İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəribə rəqslər edən dindarlar haqda bilmədiklərimiz

2585 26.07.2018 10:10 Mənəviyyat A A

Sufi zikrlərində rəqs hərəkətləri və hərəkət tempi coğrafi şərtlərlə əlaqədar olaraq dəyişir

Adətən sosial şəbəkələrdə tez-tez qəribə hərəkətlər edən dindarların videoları yayılır. Atılıb-düşən, dairə vurub oynayanlar dini geyimdə - əba və sarıqda olurlar. Bir qayda olaraq baxanlar onları tənqid edir. Dindar axı nədən rəqs edir, bu necə dindir?

Əslində isə heç nə yeni deyil. Sufi təriqətlərinin yaşı az qala İslamın özü qədərdir. Nəzəriyyə özü isə İslamdan da qədimlərə gedib çıxır. Qədim Şərq inancları, mistik və asketizm elementləri ilə İslam inanclarının birləşdirilməsindən yaranan və sonrakı yüz illərdə İslam dünyasının demək olar ki, bütün bölgələrinə yayılan sufizm xüsusən də mistizm ənənələrinin güclü olduğu Hindistan-Pakistan, İran, Anadolu, Misir kimi qədim mədəniyyət bölgələrində geniş yayılıb.

Bu gün daha çox müzakirə və mübahisələrə səbəb olan, İslamçılar tərəfindən “bidət” adlandırılan rəqs-səma hərəkətləri edən təsəvvüf cərəyanları əsasən hind yarımadasında, Türkiyədə və qismən Şimali Qafqaz, İraq, İran kimi bölgələrdə qalır.

Ən məşhur “rəqs” edən təsəvvüf cərəyanı Mövləviyyədir. Mövləviyyə Mövlana (ağamız, rəhbərimiz) ləqəbli şair və sufi Cəlaləddin Ruminin (1207-1273) adı ilə bağlıdır. Mövlana əvvəllər kübrəviyyə təriqətinə mənsub idi, daha sonralar Şəms Təbrizi ilə tanışlığından ilhamlanaraq mövləviyyə məktəbinin əsaslarını işləyib-hazırladı. Ancaq Cəlaləddin Ruminin adı ilə yaradılan sufi təriqəti daha çox onun oğlu tərəfindən formalaşdırılıb.

Mövləviyyə təriqəti ile ilgili görsel sonucu

Mövləviyyə təriqətində ilahi eşq ideyası əsas yerdə durur. Allaha yaxınlaşmağın yolu bütün dünya qayğılarından xilas olub, vəcd (trans) halına düşməkdədir. Buna nail olmaq üçün mövləvi dərvişləri sima adlı ayindən istifadə edirlər. Sima  - ney və daha bir neçə köməkçi alətin müşayiəti altında dərvişlərin dəqiq trayektoriya üzrə fırlanaraq hərəkət etmələrinə deyilir. Bu hərəkət zamanı dərvişlər sanki kosmosun səsini eşitdiklərini təsəvvür edirlər (“sima” sözünün ərəb dilindən tərcüməsi “eşitmə” deməkdir).

Şazəliyyə təriqəti daha çox Şimali Afrikada - Əlcəzair, Tunis, Misir kimi ölkələrdə geniş yayılıb. Ancaq Şimali Afrikada məşhur sufi təriqətləri olan Qədriyyə, Rəhmanilik, Ticanilik də tərəfdar toplaya bilib.

İranda hər nə qədər sufilik zəifləsə də, irfan adlanan təsəvvüf və fəlsəfə birliyini təcəssüm etdirən təsəvvüf cərəyanları çoxdur. Nurbaxşiyyə, Ərdəbiliyyə, daha əvvəl Səfəviyyə kimi təriqətlər geniş yayılıb.

Sufi təriqəti ile ilgili görsel sonucu

Hindistan və Pakistan coğrafiyasında isə ənənəvi sufi təriqətləri olan Qədriyyə, Sührəvərdiyyə, Kibrəviyyə, Qələndərilik və qismən də olsa Nəqşibəndilik yayılıb. Son 100 ilin ən populyar sufi təriqəti isə Çeştiyyə təriqətidir.

Türkiyədə 2925-ci ildən sonra təriqət və təkkələr qadağan olsa da, xüsusən də kəndlərdə Ələvi-Bektaşi, Qızılbaş, Mövləvi, Nəqşibəndiyyə və Qədriyyə kimi tanınmış təriqətlərin və yeni dövrdə meydana çıxmış sufi camaatları mövcuddur.

Qeyd etdiyimiz kimi, rəqs şəklində zikr ayinləri əsasən Mövləviyyə təriqətində səma ayini şəklində, yəni dərvişlərin dairə vurması formasındadır. Bundan başqa, Qədriyyə təriqətində dərvişlərin dövrə vuraraq zikr oxumaları geniş yayılıb. Yeri gəlmişkən, zikr ayinləri sufi regionlara görə dəyişir. Məsələn, Şimali Qafqaz, əsasən Çeçenistandakı sufi təriqətlərinin zikrləri daha sürətli, hərəkətli olduğu halda Yaxın Şərqin qədri dərvişlərinin zikr ayinləri daha ağır və ahəstə olur. Bu isə müəyyən mənada coğrafi şərtlərin, xalqların mədəniyyətinin və adətlərinin dini rituallara olan təsiri ilə əlaqələndirilə bilər.

Eyni zamanda Ələvi-Bektaşi dərvişlərinin zikrlərində də təriqətin özünəməxsus rəqs formalı ayinləri olur. Ələvi-Bektaşi ayinləri daha ağır templə olduğu halda, məsələn, Hindistan-Pakistan, Əfqanıstan mərkəzli sufi zikrləri daha çılğın və hərəkətli olur.

Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR