İnsanlara hürriyət, millətlərə istiqlal!

İtirilmiş sülh fürsətləri, artan müharibə ehtimalı

1050 30.08.2018 08:40 KİVDF layihələri A A

Münaqişənin həll açarı hələ ki Moskvada qalır; Ankara onun işə salınması üçün Kremlə mühüm təsir imkanı qazana bilər; Türkiyə Bakıdan Ermənistana Qarabağ mesajı göndərdi: “Azərbaycanla birgəyik...”

Dağlıq Qarabağ məsələsinin ədalətli həlli üçün əsas qarantlardan biri də Azərbaycan-Türkiyə sarsılmaz ittifaqıdır. Bu ittifaq xüsusən də hərbi-texniki sahədə kifayət qədər möhkəm təməl üzərində qurulub. İki qardaş ölkə arasında qarşılıqlı hərbi yardım haqda anlaşma da mövcuddur ki, bu da ən əvvəl işğalçı Ermənistana və onun arxasında duran güclərə Azərbaycanın tək olmadığı haqda aydın bir ismarışdır.

Türkiyə dövləti bütövlükdə Qarabağ problemini öz problemi hesab edir ki, bu da yalnız qardaş dövlətə xas prinsipial mövqedir. Türkiyə rəsmiləri, başda prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, dəfələrlə bu mövqeyi bəyan ediblər. Onu da zaman-zaman bildiriblər ki, Azərbaycanın razı olmadığı sülh variantı ilə Ankara da barışmayacaq.

Bu mövqe növbəti dədə Bakıda Türkiyə Böyük Millət Məclisinin yeni sədri Binəli Yıldırımın dilindən sələndi. Türkiyə parlamentinin spikeri Bakı hava limanındaca bəyan elədi ki, Azərbaycan və Türkiyə iki dost ölkə, “bir millətin iki dövləti”dir və regional və beynəlxalq arenada problemlərin həllində birgə hərəkət edir. “Əminəm ki, bu səfər bizim əlaqələrimizin daha da inkişafına yeni impuls verəcək”, - deyə o qeyd edib.

*****

Təbii ki, Binəli Yıldırım regional problemlər deyəndə Qarabağ məsələsini də nəzərdə tutur. Bu məsələdə Azərbaycan-Türkiyə siyasi-hərbi tandemi heç vaxt olmadığı qədər ağırlıq kəsb etməkdədir. Bu faktorla yanaşı, işğalçı Ermənistanı narahat edən digər amillər ölkəmizin artmaqda olan hərbi qüdrəti və Ankaranın son illər Rusiya ilə - düşmən ölkənin əsas hərbi-siyasi müttəfiqi ilə əlaqələri daha yüksək səviyyəyə qaldırmasıdır.

Ä°lgili resim

Özü də Ankara-Moskva əməkdaşlığı getdikcə Rusiyanı Türkiyədən daha çox asılı edir, nəinki əksinə. Söhbət həm də Kremlə qarşı ilbəil ağırlaşan beynəlxalq sanksiyalardan gedir. Bu vəziyyətdə sanksiyalara qoşulmayan Türkiyənin Moskva üçün dəyəri artır ki, azalmır. Bu isə qardaş məmləkətin Rusiya yanında söz sahibliyinin də artması deməkdir.

Prosesi sözsüz ki, Ermənistanın yeni rəhbərliyi, baş nazir Nikiol Paşinyan da izləyir və müvafiq nəticələr çıxarır. Erməni tərəfi narahatdır ki, günün birində Rusiya-Türkiyə əlaqələri o dərəcədə sıxlaşa bilər ki, Dağlıq Qarabağ məsələsində  Ankara və Moskva hansısa ortaq məxrəcə gələ və İrəvana təzyiq edə bilər.

Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Moskva-İrəvan əlaqələrində məlum səbəblərdən yaranan və get-gedə güclənən soyuqluq rəsmi İrəvanın təlaşını bir az da artırır. İrəvanda ehtiyat edirlər ki, Moskva “sözə baxmayan” Paşinyan iqtidarını cəzalandırmaq üçün “Qarabağ kartı”ndan da yararlan bilər.

Bu üzdən Ermənistanın yeni rəhbərliyi altdan-altdan özünə Qərbdə alternativ “təhlükəsizlik çətiri” axtarmağa başlayıb. Lakin bunun özü də Ermənistan üçün böyük riskdir. Ən azı ona görə ki, Rusiya de-fakti bu psevdo-dövlətin varlıq qarantıdır və rusiyalı tanınmış politoloqlar da dəfələrlə xəbərdarlıq ediblər ki, Rusiya “əlini” Ermənistan üzərindən çəksə, “Ermənistan” olmaz. Demək, Qarabağ problemi, işğal da olmaz.  

*****

Buradan çıxan əsas qənaət belədir ki, Dağlıq Qarabağ ixtilafının həlli hələ ki, Rusiyadan asılı olaraq qalır. Yəni problemin çözümü üçün Bakı ilk növbədə Moskva ilı anlaşmalı olacaq. Belə bir anlaşma qardaş Türkiyənin sayəsində yaxınlaşa bilər - Rusiya ilə Türkiyənin güclənən iş birliyi bu yöndə nikbinliyi artırır. Doğrudur, prezident Ərdoğan bir dəfə buna cəhd eləsə də nəticə olmayıb. Lakin siyasətdə heç vaxt “heç vaxt” demək olmaz. Necə deyərlər, “dünən dünəndir, bu gün də - bu gün”.

Zaman isə gedir. Sabah 2018-ci ilin 8-ci ayı da tarixə qovuşacaq - Qarabağ nizamlanması üçün növbəti itirilmiş ay, şans kimi. Hər itirilmiş sülh şansı isə sövq-təbii müharibə ehtimalını gücləndirir. Bunu Moskvada da bilməmiş deyillər. Onu da bilməmiş deyillər ki, Azərbaycan sonsuzadək atəşkəsə, işğal rejiminə dözmək niyyətində deyil. Azərbaycanla Ermənistan arasında yeni müharibə isə Türkiyə-Rusiya əlaqələri üçün də böyük risk yaradacaq.

Sözsüz ki, Rusiya ermənilərə və onların əsasız torpaq iddialarına görə bölgənin iki böyük dövlətini - Türkiyə və Azərbaycanı itirmək istəməz. Xüsusən də sanksiyalar rejimində Kreml Türkiyə ilə mühüm önəm kəsb edən iqtisadi əlaqələrin korlanmasını arzulamaz. Demək, Moskvanın ilk növbədə öz maraqlarını nəzərə alaraq, Qarabağ probleminin həllində real təşəbbüslə çıxış etməsinin, moderatorluğunun vaxtı çatıb. Bunu o, indi də eləməsə, ola bilsin, bir daha belə fürsət əlinə düşməsin.

qarabağ müharibəsi ile ilgili görsel sonucu

Bəs Rusiya qərar verəcəkmi, danışıqlar prosesinin konstruktiv məcrada canlanması üçün diplomatik həmləyə başlayacaqmı? Bunu yaxın aylarda və işğalçı Ermənistanda gedən proseslər fonunda görəcəyik.

*****

Bu arada “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” və “GUAM məkanında dondurulmuş münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün fəsadları” adlı qətnamə layihələri BMT Baş Assambleyasının 73-cü sessiyasının ilkin gündəliyinə daxil edilib (Report). Qətnamə layihələri assambleyanın 72-ci sessiyası zamanı müzakirə olunmadığından, növbəti toplantının gündəliyinə müvafiq olaraq 41 və 35-ci bəndlər altında salınıb.

Qarşıdakı sessiyanın gündəliyində ümumilikdə 175 bənd, o cümlədən, sülh və təhlükəsizlik, silahsızlaşdırma, narkotiklərin qanunsuz yayılmasının qarşısının alınması, beynəlxalq terrorçuluğa qarşı mübarizə və s. məsələlər var.

qarabağ müharibəsi ile ilgili görsel sonucu

Məlumat üçün bildirək ki, BMT Baş Assambleyasının 73-cü sessiyasının rəsmi açılışı sentyabrın 18-də Nyu-Yorkda keçiriləcək. Ənənəvi ümumi müzakirələr sentyabrın 19-dan 25-dək baş tutacaq. Baş Assambleya BMT-nin baş müşavirə orqanıdır. Onun tərkibinə bir səsə malik hər bir iştirakçı dövlətin nümayəndəsi daxildir. Sülh və təhlükəsizlik və ya yeni üzvlərin qəbul olunması kimi mühüm məsələlər üzrə qərarlar 2/3 səs çoxluğu ilə qəbul olunmalıdır. Digər məsələlər üzrə qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Hər il sentyabr ayından dekabra qədər assambleya sessiyası fasiləsiz işləyir. Sonrakı dövrlərdə qurum ehtiyac duyulduğu təqdirdə iclaslarını keçirir.

Siyasət şöbəsi

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR