İnsanlara hürriyət, millətlərə istiqlal!

Saxta dindarları kim və necə müəyyənləşdirir...

1204 19.07.2018 09:20 Mənəviyyat A A

Komitə rəsmisi: “Özünü din xadimi kimi qələmə vermək və ayinləri icra etmək də qeyri-qanunidir”

Azərbaycanda son bir ildə 41 saxta din xadimi aşkarlanıb. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu günlərdə mətbuata açıqlamasında bildirib. Qurum sədri qeyd edib ki, 2017-2018-ci ilin may ayınadək komitənin mərkəzi aparatı və bölgə əməkdaşları tərəfindən Azərbaycan İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri ilə həmin şəxslər barəsində protokol tərtib edilərək müvafiq qərar çıxarılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Tərtib edilən protokollardan 35-i əsasında məhkəmə tərəfindən inzibati məsuliyyətə cəlb olunmaları barədə qərar çıxarılıb (1 protokol barəsində isə şifahi xəbərdarlıq olunub), 6-sına xitam verilib, həmin protokollar nəticəsində ayrı-ayrı şəxslərə ümumilikdə 52 950 manat cərimə tətbiq edilib.

Bəs saxta dindar dedikdə kimlər nəzərdə tutulur? Dindarların saxta olub-olmaması necə müəyyən edilir?

Mövzu ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə “Yeni Müsavat”a açıqlama verib:

“Müstəqilliyimizi qazandıqdan sonra din sahəsindəki kadr çatışmazlığının aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Ali təhsilli kadrların yetişdirilməsi üçün Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Bakı İslam Universiteti və Bakı Dövlət Universitetində İlahiyyat fakültəsi açılıb. Ölkə prezidenti İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradılıb və Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi  onun strukturuna daxil edilib. Eyni zamanda orta ixtisas təhsilli kadrların yetişdirilməsi məqsədilə 2017-ci ildə 10 İslam kolleci yaradılıb. Bununla da din sahəsində yerli kadrların hazırlanması potensialı artırılmaqla yanaşı milli və dini təhlükəsizliyin qorunması istiqamətində mühüm addımlar atılıb. Yeri gəlmişkən, qeyd etməliyik ki, din xadimlərinin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) iştirakı ilə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən mütəmadi olaraq attestasiya keçirilir. Attestasiyada müvəffəqiyyət qazanmış şəxslər QMİ tərəfindən ölkədəki məscidlərə imam, imam müavini və mütəvəlli təyin olunurlar. 2018-ci ilin aprelində isə rəsmi statusa malik din xadimlərinə DQİDK-nın tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən maddi dəstək verilir”.

Cahandar Əlifzadə hansı din xadimlərinin İslam dininə aid ayin və mərasimlər  buraxıla biləcəyindən də söz açıb:

“Bu məsələyə gəlincə, bu anlayış və onun fəaliyyəti istiqaməti, ümumiyyətlə, peşəkar dini fəaliyyətlə bağlı normalar ”Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda öz əksini tapıb. Belə ki, qanunun 4-cü maddəsinə əsasən peşəkar dini fəaliyyət dini tərbiyəyə və dini təhsilə, dindarların dini tələbatının ödənilməsinə, dinlərin yayılmasına, dini ayinlərin icrasına, moizələrin (xütbələrin) oxunmasına, dini qurumun inzibati və təşkilati idarəetməsinə yönəlmiş fəaliyyət növüdür. Din xadiminin isə peşəkar dini fəaliyyətlə məşğul olan dini ali və orta ixtisas təhsilli şəxs olduğu açıq şəkildə bəyan edilib. Həmçinin qanunun 2-ci maddəsinin III abzasında bu məsələ daha da konkretləşdirilib. Burada İslam dininə aid ayin və mərasimlərin aparılmasının yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə biləcəyi, xaricdə dini təhsil almış Azərbaycan Respublikası vətəndaşları Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla İslam dininə aid ayin və mərasimlərin aparılmasına buraxıla bilinəcəkləri qeyd olunub.

Qanunun bu müddəalarının həyata keçirilməsinə nəzarət məqsədilə Azərbaycan Respublikasının İnzibati Xətalar (İXM) və Cinayət Məcəlləsində (CM) maddələr öz əksini tapmışdır. İXM-in 515-ci maddəsi (Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması) və CM-in 168-1-ci maddəsinə görə (Dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma) “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması inzibati məsuliyyətə səbəb olur və cinayət tərkibi yaradır".

Komitə əməkdaşı 41 saxta din xadimi məsələsi haqqında isə bunları bildirib: “2017-2018-ci ilin may ayına kimi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mərkəzi Aparatı və bölgə əməkdaşları tərəfindən ümumilikdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) müxtəlif maddələri ilə ümumilikdə 41 protokol tərtib edilərək müvafiq qərar çıxarılması üçün aidiyyətı məhkəmələrə göndərilib. Həmin protokollardan 34-ü İXM-in 515.0.2 maddəsinə, yəni dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilən qaydaların pozulmasına görə tərtib edilib.

Nəticə olaraq qeyd edirik ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda, o cümlədən digər qanunvericilik aktlarında din xadimləri üçün müəyyən olunmuş normalara zidd dini fəaliyyət qeyri-qanunidir. Eyni zamanda QMİ-nin təşkil etdiyi attestasiyadan keçməmiş və rəsmi olaraq hər hansısa dini vəzifəyə təyin olunmamış, lakin özünü din xadimi kimi qələmə vermək və ayinləri icra etmək də qeyri-qanunidir və bir növ saxtakarlıqdır".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR