrayna kilsələrinin bu tələblərinin siyasi xarakterli olduğunu bildirir. Xüsusən də Ukrayna və Rusiya arasında son illərdə baş verən gərginlik təbii ki, din sahəsinə də öz təsirini göstərməliydi. İstənilən halda Ukrayna kilsə üzərindən Rusiyanın təsirindən xilas olmaq istəyir. Bu isə Rusiya pravoslav kilsəsi üçün ciddi bir zərbə ola bilər. Çünki məlum olduğu kimi, keçmiş ittifaq respublikaları içərisində ən çox pravoslav xristian Rusiyadan sonra məhz Ukraynada yaşayır. Ölkənin şərq hissəsi ümumi bölgüyə əsasən pravoslav hesab edilir. Qərbi Ukrayna isə ənənəvi olaraq katoliklərdən ibarətdir. Yeri gəlmişkən, hazırda pravoslavlar sayca 3-cü ən böyük xristian məzhəbi hesab olunur. Birinci yerdə katoliklər, ikinci yerdə isə protestantlar gəlir. Üstəlik, pravoslav kilsəsi katoliklərdən fərqli olaraq vahid mərkəzdə birləşmir. Hazırda bir neçə böyük pravoslav kilsə mərkəzi vardır. Onlardan biri də Moskvada yerləşən Rusiya Pravoslav kilsəsidir.

Heç şübhəsiz ki, Ukrayna kilsəsinin Rusiyadan ayrılması Rus Pravoslav kilsəsini xeyli zəiflədəcək. Eyni zamanda ruslar və ukraynalılar arasındakı bağa da ciddi zərbə vuracaq. Çünki siyasi düşmənçilik olsa da, dini-mənəvi bağlar qalırdı. Ancaq indi bu ayrılıq həm də düşmənçiliyin dini rəngini də gətirəcək. Bu hadisə həm də dinlərin müasir dövrdə siyasi hadisələrdə əsas iştirakçılardan biri olduğunu sübut edir.

Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR