İnsanlara hürriyət, millətlərə istiqlal!

KTMT-yə üzvlük məsələsi bitdimi?

952 12.09.2018 08:30 Gündəm A A

Politoloq: “Azərbaycan ictimaiyyətinin KTMT-yə üzvlük məsələsinə müsbət yanaşmadığı özünü göstərdi”

Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlük, bu mümkün olmayacağı halda ən azından müşahidə qismində üzvlüyü məsələsi bu yay ən çox müzakirə olunan mövzulardan biri oldu. Avqust ayında bu mövzu o dərəcədə aktuallaşmışdı ki, ölkəmizin bu hərbi ittifaqla bağlı qərar vermək üzrə olduğu təəssüratı yaranırdı. Lakin sentyabr ayı başlayandan KTMT mövzusu sanki arxa plana keçib. Diqqət çəkən məqamlardan biri də odur ki, Azərbaycan prezidentinin 1 sentyabrda Rusiyaya rəsmi səfəri zamanı prezident Vladimir Putinlə görüşdən sonra mətbuat üçün verilən açıqlamalarda KTMT barədə heç bir fikrə rast gəlinmədi. Bir sıra ekspertlər hesab edir ki, bu amil də KTMT məsələsinin gündəmdən çıxmasına səbəb olan amillərdən sayıla bilər.

Bu barədə “Yeni Müsavat”a şərhində politoloq Natiq Miri bildirdi ki, KTMT məsələsinin Azərbaycanda dövriyyəyə buraxılması həm ictimai rəyi yoxlamaq, həm Moskvaya verilən bir mesaj idi. Azərbaycan prezidentinin son Rusiya səfərindən sonra KTMT məsələsi demək olar ki, kənara qoyuldu: “Belə görünür ki, Rusiya Azərbaycanın KTMT-yə üzvlüyü və ya müşahidəçi statusda üzvlüyündən doğa biləcək nəticələrə o qədər müsbət yanaşmır. İkincisi, Azərbaycan ictimaiyyətinin KTMT-yə üzvlük məsələsinə heç də müsbət yanaşmadığı qısa müddətdə sosial mediada özünü göstərdi. Azərbaycanın onun torpağını işğal edən Ermənistanla hərbi ittifaqda ola bilməsinin mümkünsüzlüyü dəfələrlə bəyan edilib”.

Politoloq hesab edir ki, ola bilsin bir müddət sonra yenidən hansısa vədlər ortaya çıxsın və KTMT məsələsi aktuallaşsın. Ancaq bu az ehtimal olunandır. Ona görə də xeyli müddət üçün KTMT söz-söhbətini bitmiş saymaq olar. KTMT məsələsi uzun müddət müzakirə obyekti olmayacaq.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) 15 may 1992-ci il tarixində əsası qoyulmuş hökumətlərarası hərbi ittifaqdır.

1992-ci ildə Müstəqil Dövlətlər Birliyinə üzv olan altı postsovet dövləti olan Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi imzalayıblar. 2002-ci ildə isə həmin altı ölkənin razılığı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adı altında hərbi ittifaq təşkil olunub. Özbəkistan 2006-cı ildə yenidən KTMT-yə üzv olsa da, 2012-ci ildə təşkilatı tərk edib. Yeni yaradılmış təşkilatın baş katibi vəzifəsinə Nikolay Bordyuja təyin olunub. 23 iyun 2006-cı ildə Özbəkistan KTMT-nin tam hüquqlu üzvü elan olunub və 28 mart 2008-ci ildə özbək parlamenti üzvlüklə bağlı qanunu ratifikasiya edib. 2012-ci ildə isə Özbəkistan təşkilata üzvlükdən imtina edib. KTMT BMT Baş Assambleyasında müşahidəçi təşkilat kimi qeydiyyatdan keçib. KTMT-də “rotasiya qaydasında sədrlik” sistemi fəaliyyət göstərir ki, bunun da nəticəsində təşkilata rəhbərlik edən ölkə hər il dəyişir. Hazırda KTMT-nin baş katibi erməni general Yuri Xaçaturovdur.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR