“Qarabağda müharibə qaçılmazdır” - keçmiş döyüşçüdən proqnoz

ABŞ kəşfiyyatının müharibə xəbərdarlığını xarici və daxili ekspertlər təsdiqləyir; politoloq: “Ermənistanda Qarabağla bağlı kursun dəyişməsi inandırıcı deyil...”

Bir müddət öncə ABŞ Milli Kəşfiyyatından gələn Qarabağ müharibəsi xəbərdarlığı hələ də müzakirə predmetidir. Bu günlərdə rusiyalı ekspertlər də məsələnin dinc yolla tənzimlənməsinin mümkünsüz olduğunu söyləməklə vəziyyətin kifayət qədər kritik olduğunu təsdiqləyiblər.

Moskvadakı Siyasi və Hərbi Təhlil İnstitutunun direktor müavini Aleksandr Xramçixin konflikt ətrafında son durumu şərh edərkən deyib ki, əgər Azərbaycan öz ərazi bütövlüyünü bərpa eləmək üçün Qarabağa girsə, bu, ayrı anlam daşıyacaq, Ermənistana hücum isə təcavüz sayılacaq. Politoloq Qriqori Trofimçuka görə isə, Rusiya 2016-cı ilin aprelində özünü necə aparmışdısa, yenə elə aparacaq: “Yəni Moskva neytral mövqe tutaraq, heç kimin tərəfində münaqişəyə girməyəcək”. Rusiyalı ekspertlər hesab edir ki, nəticəsiz danışıqlar fonunda Azərbaycanın başqa yolu yoxdur: “O, heç olmasa, özünün ərazi bütövlüyünü bərpa eləməlidir. Bu, onun üçün, necə deyərlər, milli ideologiyadır”.

Qarabağ müharibəsi veteranı, keçmiş kəşfiyyatçı Rey Kərimoğlu “Yeni Müsavat”a açıqlamasında savaşı istisna etmədi: “Əvvəldən bilirik ki, Qarabağ problemi danışıqlar yolu ilə həll edilməyəcək. Çünki danışıqlar zamanı beynəlxalq güclər erməninin əlinə oynayır, işğalçıya "dur" demirlər. Ona qarşı heç bir sərt cəza və ya sanksiya tətbiq edilmir. Bu danışıqlar erməniyə vaxt udmaq üçün lazım idi. Onu da udub və udur. Erməni bu illər ərzində Azərbaycanın torpaqlarını istismar edib. Qızılını, digər faydalı materiallarını qazıb dünyaya satır. Daha nə qədər uzanmalıdır bu danışıqlar?! 2016-cı ilin aprelində baş verənlər göstərdi ki, problemin həlli danışıqlarla mümkün deyil. Hər an müharibə başlaya bilər. Bunu erməni də anlayır. Amma onların bütün hallar üçün variantları var. Bizim isə yoxdur. Yalnız müharibə! Uzun illər aparılan nəticəsiz danışıqların mənası yoxdur. Hər dəfə Ermənistan bu danışıqları pozur və məsələnin həllini uzadır".

R.Kərimoğlu bildirdi ki, müharibə qaçılmazdır: “Dövlət olaraq buna hazır olmalıyıq. Bizim üçün ciddi problemlər yaradan bütün hallar aradan qaldırılmalıdır. Çünki düşmənlə savaşda bizə ciddi maneə ola bilər”. Keçmiş döyüşçü ABŞ-ın Azərbaycana dəstək verməsini mümkünsüz sayır: “Unutmaq olmaz ki, Qarabağ problemini Rusiya yox, ABŞ, Qərb SSSR-ni dağıtmaq məqsədilə qızışdırıb yaratmışdı. Ermənilərə silah yardımı ABŞ-dan, Fransadan, Suriyadan gəlirdi. SSRİ dağılandan sonra isə problem qaldı Rusiyanın nəzarətində. Problemin həllindən danışanda bu amili unutmaq olmaz. Yəni Amerika bizə kömək edən deyil bu işdə”.

Ermənistanın martın 2-də seçilən prezidentinin Qarabağla bağlı hansı mövqedən çıxış edəcəyi də müzakirə mövzusudur. Maraqlıdır, yeni prezident Ermənistanı məhvə aparan siyasəti davam etdirəcək, yoxsa ağlını başına toplayıb daha normal mövqe sərgiləyəcək? Hər halda seçki günü Ermənistan  XİN başçısı E.Nalbəndyanın növbəti dəfə Dağlıq Qarabağın “öz müqəddəratını təyinetmə”dən imtina olunmayacağını deməsi müəyyən təxminlərə əsas verir.

Politoloq Arzu Nağıyev ile ilgili görsel sonucu

Politoloq Arzu Nağıyev əvvəlcə işğalçı ölkədəki seçkilərdən bəhs etdi: ”Gözlənildiyi kimi, Armen Sərkisyan Ermənistanın yeni prezidenti seçildi. Onun prezident kürsüsünə əyləşdirilməsi ilk növbədə Serj Sərkisyana lazım idi. Yəni həm qərbyönümlü bir şəxsin ölkənin birinci şəxsi olacağını mesaj kimi həm Rusiyaya, həm də Qərbə ötürmək idi. Burada da siyasi məqsəd ondan ibarət idi ki, Qərb də görsün ki, seçim üçün alternativ də var. Məlumdur ki, Sərkisyanın özünün də apreldə səlahiyyət müddəti başa çatır və baş nazir iddiasındadır. Təbii ki, bu da baş verəcək, çünki əsas vəzifə olan baş komandanlıq baş nazirə keçməlidir, idarəçi orqan isə parlament olacaq. Yəni bütün variantlar yenə də Serj Sərkisyanın üzərinə gəlir. Yeni seçilən prezident onun adamı olduğu üçün həyata keçirilən hər bir siyasi, iqtisadi və hərbi proseslər Serj Sərkisyanın istədiyi kimi olacaq".

A.Nağıyevə görə, təbii ki, bu siyasət Qarabağ münaqişəsinə də aid ediləcək: “Bir sözlə, kursun dəyişməsi heç də inandırıcı görünmür. Sərkisyanın xaricə son səfərləri və separatçılarla görüşlərdəki çıxışları bir daha bunu deməyə əsas verir. Başqa cür ola da bilməzdi, çünki əsas amil Dağlıq Qarabağ münaqişəsi, klanın hakimiyyətdə saxlanılması, separatçılara və təbii ki, erməni lobbisinə verilən müstəqillik sözləri idi. Burada Rusiya və Türkiyə faktoru da var, çünki Rusiya Sərkisyanı tam dəstəkləyir, Türkiyə ilə isə gərginlik öz pik nöqtəsindədir və burada da balans yaratmaq zəruridir. Bütün bunlara baxmayaraq, yaranmış ictimai-siyasi vəziyyəti dəyəndirsələr, erməni vətəndaşları üçün müəyyən güzəştlərə getmək, beynəlxalq iqtisadi layihələrdən kənarda qalmamaq üçün Armen Sərkisyan müəyyən islahatlara da getməli, Qarabağ münaqişəsində mühüm addımlar atmalıdır. Əks halda müharibə qorxusunun sovuşmaması onun hakimiyyət dövrünü qısalda bilər”.

E.PAŞASOY,
“Yeni Müsavat”

03.03.2018 09:50
2314