İnsanlara hürriyət, millətlərə istiqlal!

İntihara cəhd edən fəhlələrdən yeni xəbər: “Müdirimiz şirkətin adı ləkələməsin deyə hərəsinə min manat verdi” - REPORTAJ

1951 29.08.2018 14:12 Reportaj A A

Ötən gün “Xətai life” tikinti şirkətinin 4 əməkdaşının intihara cəhd etdiyi ilə bağlı xəbər yayıldı.

İntihara cəhd edən fəhlələr şirkətin Süleyman Vəzirov küçəsi-17 ünvanında inşa etdirdiyi yaşayış binasının üst hissəsinə çıxaraq özlərini yerə atacaqlarını bildiriblər. Onlar bu addımı əməkhaqlarının verilməməsi ilə izah edib.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin işçiləri intihara cəhd edən şəxsləri bu fikirdən daşındıraraq aşağı düşürüblər.

Hadisə yerinə tikinti şirkətinin əməkdaşı da gəlib.

Musavat.com-un müxbiri hadisənin baş verdiyi ərazidə olub, öyrənib ki, haqqında bəhs edilən şirkət “Xətai life” deyil, “Xətai light” şirkətidir. İntihara cəhd edənlər isə “Xətai light” şirkətinin fəhlələri olmayıb. Onlar “White town” adlanan tikinti şirkətinin işçiləri olublar. Bunu “Xətai light” inşaat şirkəti ilə əlaqə saxlayarkən şirkətin meneceri Lamiya Qasımova bildirdi.
Onun sözlərinə görə, hadisə onların qonşuluğunda olan “White town”adlanan şirkətin binasında baş verib. Onların bu işə heç bir aidiyyatı yoxdur: “Burada bir neçə tikinti şirkəti var. İntihara cəhd edənlər bizim binamızın yaxınlığındakı çoxmərtəbəli binaya çıxmışdılar. Onların problemi“White town”tikinti şirkəti ilə əlaqəlidir. Bizim işçilərimizlə heç bir problemimiz yoxdur. Mətbuatda yanlış məlumat verilib. Xahiş edirik ki, şirkətimizin adını çıxarsınlar. Əks halda məhkəməyə müraciət edəcəyik”.

İntihara cəhd edən fəhlələr aksiyalarını həmin şirkətin binasında deyil, “Bakı group” şirkətinin inşa etdirdiyi binada gerçəkləşdiriblər. “Bakı group” inşaatın komendantı bildirdi ki, hadisə onların binasında baş versə də, həmin fəhlələr onların tabeliyində işləməyiblər.

“White town” şirkətinin adının çəkilməsini istəməyən məsul şəxsinin dediyinə görə, dünən intihara cəhd edənlərlə bir ay əvvəl onların şirkətinin də problemi olub: “Əvvəla, onu deyim ki, bu insanlar iş üçün bizə müraciət etdilər. Biz də insanların vəziyyətini başa düşüb, onları işə götürdük. Onlarla iki ay müddətində müqavilə bağladıq. Lakin işlərinə baxmaq üçün 2-3 gün sınaq müddəti verdik. Gördükləri iş bizi qane etmədi, işdən kənarlaşdırmalı olduq. Digər fəhlə və ustalar da onların pis işlədiklərini, işlərinə məsuliyyətsiz yanaşdıqlarını bildirdilər. Çox vaxt iş görmürdülər, günlərini keçirirdilər. Sonradan bizə bəlli oldu ki, həmin insanların bir-biri ilə qohumluq əlaqələri var. Onları işdən çıxardıqdan sonra bizi hədələdilər. Bizdən işləmədikləri halda iki ayın maaşını tələb etdilər. Bir dəfə gizlincə şirkətin həyətinə daxil olub, qaldırıcı kranın üstünə çıxıb intihar etmək istədilər. Müdirimiz şirkətin adına ləkə gəlməsin deyə onlara iki min manat pul verdi. Bu insanların niyyəti şər-böhtan ataraq, asan yolla pul qazanmaq idi. Eşitdiyimə görə, dünən bizim yaxınlıqdakı binanın damına çıxaraq intihara cəhd etmək istəyiblər. Sonradan öyrəndik ki, bizim şirkətdə çalışan həmin fəhlələrdir. Sabir, Qaytaran, İbrahim və başqa qohumları ilə birgə bizim başımıza gətirdikləri oyunu onların da başına gətirmək niyyətləri var”.

Məsələ ilə bağlı “White town” tikinti şirkətinin ərazisində olduğumuz zaman müşahidə etdik ki, həmin ərazinin polis əməkdaşları var. Sahə rəisi polis polkovniki Bərxudar İbadov bildirdi ki, intihara cəhd edən fəhlələr əvvəllər də buna bənzər intihara cəhd ediblər və hazırda polis bölməsində onların işinə baxılır:

“Həmin fəhlələr burada bu ilin may ayında işləyiblər. Bu insanlar birlikdə başqa yerlərdə də dələduzluq ediblər. Xətai rayonu 29-cu polis bölməsinin ərazisində də intihara cəhd göstəriblər. Şirkət rəhbəri hadisə yerinə gələrək hərəsinə 300 manat pul verdikdən sonra intihar cəhdindən daşınıblar. Məsələ ilə bağlı Xətai rayonu 37-ci polis bölməsində bu işə baxılır. Daha ətraflı polis bölməsin ilə əlaqə saxlayıb, ətraflı məlumat əldə edə bilərsiniz. Həmçinin bu barədə artıq sənədlər prokurorluğa göndərilib”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Məğrur Mərd
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR