İnsanlara hürriyət, millətlərə istiqlal!

Öldürmə, boşan...!

2113 08.09.2018 16:55 Yazarlar A A

Azərbaycanda adına evlilik müəssisəsi deyilən ailə haqqında yanlış təsəvvür var. Mən o ağız deyəni qulaq eşitməyən şadlıq saraylarında 300-400 adamın çəkdiyi əziyyətdən danışmıram. Onsuz da hamı deyinə-deyinə, bəyənməyə-bəyənməyə bu zülmü mazoxistcəsinə çəkir və sadistcəsinə də hamıya çəkdirir. Sanki bir intiqam planıdır: “Mən sənin oğlunun toyunda kar olanda, köhnəlmiş salatları yeyəndə, keyfiyyətsiz araqlardan içəndə yaxşı idi? İndi sənin növbəndir” misalı. Hər bir fani bu acıyı dadacaq, başqa yolu yox! Amma hesab edək ki, toyu pis-yaxşı, “Henna Partisi” daxil, borcla-xərclə, toyda girov qalma hesabına birtəhər həll etdik. Ya sonra? Üç alma düşmür axı göydən...

Son illərin statistikası göstərir ki, ölkədə boşanmalar artan xətt üzrə davam edir. Zurna-balabanın səsi qulaqlardan getməmiş, mərəkə səsi aləmi bürüyür. 2016-da 2015-dən, 2017-də 2016-dan daha çox cütlük boşanıb. Maddi sıxıntı deyərik, anlaşılmazlıq deyərik, bədəbəddə internetin fəsadları deyib, bunun səbəblərini izah edərik. Boşanmaq da evlənmək kimi bir aktdır söyləyib, keçərik. İnsanlar bir yerdə zülm çəkməkdənsə, ayrı-ayrılıqda, yenidən xoşbəxt olmağa cəhd edəcəklərsə, bunun nəyi pisdir? Amma işin rəngi bu qədər parlaq deyil axı.

Kriminal xronikanı hər gün bu sayaq xəbərlər bəzəyir: “Boşanmaq istəyən arvadını öldürdü”, “Arvadının xəyanətini öyrəndi, tövlədə asdı”, “Boşandığı arvadını və qayınanasını yandırdı”... Bu və bunun kimi onlarla xəbər. İnsan dəhşətə gəlir.

Azərbaycanlılar niyə normal şəkildə, sivil qaydada boşanmağı bacarmır? Bu ölkənin məhkəmələrində digər işləri demirəm, boşanmanı ədalətli qaydada həll edə bilirlər axı. Yuxarıdan sifariş gəlmir, siyasi qorxu yox. Arvad kişidən boşanmaq istəyir, hakim də boşayır, alimentini müəyyənləşdirir və bitdi. Bunun nəyi çətindir? Bir ərizə, bir proses, sonra sən yoluna, o yoluna... Vəziyyəti dramatikləşdirmək nəyə lazım? Kim bu həyatı, bu günlərinizi “al, yenidən yaşa, daha öncə yaxşı yaşamadın” deyə sizə yenidən verəcək?

Boşanmanı təbliğ etmirəm əsla, yanlış anlaşılmasın. Amma boşanmaq əvəzinə, adekvat olmayan üsullardan istifadə edənlərə qarşıyam. Lap tutaq ki, variantların ən pisini yaşamısız: xanımınız sizə xəyanət edib, başqasına vurulub və sair və ilaxır... Ən böyük cəza nədir? İmtina, iqnor, unutma... Yoxluq, heçlik münasibəti göstərmək. Səni sevməyən, səni başqasına dəyişən adam üçün barmağını tərpətməyə dəyərmi? Dəyməz. Onda qala onu öldürüb, həyatını türmədə çürütməyə.

Ümumiyyətlə, heç kimə başqasının həyatını sona çatdırmaq haqqı verilməyib. Səbəb nə olursa olsun. Baxmayaraq ki, Azərbaycanda son illər törədilən qətllər bir qayda olaraq “uşaq oyuncağı” üstündə baş verir: “söydü, öldürdüm... “, “Yolda maşınıma yol vermədi, qabaqda düşdük, dava oldu, bıçaqla vurdum, sonra qanaxmadan öldü...” Üzqızardıcı hekayələr.
Baxırsan, adamlar ayrılıblar. Birinin bir həyatı, o birinin başqa həyatı, amma hələ də bir-birlərinin gününü zəhər etməklə məşğuldular. Azərbaycan indi “keçmiş ər” terroru yaşayır. Hansısa beyinsizlərə elə gəlir ki, bir neçə il birgə yaşadığı qadının yaşayış tərzinə cavabdehdir. Bir dəfə evlənibsə, bütün ömrü boyu onu təqib etməli, hərəkətlərini nəzarət altında saxlamalıdır. Nəymiş? “Öz namusunu qoruyurmuş”...

Birincisi və ən önəmlisi, kişinin namusu onun öz içindədir. Ləyaqətini satmayan, rüşvət almayan, başqalarına qarşı mərdimazarlıq etməyən, İNSAN kimi yaşayan hər kəs mənim aləmimdə namusludur. Namus, əxlaq bizim öz hərəkətlərimiz əsasında formalaşır. Ləyaqətimizi davranışlarımız, müxtəlif situasiyalardakı düzgün seçimlərimiz ərsəyə gətirir. İş prosesində rüşvət təklifi gəlir? İmtina edirsən! Kiməsə pislik edib, eqonu sığallamaq imkanı yaranır? Yox deyirsən! Başqasının haqqına girmirsən, malına göz dikmirsən... Düzgün olanı seçirsən, yaxşılığı təbliğ edirsən. Yoxsa ki, 21-25 yaşına qədər başqa birinin ailəsində tərbiyə almış, təhsil görmüş, səndən kənarda formalaşmış biri niyə gəlib birdən-birə sənin namusun olsun ki? Türməyə düşəndə səni qızıl taxtda kim oturdacaq ki? Ən yaxşı halda, içəridəki “qanuni oğrular”ın rəğbətini qazanacaq, ona çay daşımaq, yanında oturmaq imkanı qazanacaqsan. Nə böyük şərəf... Digər tərəfdən, münasibətlərdə bərabərlik demirik? Həmin məntiqlə əri tərəfindən xəyanətə uğrayan qadın niyə “namusumu zədələdi” deyib, əlinə bıçaq almalıdır? Axı onlar uzaqbaşı küsür, atası evinə gedir bir neçə günlük(aylıq), ya da məhkəmənin qapısını döyürlər...O zaman niyə ikili standart?

Kriminal xəbər siyahısında əri(keçmiş əri) tərəfindən döyülən, öldürülən qadın xəbərləri görməkdən bezdik. Gərçi, kriminal xəbərləri görmək də insana bir başqa ağrı verir. Amma vallah ki, başqa yol var. Şairlərin belə təsvir edə-edə bitirə bilmədikləri ayrılıq variantını da unutmayın. Ölüm sizi ayırmasa da olar. Bunun üçün Azərbaycan məhkəmələri qurulub....

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR