İnsanlara hürriyət, millətlərə istiqlal!

Narkomaniyanın yayılmasına səbəb nədir?

1813 28.08.2018 23:10 Sosial A A

Zülfiyyə Mustafayeva: “Narkomaniyanın yayılmasına səbəb kimi dolanışıq və işsizliyi irəli sürmək zəif arqumentdir”

 

2018-ci ilin yanvar-iyun aylarında Azərbaycanda qeydə alınmış 12 844 cinayət hadisəsinin 1813-ü və ya 14,1 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub.

 

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onların 58,2 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 33,2 faizini eyni hərəkətləri müvafiq qanunla müəyyən edilməyən qaydada satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə və satma, 6,5 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 2,1 faizini isə güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər təşkil edib.
Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətmiş 1227 nəfərin 87,2 faizini heç yerdə işləməyən və oxumayanlar, 38,4 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər təşkil edib. Cinayət törədənlərin 0,3 faizi yetkinlik yaşına çatmayanlar, 7,3 faizi 18-24 yaşlı, 13,3 faizi 25-29 yaşlı gənclər, 79,1 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.

 

2018-ci ilin yanvar-iyun aylarında müsadirə edilmiş 1441,9 kiloqram narkotik maddələrin 674,5 kiloqramını heroin, 508,8 kiloqramını marixuana, 198,9 kiloqramını tiryək, 44,4 kiloqramını həşiş, həşiş yağı və qətranı, 15,3 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.

Bütün hallarda, olduqca ilginc bir statistikadır. Azərbaycanda narkomaniyaya düçar olanların 87.2 faizi heç yerdə işləməyən və oxumayanlardır. Bəs bu statistika nədən xəbər verir, hansı nəticəni çıxarmağa səbəb olur? Narkomaniyanı yaradan amil işsizlikdir? Kasıblıq bu illətin insanlar arasında yayılmasına təkan verir?

 

“Yeni Müsavat” yazır ki, bundan bir neçə il öncə ölkə mediasında da Lənkərandan hazırlanmış reportajda bu məqam qeyd olunmuşdu. Lənkəran sakinləri bildirmişdi ki, işsizlik narkomaniya, oğurluq hallarının çoxalmasına, ailələrin dağılmasına səbəb olur.

 

Amma bu fikirlə razılaşmayanlar da var. İlkin rəylərə görə, narkotik almaq üçün ciddi şəkildə vəsait lazımdır. İşsiz adamın bu zərərli maddəni alması, ala bilməsi inandırıcı deyil. Digər tərəfdən, narkomaniyanı ancaq işsizliyin tətikləyəcəyi güclü arqument sayılmır.

 

“Hüquqi İnkişaf və Demokratiya” İctimai Birliyinin sədri Zülfiyyə Mustafayeva müsavat.com-a açıqlamasında bildirdi ki, işsizliyin narkomaniyanın artmasına səbəb olması fikrini qəbul etmir. Müsahibimiz öncə dedi ki, cənub bölgəsi hər zaman üçün bu problemin araşdırılmasında zona olub. Narkomaniyanın yayıldığı ən qaynar ocaqlardan biri də ölkənin cənubudur. Amma son illərdə Hacıqabul, Əli Bayramlı, İmişli, Salyan HİV-in yayılmasına görə cənubu kölgədə qoyur: “Narkotikin də yayılması bu zonalarda genişdir. Narkotikdən istifadə halları get-gedə gəncləşir. İlkin təcrübə, ilk istifadə faktı şagirdlər arasında, 13-14 yaşlarından başlanır. Bir neçə ildən sonra isə ağır narkotiklərə keçid baş verir”.

 

Zülfiyyə Mustafayeva ile ilgili görsel sonucu

 

Z.Mustafayeva hesab edir ki, narkomaniya maddi güzəran yox, sosial və davranış problemidir. Onun sözlərinə görə, “sosial problem” deyəndə təkcə dolanışıq nəzərdə tutulmur: “İmkanlı insanlar arasında da narkomaniya olduqca geniş yayılıb. Narkomaniyan valideynlərin nəzarətsizliyindən başlanır. Ailə, məktəbin nəzarətsizliyi, qadınların hüquqsuzluğu – bu üç amil problemin daha da böyüməsinə səbəb olur. Cənubda qadınların oxuması necə faizdir? Qadınları savadsız olan ailələrdə heç bir məlumatlandırma yoxdur. Uşaq hansısa zərərli çevrəyə düşəndə onu ordan çıxarmaq üçün ananın təfəkkürü, savadı nə dərəcədə yetərlidir? Qızların narkomanlara ərə verilməsi, daha sonra o qızların da narkomana çevrilməsi halları var. Ailələr narkotik istifadəçisi olan oğullarını evləndirirlər ki, sonuncu ailə-uşaq sahibi olub, bu vərdişdən əl çəksin. Halbuki hər şey əksinə baş verir. Kişi öz arvadına “sən qadınsan, narkotiki sən al” deyir. Qadın da bir neçə dəfə alandan sonra nəhayət əri ilə birgə ondan istifadə etməyə başlayır. Nəticədə daha bir nəfər zəhərlənir”.

 

Müsahibimiz bildirdi ki, narkomaniyanın yayılmasında işsizlik və dolanışığı irəli sürmək çox zəif arqumentdir. Ekspertin sözlərinə görə, münaqişə, kasıblıq dövründə insanlar narkomaniyaya sürüklənməyib: “Ölkənin bütün bölgələrində işsizlik ola bilər. Amma bu, o demək deyil ki, işsizlikdən hamı narkoman olmalıdır. Dünya təcrübəsində görünür ki, adətən kasıb ölkələrdə ucuz fahişəlik geniş yayılır. Hindistan, Tayland kimi ölkələrdə belə təcrübə özünü göstərir. İşsizliyin doğurduğu birinci nəticə qadın alverinin geniş yayılmasıdır”.

 

Sevinc TELMANQIZI,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR