PKK-çılar və QRU diversantı Qarabağda: Bakıdan reaksiya

Akif Nağı: “Yayılan xəbərləri sübuta yetirməyin yolu budur”

Türkiyənin Atatürk Universitetinin tarix üzrə elmlər namizədi Savaş Eyilmez Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində-Laçın və Kəlbəcərdə PKK düşərgələri qurduğunu bildirib. Professorun sözlərinə görə, Laçın və Kəlbəcərdə PKK düşərgələrinin olması “tam dəqiqdir”. Eyilmez deyib ki, Ermənistan 1992-ci ildən bəri öz torpaqlarını PKK düşərgələrinə açıb. Hazırda Gümrü, Spitak və Yerevan yaxınlığında ciddi terror düşərgələri mövcuddur. Eyni zamanda işğal etdiyi Azərbaycan ərazilərində də terror düşərgələrini uzun illərdir yaradıb.

Qeyd edək ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın müxtəlif ölkələrdən terrorçular yerləşdirdiyi, hətta terror qruplarının təlim düşərgələrinin yaradıldığı barədə informasiyalar, açıqlamalar indiyə qədər dəfələrlə yayılıb. Hətta Qarabağ savaşında Türkiyə, Livan və digər ölkələrdən erməni mənşəli PKK-çıların azərbaycanlılara qarşı döyüşlərdə iştirakını təsdiqləyən görüntülər də mövcuddur.

Azərbaycanın dövlət rəsmiləri də işğal olunmuş ərazilərimizdə ermənilərin terrorçular cəmləşdirdiyini, Dağlıq Qarabağ ərazisində narkotik və qanunsuz silah dövriyyəsi olduğunu dəfələrlə qeyd ediblər.

Bəs Azərbaycan vaxtaşırı yayılan bu kimi məlumatları dəqiqləşdirmək üçün və dəqiqdirsə, terrorçuların Qarabağda yerləşməsinin qarşısını almaq üçün nələr etməlidir?

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, PKK-nın Ermənitanla əlaqələrinə dair faktlar məlumdur, hətta Türkiyədə geniş yayılmış fikrə görə, PKK erməni terrorçular tərəfindən yaradılıb. PKK sıralarında ermənilərin olması zaman-zaman təsdiq edilib. Ona görə də işğal olunmuş ərazilərimzdə PKK düşərgələrinin salınması tam mümkündür: “Bu faktı yoxlamaq üçün Azərbaycan beynəlxalq qurumlara müraciət edə bilər və bunu maraqlı tərəf kimi Türkiyə ilə birlikdə etsə daha effektli olar. Amma bu müraciətə müsbət reaksiya veriləcəyinə ümid azdır. Bir sıra Avropa ölkələrinin PKK-ya dəstək verdiyi məlumdur, ona görə də onlar bu məsələnin araşdırılmasına imkan verməyəcəklər. Digər variant kimi, Türkiyə və Azərbaycan antiterror əməliyyatı keçirərək faktı yerində təsdiq edə bilər. Yayılan xəbərləri sübuta yetirməyin yolu budur. Beynəlxalq hüquq Azərbaycanın öz ərazilərində bu cür əməliyyat keçirməsinə tam imkan verir”.

Bu arada Rusiyanın çoxtirajlı “Arqumenti nedeli” nəşri Ukraynanın Donetsk vilayətində rusiyameylli separatçıların tərəfində döyüşən QRU diversantı Oleq Prizrak və bölüyü barədə yazı dərc edib. Virtualaz.org xəbər verir ki, nəşr öz məqaləsində Prizrakın dəstəsinin Ukrayna ordusuna və “Sağ sektor” könüllülərinə qarşı çoxsaylı diversiya əməliyyatlarından bəhs edir.

“Onlardan Ukrayna ordusu qorxur. Onlar Ukrayna silahlı qüvvələrinin mövqelərinə yaxınlaşır, sonra Ukrayna KİV-ləri hərbi texnikanın partladılması haqda xəbər yayır. Üstəlik, onlar düşmənin mövqelərindən onların bayraqlarını oğurlayır. Kinoda belələrini diversantlar adlandırırlar. Əslində isə onlar, sadəcə olaraq, kəşfiyyatçılardır”-qəzet Oleq Prizrak və dəstəsi barədə reportajına belə başlayır.

Prizrak növbəti reydlərindən birində “Sağ sektor” könüllülərinin mövqeyində hərbi texnikanı gizlicə minalayıb və onun dəstəsi 1 kilometr aralanandan sonra dalbadal partlayışlar baş verib. Bu vaxt Prizrak və adamları özlərinin saldığı meşə cığırı ilə geri qayıdırdı, çantalarında isə Ukraynanın və “Sağ sektor”un oğurlanmış bayraqları vardı. Diversantlar bu bayraqların yerində Rusiya bayrağını asmışdılar.

Prizrak və dəstəsi həmin reyddə az qala bir həftəyə yaxın Ukrayna mövqeləri yaxınlığında sürünüblər, maskalanmış texnikanı axtarıblar. Nəhayət, Ukrayna millətçilərinin mövqelərində dayanan müşahidəçilərin yatdığını görüb onların səngərlərinə daxil olublar. Bir BTR, iki BMP və bir tank minalanıb. Və diversantlar uzaqlaşandan sonra partlayışlar başlayıb.

Oleq Prizrak Donetskdə separatçıların tərəfində döyüşməyə yollanmazdan əvvəl daha iki yerdə olub, amma onların adlarını çəkmək olmaz. Çünki diversantın missiyası məxfi olub. Amma o, Dağlıq Qarabağda, Əfqanıstanda QRU xüsusi təyinatlı dəstələrinin tərkibində snayper kimi fəaliyyət göstərib, bunları gizlətmir. Deyir ki, Donbasa “könüllü kimi” gəlib. Rostovdan Ukrayna ərazisinə keçəndə orada Rusiyadan olan çoxlu “könüllü” ilə rastlaşıb. Separatçılar əlbəttə ki, Oleq kimi peşəkar diversantın imkanlarını layiqincə qiymətləndiriblər və onu kəşfiyyat rotasında bölük komandiri təyin ediblər. Və o vaxtdan Prizrak tez-tez Ukrayna ordusunun mövqelərinə reydlər həyata keçirib müxtəlif diversiyalar törədir.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

12.09.2018 08:35
1594