İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hamıdan uzaqlaşıb, qaçdım” – Türkiyəyə köçən müğənni ilə müsahibə - FOTOLAR, VİDEO

4274 12.09.2018 17:41 Şou-biznes A A

Şou-biznesdən uzaqlaşıb, Türkiyəyə köçən, daha sonra “Yak” mahnısı ilə qardaş ölkədə populyarlıq qazanan müğənni Sevinc Ağaşirinova musavat.com saytının suallarına cavab verib. Onunla Türkiyədəki fəaliyyətindən, şou-biznesdəki dostlarından və şəxsi həyatından danışdıq:

- Sonuncu dəfə sizinlə 3 il öncə Tolikin doğum günündə görüşmüşdük. Onda hər şeydən bezdiyinizi, depressiyada olduğunuzu dediniz. Çətin günləri necə keçirdiniz?

- Burada xoşbəxt deyildim. İstədiyim heç nəyi edə bilmirdim. Düşündüm ki, fərqli iş görməliyəm, təhsil almalıyam. Çox ölkə gəzdim, dil öyrəndim, təhsil aldım. Ondan sonra özümü başqa cür tanıdım. İndi Sevinc deyiləm, Sevayam. Həyatımdakı insanları xüsusi seçirəm. Özümü fərqli görə bilirəm.

- Uzun müddət Dubayda yaşadınız, sonra Türkiyəyə köçdünüz. Burada isə şayiələr yayıldı ki, Sevincin ərəb sevgilisi var. Sonra dedilər, Türkiyədə ərə gedib…

- Nə ərəb sevgilim var, nə də ərə getmişəm. Artıq şəxsi həyatımı da gizli yaşayıram. Müğənnilikdən uzaqlaşıb, biznesə başlamışdım. Bir çox ölkələr gəzdim. Hər şey öz gücümə olub.

- Yay aylarında Türkiyədə “Yak” adlı mahnıya çəkilən klipi təqdim etdiniz. Bir çox tanınmış xəbər portalında xəbəriniz yayımlandı, hazırda “Kral” televiziyasında klipiniz efirə gedir. Davamı olacaq?

- Əlbəttə olacaq. İki mahnı yazdırmışıq, üzərində iş gedir. 1-2 aya təqdim olunacaq. Yeni layihənin hazırlıqlarını görürük. Bundan sonra fasilə verməyi düşünmürəm. Tam iş üçün hazıram. Baxıram ki, Türkiyədə məni sevirlər, tələbat var. Bir çox önəmli tədbirlərdə çıxış edirəm. Mənə “Azərbaycanın İnna”sı deyirlər. Düşünürdüm ki, mənə çətin olacaq. Amma elə olmadı. Xüsusi rəğbət görürəm. Məni bəyənməsəydilər, geri çəkilərdim.

- Azərbaycanlı məşhurlar Türkiyədə tanınmaq üçün xeyli pul xərcləyir. Sevinc “Yak” üçün nə qədər məbləğ xərcləyib?

- Orada mənə qucaq açdılar. 1 manat da xərcləməmişəm. Şirkət hər şeyi qarşılayır, “Yak”ı təqdim edəndən sonra bir neçə şirkət mənimlə çalışmaq istədi. Düzdür, müqavilənin şərtləri ağırdır, amma qəbul etdim.

- Azərbaycanlı müğənnilər Türkiyədə tanınandan sonra  ölkəmizdə daha da tələbatlı olur. Siz bunu hiss edirsiniz?

- Əvvəllər də tədbirlərə dəvət alırdım. İndi də edirlər.

- Uzaqdan Azərbaycan şou-biznesi necə görünür?

- Qarışıq. Mən gedəndə arxamca çoxları danışdı. Dedilər ki, Sevinc nahaq ölkədən getdi. Sevinc burda bacarmadı ki, qaçdı? Mən gücüm bitdiyi üçün getdim. Efirlər üzümə açıq idi, media nümayəndələri daim məni diqqətdə saxlayırdı.  Efirə çıxmaqla, toylarla problemim yox idi. Amma yenə də hər şey mənə sıxıcı gəlirdi. Bir müddət sonra bəzi şou-biznes nümayəndələrinin üzünü gördüm, iyrəndim, bezdim, çıxıb getdim.

- Yəqin ki, dostlarınızı da daha yaxşı tanıdınız bu müddət ərzində.

- Əlbəttə, mənəvi dəstək olduqlarım məni unutdu, zəng etmədi, axtarmadı. Əsl üzlərini burada da görmüşdüm. Bir də baxdım ki, mənə salam vermirlər. Halbuki, mən dərdlərini dinləyib, daim yanlarında olmuşam. Deyə bilərəm ki, dostlarımın çoxunu sildim. Çünki arxamca danışdılar.

- Türkiyədə yaşayan azərbaycanlı sənətçilərlə görüşürsünüz?

-Azəri qızı Günellə görüşürəm, münasibətimiz əladır.  Onların salonu var, tez-tez oraya gedirəm. Digərləri ilə əlaqəm yoxdur. Bir də Azərbaycandakı dostlarım İstanbula gələndə onlarla görüşürəm.

Türkiyədə özünüzü aktrisa kimi sınamaq istəyirsiniz?

- Mənə təklif olub. Bu haqda düşünürəm. Deyirlər ki, xarici görünüşün  bir aktrisaya tam uyğundur. Aktrisalıq qabiliyyətim də var. Əgər peşəkar olaraq bu işə başlasam, aktrisalıq dərsləri alacağam.

- Həyatda nəyə peşman olmusunuz?

- Bayaq da qeyd etdiyim kimi daha hər şeyə təəccüblənən,  müxtəlif qadağalarla özünü sıxan, insanların nankorluğuna üzülən biri deyiləm. Dünyaya fərqli baxıram, seçimlərə hörmət edirəm. Etdiklərimdən peşman olmamağa çalışıram. Hələ ki, peşman olacaq addım da atmamışam.

- Yenidən ailə qurmaq fikriniz var?

- Oğlumla çox xoşbəxtəm. Ailə qurmaq fikrim yoxdur. Amma zaman nə göstərəcək bilmirəm. Bəlkə də gələcəkdə aşiq oldum, birini sevdim , ailə qurdum.

- Sevinci nə xoşbəxt edər?

- Mən  bahalı hədiyyələrdə, malda,mülkdə gözü olan biri deyiləm.  Mən sənətimlə, oğlumla çox xoşbəxtəm.

- Qadın olaraq həyatda hansı haqsızlıqlarla üzləşmisiniz?

- Ən böyük haqsızlıqları mənə rəfiqələrim edib. Onları da həyatımdan çıxarmışam.

Könül İbrahim,
Musavat.com,
Fotolar Elçin Əkbərovundur.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR