İnsanlara hürriyət, millətlərə istiqlal!

Klassik avtomobil həvəskarları: “UAZ”ı, “Volqa”sı, “06”-sı olan məşhurlar - FOTOSESSİYA

11042 28.08.2018 09:10 Reportaj A A

Tanınmışların bəziləri buna hobbi kimi baxır, bir qismi isə ona öyrəşib...

Avqustun 26-da Bakıda klassik avtomobillərin yürüşü və sərgisi keçirildi. Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə keçirilən yürüş Heydər Əliyev Mərkəzinin qarşısından start götürdü.  Yürüşdə 1980-ci ilədək istehsal olunmuş 100-dən çox avtomobil iştirak etdi ki,  onların da əksəriyyəti yürüş üçün qeydiyyatdan keçmiş şəxsi avtomobillər idi. Tədbirdə Heydər Əliyev Mərkəzində nümayiş etdirilən klassik avtomobil sərgisinin eksponatları olan nəqliyyat vasitələri də iştirak etdilər.

Yürüş-sərgidə “Ford Model A” (1930), “QAZ M 20 Pobeda” (1958), “Mercedes Benz SL 190" (1962), ”Ford Mustang" (1966), “Volvo 13134" (1966), ”VAZ 21011" - milis (1973), “BMW 3.0 CS Coupe (1974), ”Qaz 13"- Çayka (1975) və digər unikal avtomobil modelləri təqdim olundu.

Bu kimi sərgi Azərbaycanda ötən illərdə də keçirilib. Ötən il keçirilən yürüşdə Heydər Əliyev Mərkəzinin direktoru, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Azərbaycan Avtomobil Federasiyasının vitse-prezidenti, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, o zamankı təhsil naziri Mikayıl Cabbarov, tanınmış mədəniyyət və incəsənət nümayəndələri iştirak edib, klassik avtomobilləri idarə etmişdilər.

Azərbaycanda avtomobil həvəskarları daha çox yeni, müasir avtomobillərə üstünlük versələr də, əslində dünyada klassik avtomobillərə də maraq göstərənlər az deyil. Dünya ölkələrində bir çox məşhur insanların avtomobil parkında klassik avtomobillərə də yer verilib.

Məsələn, Facebook-un qurucusu Mark Zukerberq  bəllidir ki, gənc yaşda inanılmaz bir sərvət qazanıb. Lakin o, uzun müddət heç də baha sayılmayan “Acura TSX” avtomobilini sürüb.

Müğənni Koray Avcı əvvəllər 1976-cı ilə aid “Cadillac” markalı maşın sürürdü. Köhnə avtomobillərə marağı olduğunu deyən ifaçı kolleksiya toplayır. O, hətta adını simvollaşdıraraq maşın nömrəsi üçün KRY hərflərini alıb. Keçmiş futbolçu Tümer Mətinin də sarı rəngli “Chevrolet” markalı klassik avtomobili var. Məşhur türkiyəli aktyor Cem Yılmaz da klassik avtomobil sevdalısıdır. Türkiyəli aktyor Kıvanç Tatlıtuğun da 1970-ci il istehsalı olan   “Corvette”i var. Popçu Kənan Doğlunun isə indiyə qədər 8 klassik avtomobili olub. “Arkak sokaklar” serialından tanıdığımız Şevket Çoruh da klassik avtomobillərin həvəskarıdır. Onun 1962-ci il istehsalı olan  “Chevrolet Pick Up” marka avtomobili var.

Azərbaycanda isə məşhurlar yuxarıda da qeyd etdiyimiz kimi daha çox müasir avtomobillərə üstünlük verirlər. Ölkədə yalnız müğənni Cavanşir Məmmədov klassik avtomobili ilə gündəmə gəlib. Ümumilikdə isə bu müğənninin böyük və bahalı avtomobil parkının olduğu söylənilir.

Ölkədə siyasilərə gəlincə isə onların bəziləri hələ də köhnə avtomobilləri idarə edirlər. Məsələn, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu “UAZ 469"  (Villis) avtomobili sürür.

Politoloq Qabil Hüseynlinin isə 1994-cü il istehsalı olan “VAZ- 2106" markalı avtomobili var. Politoloq ”Yeni Müsavat"a bildirib ki, o, hazırda da bu avtomobili idarə edir:

“Demək olar ki, çox az istifadə edirəm. Ancaq bağa gedəndə, müəyyən işləri görən zaman onu idarə edirəm. Mənim üçün asan idarə olunan sərfəli maşındır. Özü də hər zaman saz vəziyyətdə saxlayıram. Əlbəttə ki, klassik avtomobillərin müəyyən çətinlikləri var. Ancaq cibinə görə davranmalısan. Gəlir səviyyəsi orta olan adamlar üçün məncə sovet dövrünün maşınları daha sərfəlidir. Adam var ki, köhnə maşınları yığırlar. Bu, başqa məsələdir və hobbidir. Mən isə sadəcə olaraq ayağımı yerdən götürmək üçün istifadə edirəm. Avtomobil bər-bəzək deyil, sadəcə hərəkə etmək üçün bir vasitədir. Məsələyə bu cür yanaşıram və pulum da olsa lüks avtomobil almaram. Müəyyən qədər sərfəli alman maşınlarına rəğbətim var. Ancaq əlim-ayağım öyrəşdiyi üçün bu avtomobili daha çox sevirəm”.

ADP sədri Sərdar Cəlaloğlunun da bir zamanlar sovet avtomobili olub. Lakin bildirib ki, hazırda həmin avtomobil onun özündə deyil:

“Məndə ”Qaz-21" olub, ancaq elə müharibə vaxtı qardaşıma vermişəm. Sonradan da yararsız vəziyyətə düşdü, daha istifadə edən olmadı. Avtomobilin neçənci il istehsalı olması yadımda deyil. Hesab edirəm ki, həmin avtomobillər indiki qədər komfortlu olmasa da, çox möhkəm idi. 10 dəfə divara dəyəndə heç bir yeri əzilmirdi. İndikilər isə belə deyil. Sürət, komfort baxımdan isə hazırkı avtomobillər daha yaxşıdır. Mən ümumiyyətlə, avtomobil həvəskarı deyiləm və maraqlanmıram. Mənim üçün sadəcə olaraq ayağımı yerdən götürən nəqliyyat vasitəsidir".

Əli RAİS,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR