İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hansı pulu götürüb, qaçmışam?” - Baloğlanla konsertin təşkilatçı arasındakı qalmaqalda yeni ittihamlar

2319 10.09.2018 18:23 Qalmaqal A A

Əməkdar artist Baloğlan Əşrəfovun Yaşıl Teatrda baş tutan konsertindən sonra yaranan qalmaqal maqazin gündəmini zəbt edib. Belə ki, ifaçı konsertdə zamanı gecədəki çatışmazlıqlarda təşkilatçı, “Xattab Organization” şirkətinin rəhbəri Samir Xəttabı günahlandırıb.

Təşkilatçı isə ittihamları qəbul etmədiyini, əməkdar artisti məhkəməyə verəcəyini bildirib. Sözügedən qalmaqal bu gün də davam edib. Tərəflər müxtəlif ittihamlarla istər mediada, istərsə də, sosial şəbəkədə açıqlamalar yayıblar.

Musavat.com da məsələ ilə bağlı tərəfləri danışdırıb və yaranmış qalmaqalın təfərrüatlarını öyrənməyə çalışıb. Baloğlan Əşrəfov saytımıza açıqlamasında deyib ki, təşkilatçı onu aldadıb: “Samirin bütün işlərinin üstü açılıb. Ona görə də, ona buna böhtan atmağa başlayıb. Əslinə qalanda konsertin təşkilatçısı kimi aradan çıxıb. Teatra pul da köçürməyib. Naəlac qalıb, konsert günü direktorun yanına getdim, vəziyyəti başa saldım. Özü də gördü ki, camaat axışıb gəlib. Razılıq verdi, çıxdım səhnədə oxudum. Konsertə saatlar qala mənə zəng edib ki, konserti ləğv edirəm. Konsertə gələn tamaşaçıları Samirin adamları dala qaytarıb ki, konsert olmayacaq. Konsertə min nəfərdən artıq adam gəlmişdi. Min nəfərə yaxın adamı da dala qaytarıblar. Konsert başlayanda biletli, biletsiz hər kəsi içəri buraxdıq. Çox gözəl konsert keçdi. ”.

B.Əşrəfov təşkilatçının onu məhkəməyə verməsi barədə açıqlamasına da aydınlıq gətirib: “Allaha yalvarıram ki, o oğlan məni məhkəməyə versin. Razıyam. Görəsən, hansı kassadan pul götürmüşəm və qaytarmamışam? Görəsən, kimin pullarının dalına keçmişəm? Tək günahım səhnəyə çıxıb, insanlar üçün mahnı oxumaq olub. Bəlkə, bir mahnı əskik, ya artıq oxumuşam. Tək günahım budur. Oradan bir manat qazanc əldə etməmişəm. Samirin verdiyi vədlər yalan çıxdı”.

Samir Xəttab isə musavat.com-a açıqlamasında haqqında səsləndirilən ittihamları qəbul etmədiyini bildirib: “303 bilet satılıb, 546 dəvətnamə verilib. Mən hansı pulu götürüb, aradan çıxmışam? Əvvəla palatka toyu deyil ki, diplomata pul yığıla, götürüb, qaçam. Pullar məndə deyil ki, aradan çıxım.  Kim konsertdə iştirak etməyibsə, kassaya yaxınlaşıb, pulunu geri ala bilər. Kassa konsertdən sonra pulu təşkilatçıya verir.

İkincisi konsertin təşkilatçısı özü-öz pulunu götürüb aradan çıxır? Üçüncüsü mən ona ləğv etdiyimi demişəm, özü də bunu təsdiq edib. Dördüncü, məndən sonra  nə iş görməsinin mənə aidliyi yoxdur.

Baloğlan pul götürüb qaçmağımı sübut eləsin. Şər-böhtan atır, yalan danışır. Üz-üzə gəlməyə hazıram. Qohumları, oğlu dünəndən mənə zəng edirlər. Sübutlarım var. Daş dövründə yaşamırıq ki... Yalandan deməsin ki, heç kim mənə zəng etməyib.

Məhkəməyə gəldik, o da vəkilinə tapşırıb, hazırlıq görür. Mən də məhkəməyə müraciət etməkdə israrlıyam. Yalandan “məhkəməyə verəcəyəm” deyib, verməyənlərdən deyiləm”.

Könül İbrahim,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR