“Türkiyə önümüzdəki 5 ili rahatlıqla keçsə, sonrası çox gözəl olacaq” - Azərbaycanlı AKP üzvü

Samir İsgəndər: “Xaricdən təzyiqlərin çox olmasına baxmayaraq, Rəcəb Tayyib Ərdoğan dik duruş sərgilədiyi üçün xalq ona dəstək verir”

Son zamanlar Qərbdən Türkiyəyə təzyiqlər artıb. Eyni zamanda, qardaş ölkədə yaşayan azərbaycanlıların da müəyyən problemləri yaranıb. Bu və ya digər məsələlərlə bağlı Türkiyədə yaşayan, hakim Ədalət və İnkişaf Partiyasının təmsilçisi olan Samir İsgəndərlə söhbət etdik. 

- Samir bəy, Türkiyədə prezident və parlament seçkilərindən sonra ümumi durum necədir?

- Hazırda burada dövlət özünü yeniləyir və yeni bir dövlət idarə sistemi qurulur. Bu, Türkiyə üçün qaçılmaz bir prosesdir. Xaricdən təzyiqlərin çox olmasına baxmayaraq, Rəcəb Tayyib Ərdoğan dik duruş sərgilədiyi üçün xalq ona dəstək verir. Türkiyə önümüzdəki 5 ili rahatlıqla keçirməyi bacararsa, sonrası çox gözəl olacaq.

- Türkiyə mövcud təzyiqlərdən qurtula biləcəkmi?

- Bizlər inanır və buna çalışırıq ki, Türkiyə bu təzyiqlərdən qurtulsun, az ziyanla çıxsın. Türkiyədə əsas problemlərdən biri içəridə olan xainlərdir, yəni Türkiyə əleyhinə işləyən insanlar. Əslində hazırda dövlət onları təmizləyir. Bu çox çətinliklərlə dolu bir sürəc olacaq, amma dik durmağa davam edərsə, tam qurtulub dünyanın əsas güclərindən olacaq.

- Hazırda qardaş ölkənin üzərinə Amerika başda olmaqla Qərb dünyası tərəfindən ciddi təzyiqlər var. Bunun əhalinin yaşayış durumuna və türk iqtisadiyyatına təsiri yüksəkmi?

- Bu təzyiqlərin əsas səbəblərinə baxmalıyıq. Bütün bu oyunlar Türkiyənin Amerikanın və Qərbin əsarətindən çıxmaq istədiyi, həmçinin böyük ölçüdə buna nail olduğu üçündür. Qısacası əmrlərinə itaət etmədiyi üçündür. Hazırda əhalinin yaşantısına və iqtisadiyyata çox da təsiri hiss edilməsə də, 2 aydan sonra təsiri hiss edilməyə başlayacaq. Amma oktyabrdan sonra dolları nisbətən endirəcəklərinə inanıram. Əgər bu edilməsə, o zaman 2019-cu il çox böyük sıxıntılarla dolu bir il olacaq.

“Fuad Muradov səmimi və diqqətcil bir insan olduğu üçün onun buradakı azərbaycanlıların inamını qısa müddətdə qazanaraq, sabahlarımız üçün böyük işlər görəcəyinə inanıram”

- Türkiyədən Azərbaycan və dünya necə görünür?

- Türkiyədən baxdıqda bütün dünyada böyük problemlərin olduğu görünür. Özəlliklə də keçmiş sovet ölkələri və islam ölkələrində. Dünyada bütün iplər qoparıldı və yeni bir vahid mərkəzdən idarəetmənin olduğu bir sistem qurulmağa çalışılır. Bu sistemin nə qədər uğurla qurulacağı isə 2020-ci ildə bilinəcək.

- Orada yaşayan azərbaycanlıların ümumi durumu necədir? Tətbiq olunan sanksiyaların onlara da təsirləri varmı?

- Burada yaşayan azərbaycanlıların əslində durumu öncələr olduğu kimi, indi də xoş deyil. Dünyanın digər ölkələrində olduğu kimi buradakı azərbaycanlılar arasında da birlik, bərabərlik olmamaqla bərabər, bəzi neqativ halların çox olduğunu açıqca görmək olur. Əsasən çörəyini qazanmağa gələnlər və heç bir şeyə qarışmayanlar daha çox üstünlük təşkil edir. Türkiyənin siyasi və sosial həyatında isə iştirakları çox azdır. Çox az sayda iş adamı deyiləcək Azərbaycan əsillilər var. Bunlar da artıq yox olmaq üzrədirlər. Ən qəribəsi də odur ki, bizi öz əlimizlə yox edirlər. Anma bizlər fərqində belə deyilik. Necə ki, bir zamanlar Telman İsmayılov və Mübariz Mənsimov iş adamlarının ön sıralarında var idi. Artıq sadəcə Mübariz Mənsimov var və onu da bu gedişlə ən uzağı önümüzdəki 2 il içərisində Telman İsmayılovun yaşadığı sonluq gözləyir. Bunun əsas səbəblərindən biri də, Azərbaycan və Rusiya ilə pisləşməkdə olan münasibətləri ilə bərabər, yaxın ətrafında olan insanlardır, mən belə deyərdim. Yaxın ətrafında olan insanlar onu uçuruma doğru götürür və buradakı digər azərbaycanlılardan qopararaq arada böyük bir divar hörürlər. Mübariz Mənsimovu yaxın ətrafı ilahiləşdirərək əlçatmaz biri halına gətiriblər. Hətta yaxın çevrəsində olanlardan daha çox “Palmali” Şirkətlər Qrupunda idarəçi olaraq işləyənlər yaxalarında “Palmali” emblemi ilə Türkiyədəki nazirlərdən daha havalı gəzərək, digər azərbaycanlılara yuxarıdan aşağı baxırlar. Söhbət etməyi bir tərəfə qoyaq, verilən salamı almağı belə özlərinə yaraşdırmırlar. Bu da Türkiyədə yaşayan azərbaycanlılarda Mübariz Mənsimova qarşı bir nifrət oyandırmaqla bərabər, milliyyətçilik görüntüsü də daxil olmaqla, bu günə qədər gördüyü bütün xeyriyyə işlərinin əslində sadəcə bir reklamdan ibarət olduğu düşüncəsini yaradır. Ümumiyyətlə, burada olan bir çox iş adamlarımız nəyəsə görə özlərini tez unudaraq öz həmvətənlilərimizdən qaçır və bir olmaq əvəzinə özləri- özlərinə böyük zərbələr vururlar. Halbuki ermənilər bir-birinə dəstək verərək hər sahədə bir-birinin irəli getməsi üçün hər şeyi edirlər, istər siyasətdə, istər ticarətdə, istərsə də digər sahələrdə. Bütün bunlar da təəssüf ki, bizlərdə milli duyğuların səmimi olmamasının başlıca göstəricisidir. Türkiyəyə gələn soydaşlarımız bir olmaq yerinə bir-birilərini pisləyərək, hətta daha da irəli gedərək yaşadığı ölkənin yüksək vəzifəli dövlət adamlarını təhqir edərək bizləri zəiflətməyə çalışırlar. Sualınızın qalan hissəsinə gəlincə deyə bilərəm ki, Türkiyəyə tətbiq olunan sanksiyaların hər hansı bir şəkildə burada yaşayan həmvətənlilərimizə təsir edəcəyinə inanmıram.

- Azərbaycan Diaspor Komitəsinin Türkiyədəki fəaliyyətini necə dəyərləndirirsiz? Qənaətbəxş saymaq olarmı?

- Əvvəlki rəhbərliyi dövründə Azərbaycan Diaspor Komitəsinin hər hansı bir ciddi fəaliyyətinin olduğunu bilmirəm, şahidi də olmamışam. Türkiyədə Azərbaycan deyildikdə sadəcə Qənirə Paşayeva tanınır, bilinir. Hazırda yeni səfirimiz Xəzər İbrahimov ilə bərabər səfirliyimiz də aktiv fəaliyyət göstərir, amma bir yerə qədər. Yeni komitə sədri Fuad Muradovun Türkiyəyə səfəri zamanı bu barədə geniş söhbətlərimiz oldu. Bir yol xəritəsi və iş planı hazırlandığını, sentyabrdan sonra işə başlanılacağını dedi. Fuad Muradov səmimi və diqqətcil bir insan olduğu üçün onun buradakı azərbaycanlıların inamını qısa müddətdə qazanaraq, sabahlarımız üçün böyük işlər görəcəyinə inanıram. Buna misal olaraq ilk öncə buradakı soydaşlarımızın ən böyük problemi olan şəxsiyyət vəsiqəsi və pasport işinin Fuad Muradovun sayəsində öz həllini tapdığını göstərmək olar. İnanıram ki, bundan sonra Diaspora Komitəsi hansı ideologiyaya sahib olmasından asılı olmayaraq bütün həmvətənlilərimizi qucaqlayan bir davranış nümayiş etdirəcək.

“Mübariz Mənsimovu önümüzdəki 2 il içərisində Telman İsmayılovun yaşadığı sonluq gözləyir”

- Avropada “söyüş müxalifəti” adlanan qüvvələr peyda olublar. Fəaliyyətlərini isə bilməmiş deyilsiniz. Türkiyədəki azərbaycanlıların fəaliyyətlərini necə dəyərləndirərsiz? “Söyüş müxalifəti” ilə oxşarlıq təşkil edən məqamlar varmı? Belə fikirlər var ki, Azərbaycan hakimiyyətinə müxalif olub Avropaya üz tutanlar Türkiyəni təhlükəsizlik baxımından seçmirlər...

- Bilirsiniz, o “söyüş müxalifəti” dediyiniz insanları deyərdim ki, hamı gözəl tanıyır və həqiqətdə kim olduqlarını bilirlər. Söyməklə, təhqir etməklə mübarizə aparmaq mümkün olmayıb, olmayacaq da. Hər şey demokratik çərçivələr içində olmalıdır. Hər kəs hər kəsi sevə bilməz və dünyanın bütün ölkələrində neqativ hallar mövcuddur. Amma heç görmüsünüzmü hər hansı bir Avropa ölkəsində hansısa bir siyasi lideri və ya dövlətin önəmli şəxslərini çıxıb söysünlər? ‘Söyüş acizliyin və cəhalətin bir göstəricisidir. Türkiyədə də hazırkı Azərbaycan hökumətinə müxalif olan insanlar yaşayır. Amma sadəcə o insanların içindən mənəviyyatı, intellekti, dünyagörüşü yüksək olanları Türkiyədə qala bilir, digərləri isə kukla olmaq üçün Avropa ölkələrinə üz tuturlar. Elə cəsarətləri varsa, yaşadıqları Avropa ölkələrindəki erməni lobbiləri ilə mübarizə aparsınlar və ya hər hansı bir Avropa ölkələrindən birinin liderini söysünlər, görüm söyə bilirlərmi? Türkiyədə kimisə söyüb təhqir etdikdən sonra sərbəst gəzə bilməzsən. Bu, əslində Avropada da belədir. Elə cəsarətlidirlərsə, hər hansı bir Avropa liderinə və ya tanınmış ermənilərdən birini söysünlər. Amma düşünmürəm ki, həmin insanlarda o cəsarət olsun.

- Amerikanın qardaş ölkənin üzərinə hücumu daha çox Rusiya ilə yaxınlaşması ilə əlaqələndirilir. Xüsusilə keşiş Bransonun həbsdə saxlanılmasının doğru olmadığı yönündə fikirlər də az deyil. Necə düşünürsünüz, qeyd etdiklərim olmasaydı, yenə də bu cür hücumlar olacaqdı?

- Bəli, Rusiya faktoru var, həm də çox böyük bir faktordur. Amma burada görünməyən bəzi hallar da var. Məsələn, Türkiyə son zamanlarda Türk-İslam Birliyi adı altında həm türk dünyasını, həm də müsəlmanları bir yerə yığaraq Böyük Türk Birliyi qurma yolunda irəliləyir. Ərəb dünyasını birləşdirməyə nail ola bilməsə də, türk dünyasını birləşdirmə yolunda xeyli yol qət etdi. Türkiyə Türk Dünyası Birliyinin qapısını açaraq, bu birliyi qura biləcək tək ölkədir. Burada Türk dünyasına açılan qapı isə Qazaxıstandır. Amma bu qapının açarı Azərbaycandır. Burada ən başda Türkiyənin üzərinə Qərb dünyası daha çox gəlir. Türkiyə sadəcə Türk Birliyi desəydi, bu gözlənilən effekti verməzdi. Çünki türklərin böyük bir hissəsi müsəlmandır. Bu zaman da din adı altında bu birliyin qarşısı alınacaq. Amma Türk-İslam Birliyi dedikdə buraya başqa dinlərdən olan türklər də daxil olur və hər kəsi qucaqlayır. Bu üzdən bu gün hədəfdə əslində tək Türkiyə deyil, Azərbaycan, Qazaxıstan da var. Hətta sonrakı addımlarda bu qapının ilk açılacağı ölkələr Özbəkistan və Türkmənistan da olacaq.

Türkiyə bu birliyə nail olmaq istəyirsə, Amerika və Qərb ilə deyil, məhz Rusiya ilə müttəfiq olmalıdır.

Keşiş Branson məsələsi tam başqa bir məsələdir. Onun agentlik fəaliyyətləri tamamən sübut olunub. Bunu Amerika və Qərb də gözəl bilir. Sadəcə, bunu əllərində bir bəhanə kimi istifadə edirlər. Branson olmasaydı belə başqa bəhanələrlə bu hadisələr və basqılar olacaqdır. Diqqət edərsinizsə, sadəcə keşiş Bransonun həbsdən azad edilməsini istəmirlər. Keşişlə birlikdə 15 iyul çevrilişində aktiv olanları və FETÖ terror qruplaşmasında aktiv olan agentlərinin də həbsdən buraxılmasını istəyirlər. Həmçinin, Rusiya və İranla bütün münasibətləri də kəsməyi tələb edirlər. Bütün bu səbəblərdən dolayı hər zaman olduğu kimi yenə də Qərb və Amerika bir səbəb taparaq haqlı çıxmağa çalışacaqdır.

Son olaraq bir şeyi də vurğulamaq məncə tam yerinə düşərdi. Almaniya kanslerinin Azərbaycana son gəlişi boşuna deyildi. Azərbaycandan istənilən, əsas tələblərdən biri də Türkiyə ilə münasibətləri ola bildiyi qədər minimal səviyyəyə endirmək və hətta tam soyutmaq idi. Bu baxımdan Azərbaycana yumşaq təhdidlər ola bilər. Azərbaycanla Türkiyə ətlə dırnaq kimi olduğu üçün inanmıram ki, hər hansı bir soyuq münasibətlər olsun. Bu üzdən də oktyabrdan sonra müxtəlif formalarda Azərbaycana qarşı olan təzyiqlər açıq şəkildə hiss ediləcək.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

30.08.2018 10:10
12416