Körpünün tikanları

“Bax, mən burada neçə-neçə illərimi məhv etmişəm.
Axı nə qədər mənim ruhum burada çürüsün?"
Sən nə yeni ölkə tapacaqsan, nə də yeni sahil.
Bu şəhər həmişə səni izləyəcək".
(Konstantinos Kavafis, “Şəhər” şeirindən, tərcümə Əli Novruzov)

Şəhərin təzə müdir əvəzi balkonlardan paltar asmağı qadağan etmişdir. İlk olaraq küçələrə tərəfki ipləri kəsirlər, ümid edək sonradan bütün iplər kəsilsin. Alqışlanası hərəkətdir. Çünki millət paltar iplərindən funksiyasına uyğun yararlanmırdı. Bəzən müxalifətə xoş gəlsin deyə özlərini asırdılar! Ayıb hərəkətlər edirdilər. O cümlədən, şəhərimizin nəğməli qonaqları balkonlardan asılan paltarların fonunda şəkil çəkdirə bilmirdilər. Bir dəfə isə dost və qardaş Burundi Cümhuriyyətinin prezidenti Pyer Nkurunziza ölkəmizə rəsmi səfərə gələrkən və gəzintiyə çıxarkən amansız xəzri küləyi paytaxt sakini Güllübəyim xalanın allı-güllü alt tumanını zivədən (paltar ipindən) qopararaq hörmətli qonağın başına keçirmiş, diplomatik qalmaqala səbəb olmuşdu. Bu baxımdan da paltar iplərinin kəsilməsi zəruri dövlətçilik tədbiridir, xarici siyasətimizdə müsbət saldo yaradacaqdır, balansı saxlamağa kömək edəcəkdir.

Sözgəlişi, mən anlamıram balkona eyvan deyəndə bu necə bizim sözə çevrilir; bunun birincisi fransız-alman, ikincisi fars köklüdürsə, niyə biz fars sözünü zorla götürməliyik. Onsuz millət hamısı elə balkon deyib durubdur. Ümid edək şəhər rəhbərliyini əvəz edən zati-aliləri lüğət tərkibi, danışıq dilimiz, orfoqrafiya və orfoepiya qaydalarına əncam çəkərkən bunu da unutmayacaqdır. Çün, eşitdiyimizə görə, müəllim paytaxtdakı yad dildə yazılan lövhələrə də müharibə elan edibdir. Əhsən! Tak derjat. Rus sektoruna axışan uşaqların qabağını almaq üçün sektorun tamamilə pullu elan edilməsi söhbətlərini də dəstəkləyirik. İnsan tupoy olmalıdırsa, qoy öz milli düşüncəsində tupoy olsun. Öz pomidorumuz, öz xiyarımız. Öz millətimin kanalizasiyası başqa millətin oranjereyasından irəlidir - rəhmətlik Etibar müəllim demişkən. Dədəm mənə oğul desə nə dərdim! Qazon olub stadionda bitərdim! Ki, xalqımız orada futbol oynasın. Nəsə, mövzudan uzaqlaşmayaq, qayıdıb görərik mövzunu qəzet qarışıq bağlayıb, qapısından qıfıl asıblar.

Şəhərdə aparılan yenidənqurma işlərindən bəhs edirdik. Məncə, paltar iplərini kəsəndən sonra şpilkaları (doğrusu, paltarı ipə bərkitmək üçün olan, bəziləri tərəfindən tutqac, ipəzor kimi dürlü adlar qoyulan bu işgəncə alətinin dilimizdəki adını bilmirəm) da yığışdırmaq lazımdır. Səbəbini mötərizədə yazdım, qayıdın təzədən oxuyun. Həmçinin paltarların balkonlarda ütülənməsi, balkonlarda samovar qalamaq, manqalda kabab çəkmək, özünü günə vermək, evin damına çıxıb intihar etmək, hamamda lüt çimmək, blokda gəyirmək, liftə piş eləmək, yataq otağında uzanmaq, mətbəxdə xörək hazırlanması kimi xalqımıza, paytaxtımıza xələl gətirən mənfi hallar yığışdırılmalıdır. Şəhərin təzə müdir əvəzi hara baxır? Özü də biz istəyirik elə bu adam axıracan müdir əvəzi kimi saxlanılsın, paytaxta heç bir müdir qoyulmasın. Çünki kreslonu tam əhatə edən andan bizdə məmurlar çaşırlar. Gərək bir az gözləri yol çəksin, həsrətli qalsınlar. Bir növ, süfrədən yüngülvari ac durmaq məsləhəti kimi. Həkimlər deyir, belə olanda adam gombullaşmır.

İntiharların qarşısını almaq üçün Koroğlu metrosu tərəfdəki məşhur asma körpünün (körpüyə “asma” deyirsən, bunlar səhv anlayır, elə bilir dövlət məsləhət görür özünü asmayıb ordan atasan) tikanlı məftillərlə əhatə edilməsi xəbərinə də şad olduq. Ta nə qədər intihar olardı orada... Birini Qənirə xanım xilas edirdi, o birini baş nazir Novruz müəllim, üçüncüsünü polis tuturdu... Nə qədər məsul vəzifəli şəxs həmin intihar körpüsü ətrafında girinc qalmışdı, öz işlərini görməyə vaxt tapmırdılar. AYB sədri Anar müəllim “Koroğluda körpüdən qoruyan” adlı roman yazırdı. İndi gedin körpüyə çıxın görüm necə çıxırsınız. Yiyəsiz görmüşdülər.

Tikanlı məftillərdən başqa, körpünün ətrafında istehkam qazılıb, su xəndəyi, odlu maye qazanları, atəş nöqtələri, minalanmış sahələr yaradılıb. Artıq heç bir zavallı vətəndaş dövlətçiliyə qəsd, özünə də sui-qəsd edə bilməz! Əsgərlərimiz, hüquq-mühafizə orqanlarımız intihar üçün körpüyə yaxınlaşan şəxsləri dərhal yaylım atəşi ilə yerindəcə məhv edirlər.

Sonra da belə hökuməti bəyənmirlər. Görün xalqı intihardan çəkindirmək üçün necə əziyyətə qatlaşırlar.

11.09.2018 09:20
1940