Prezident İlham Əliyev Paşinyanı ittiham etdi

Prezident İlham Əliyev sentyabrın 12-si Bakıda ATƏT-in baş katibi Tomas Qremingerlə görüşüb. Dağlıq Qarabağ münaqişəsindən söz açan İlham Əliyev qeyd edib ki, Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən münaqişənin həlli ilə əlaqədar verdiyi ziddiyyətli bəyanatlar təəccüb doğurur: “Xüsusilə “Azərbaycan qondarma “Dağlıq Qarabağ Respublikası” ilə danışıqlar aparmalıdır” tezisi qəbuledilməzdir. Bu onu göstərir ki, Ermənistan rəhbərliyi danışıqları pozmaq istəyir.

Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma “Dağlıq Qarabağ Respublikası”nın tərkib hissəsi olması kimi bəyanatları da qətiyyətlə rədd edir və ATƏT-i bu təhlükəli bəyanatlara reaksiya verməyə çağırırıq.

Azərbaycanda belə bir qənaət yaranıb ki, Paşinyan hər vasitə ilə danışıqlar prosesini pozmağa çalışır. Belə olan təqdirdə bunun bütün məsuliyyəti Ermənistan tərəfinin və şəxsən Paşinyanın üzərinə düşəcək”.

AZƏRTAC xəbər verir ki, İlham Əliyev Ermənistanda demokratiya adı altında insan haqlarının kütləvi şəkildə pozulduğunu vurğulayıb, ATƏT-i Ermənistan baş nazirinin siyasi rəqiblərinin həbsi haqqında verdiyi göstərişlərə, Ermənistanda yeni diktatura rejiminin yaranmasına biganə qalmamağa çağırıb.

Novator.az xatırladır ki, bu il mayın 8-dən Ermənistanın baş naziri olan Nikol Paşinyan bir neçə gün əvvəl Rusiyanın “Kommersant” qəzetinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsindən danışıb, sülh danışıqlarının dalana dirəndiyini vurğulayıb və bunda Azərbaycanı günahlandırıb: “Niyə danışıqlar dalana dirənib? Çünki Azərbaycan hərbi ritorikadan istifadə edir, Ermənistanı müharibə ilə hədələyir. Belə şəraitdə konstruktiv danışıqlar mümkün deyil. Danışmaq üçün atmosfer yaratmaq gərəkdir. Ermənistan buna hazırdır.

Danışıqların formatına gəlincə, mən Ermənistan adından danışıqlarda iştirak etməyə hazıram. Dağlıq Qarabağ xalqı adından isə danışa bilmərəm. Dağlıq Qarabağın öz hakimiyyəti, hökuməti, prezidenti var. Biz münaqişəni həll etmək istəyiriksə, danışıqların formatı düzgün olmalıdır, yəni Dağlıq Qarabağ sülh danışıqlarında tərəf kimi iştirak etməlidir”.

Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Azərbaycana qaytarılmasının mümkünlüyü barədə sualı cavablandıran baş nazir deyib: “Dağlıq Qarabağ Konstitusiyasına görə, həmin ərazilər Dağlıq Qarabağ ərazisidir… Tez-tez Ermənistanın güzəştlərə hazır olub-olmadığını soruşurlar. Heç kəs soruşmur ki, Azərbaycan güzəştlərə hazırdırmı. Azərbaycan kompromislərə hazırdırsa, biz də hazırıq. Hazır deyilsə, biz də hazır deyilik”.

1988-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat, hərbi təcavüz başlayıb. 1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağı (Xankəndi şəhəri, Şuşa, Xocalı rayonları tam, Xocavənd rayonu, keçmiş Ağdərə rayonu qismən) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonları tam, Ağdam, Füzuli, Cəbrayıl rayonları qismən), eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib.

Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi üçün 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ, Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.

Hazırda Dağlıq Qarabağ danışıqları Madrid prinsipləri əsasında aparılır. Minsk qrupu həmsədrlərinin – Rusiya, Fransa və ABŞ-ın 2007-ci ildə Madriddə irəli sürdüyü prinsiplər Dağlıq Qarabağ ətrafında olan rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılmasını; Dağlıq Qarabağa aralıq statusun verilməsini; Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılmasını; gələcəkdə Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyənləşməsini; bütün məcburi köçkünlərin və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnu və sülhməramlı əməliyyatlar da daxil olmaqla beynəlxalq təhlükəsizlik təminatını nəzərdə tutur.

12.09.2018 16:40
1347