Sahibkara "ilişən" baş redaktor və 3 xanım əməkdaşına hökm oxundu

Əxlaqsızlıq yuvası olduğu dedikləri obyektin sahibindən hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən jurnalistlərin məhkəməsi keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində millitv.az saytının baş redaktoru Rövşən Qasımov, saytın əməkdaşları Elmira Məmmədova, Natavan Mehdiyeva və Yeganə Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror Rövşən Qasımovun 7 il, Yeganə Əhmədova, Elmira Məmmədova və Yeganə Əhmədovanın 5 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib. Prokuror təqsirləndirilən şəxslər barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbirinin dəyişdirilməsini və onların həbs edilmələrini istəyib.

Məhkəmə prosesində zərərçəkmiş Şirin Abdullayev də iştirak edib. Prokurorun çıxışına münasibət bildirən Abdullayev heç bir şikayət və tələbinin olmadığını deyib. O, təqsirləndirilən şəxsləri bağışladığını və onların həbs edilməmələrini istəyib.

Prosesin davamında təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı edib.

Vəkillər bildiriblər ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərin hüquqları kobud şəkildə pozulub. Müdafiəçilər bildirib ki, məhkəmə istintaqında bu qanunsuzluqlar aşkara çıxarıldı və sübuta yetirildi.

"Təqsirləndirilən şəxslərin əməli şantaj edərək pul tələb etmə kimi qiymətləndirilib. Amma onlar zərərçəkmiş Şirin Abdullayevi rüsvayedici məlumatlarla şantaj etməyiblər. Onlar masaj salonunda olan əxlaqsız hərəkətlər barədə reportaj hazırlayıblar. Daha sonra məlumat saytlarda yerləşdirilib. Hətta onlar bu barədə polisə də məlumat veriblər. Əgər yazdıqları yazını mətbuata çıxarırlarsa, hansı şantajdan və pul tələb etməkdən söhbət gedir? Əgər onların şantaj edib, pul tələb etmək niyyətləri olsaydı, niyə məlumatı dərc edirdilər, polisə məlumat verirdilər? Bu, absurd ittihamdır. Yazı dərc ediləndən sonra görüşüblər, onlara pul təklif edilib ki, yazı silinsin. Bu isə cinayət deyil. Heç olmasa dələduzluq ittihamı versəydilər, mübahisələndirmək olardı. Verilən ittiham əsassız olduğu üçün təqsirləndirilən şəxslər barəsində bəraət hökmü çıxarılmalıdır"- deyə vəkillər müdafiə çıxışlarında qeyd ediblər.

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən Rövşən Qasımov 6 il, digər üç qadın barəsində 5 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onlar barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib və həbs edilməyiblər.

İttihama görə, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı millitv.az saytının baş redaktoru Rövşən Qasımov, saytın əməkdaşları Elmira Məmmədova, Natavan Mehdiyeva və Yeganə Əhmədova Binəqədi rayonunda yerləşən “Qədim Qəbələ” restoranında iş adamı Şirin Abdullayevin barəsində rüsvayedici məlumatlar yaymamaq üçün 3 min manat alan zaman saxlanılıblar.

Təqsirləndirilən Rövşən Qasımov əvvəllər Milli Məclisin mətbuat xidmətinin əməkdaşı olub. Rövşən Qasımov ifadəsində elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O, 2016-cı ildə saytı təsis etdiyini deyib: "Bu saytı yaratmağı Natavan Mehdiyeva təklif etdi. Yeganə xanım mənə dedi ki, qadınları cinsi istismara məruz qoyan əxlaqsızlıq yuvası var. Bu yerin rəhbəri də Şirin adlı şəxsdir. Dedi ki, biz bu problemi yazıb, bu kimi yerlərin fəaliyyət göstərməsinin qarşısını alaq. Sonra biz çəkilişlə gəldik, həmin məkanda çəkiliş apardıq. Şirin Abdullayevə məxsus olan obyektə müştəri kimi yaxınlaşdım. Orada 30 manat müqabilində mənə qadınla intim münasibətdə olmağı təklif etdilər. Biz bu faktları qeyd etdik və bu sübutları polisə təqdim etdik”.

Rövşən Qasımov qeyd edib ki, çəkiliş aparan zaman Toğrul adlı şəxs onlara yaxınlaşaraq çəkiliş aparmamasını və bu barədə polisə məlumat verilməməsini istəyib: "Ancaq biz onu eşitmədik, yenə də polisə gedib məlumat verdik. Bir gün sonra Şirin adlı şəxs mənə zəng edib və bu məsələ ilə bağlı görüşüb, danışmağı təklif etdi. Şirin Abdullayev gecə zəng elədi. Mən Elmira xanımla onun görüşünə getdik. Görüşə Toğrul və Şirin gəldi. Şirin dedi ki, əməliyyat olunmuşam, vəziyyətim yaxşı deyil, çəkilişi efirə verməyin, polisə şikayət etməyin. Bizə söz verdi ki, ayın sonunda həmin obyekti bağlayacaq. Bizim söhbətimiz yekunlaşdı”.

Rövşən Qasımovun ifadəsinə görə, bir neçə gün sonra Şirin Abdullayev yenidən onunla birlikdə görüşüb və söhbət etməyi təklif edib: “Restoranda görüşdük, yemək yeməyə yeni başlamışdıq ki, polislər gəldi və bizi hədə-qorxu ilə pul tələb etməkdə ittiham edib, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar”.

İlkin Muradov,
Musavat.com

12.09.2018 15:49
554