İnsanlara hürriyət, millətlərə istiqlal!

Georgi Vanyanın Bakı qeydləri

2874 08.09.2018 17:02 Yazarlar A A

İyul ayında, “Yeni Müsavat”dakı köşəmdə yazmışdım: “Dövlət, ermənilərin Azərbaycana gəliş-gedişinə sanksiya verirsə (verdiyi aşkardır), onda qoy kənara çəkilib, sülhməramlılığı ictimai sektora (QHT və KİV-ə) həvalə etsin. Bunu istəmir və təhlükəli sayırsa, onda şübhəli reputasiyalı ermənilərin də Bakıya gəlişinə icazə verməsin. Adekvat ermənilərsə, Bakıya o zaman gələrlər ki, müstəqilliyindən əmin olduqları ekspertlər tərəfindən dəvət olunsunlar. Gəlib desinlər ki, “Biz, tarix və yaddaş əsarətində, intiqam hissi ilə yaşayan bir xalqıq. Heç uzaqgörən olmadıq...”

Təsadüflərə inanıb-inanmamaq hərənin öz işidir, amma bu işdə bir təsadüf varsa da, çox gözəl təsadüfdür. Mənsə, səmimi deyim, bunun təsadüf yox, siyasi rəhbərliyin yazıdan nəticə çıxarması kimi qəbul edirəm. Və təşəkkür edirəm. Presedenti olmayan hadisədir.

Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri Georgi Vanyan, ötən həftə Bakı səfərindən qayıdıb və QSTM-nin saytında Azərbaycan qeydlərini paylaşıb. Sülhməramlılığın verdiyi qazla, bəlkə də ifrat çox tərifləyib. Bakıya Zərdüşt Əlizadənin dəvəti ilə, onun şəxsi qonağı kimi gələn Georgi Vanyan, münaqişə tarixində bir ilkə də imza atıb – onun simasında, ölkəyə, nəhayət, bir adekvat erməni gəlib çıxıb. Yanında kamera gətirməyən, mətbuat qarşısına çıxmayan Vanyan, inkoqnito qalmasını belə izah edir: “Heç bir təşkilatı təmsil etmədiyimə görə, ictimaiyyətə açılmağı lazım bilmədim”.

Georginin yazısını böyük maraqla oxudum (arzulayanlar southcaucasus.com saytında yazı ilə tanış ola bilərlər) və onun, üç il əvvəl QHT-sini bağlayıb, tərkidünya həyat tərzinə keçməsinə bir daha təəssüf etdim. Onun gedişi, bütün Qafqazın QHT sektoru üçün böyük itki oldu.

“Ermənilər arasında da yaxşı adamlar var” deməyin özü faşizmdir, təsəvvür edin sizə deyirlər ki, “Siz azərbaycanlısınız? Hə, sizin xalqın içində də yaxşı adamlar var”. Nə hiss edər, nə düşünərsiniz?

Lakin, fakt faktlığında qalır – Georgi qədər rahat, hər şeyi başa düşən, stereotiplərdən arınmış ikinci erməni tanımadım. O, permanent dərd içindədir – “tarix və yaddaş əsarətində, intiqam hissi ilə yaşayan xalqı”nı oyada bilməməyin dərdi içində.

Yazıda diqqətimi çəkən iki məqama toxunum.

Georgi, Azərbaycanın xüsusi xidmət orqanlarından xeyli razılıq edib. Yazır ki, “Azərbaycandakı təhlükəsizlik xidməti əməkdaşları Ermənistandakı həmkarları kimi, adamı bezdirmirlər”.

Bezdirmək məsələsində, Georgi çox haqlıdır – mən, üç dəfə onun təşkilatının dəvəti ilə Yerevanda olmuşam və hər dəfə iki-üç silahlı adam daim bizi izləyib, bir an olsun yanımızdan ayrılmayıb. Onlardan ancaq otel otağında xilas ola bilirdik. Xəbər etmədən küçəyə çıxmaq, kütləvi yerlərə getmək qadağan idi, hər yerdə bizi müşayiət etməliydilər.

Bakıya erməni dəvət etmədiyimə görə prosedur necə işləyir, dəqiq bilmərəm, amma indiyə qədər mənə elə gəlirdi ki, bizdəki praktika onlardakı ilə eynidir. Elə olmaması üçün bir səbəb də görmürəm. Bakıya gələn ermənilərin yanında silahlı əməkdaşların gəzməsi, həm onları qorumaq, həm də nəzarətdə saxlamaq üçün lazımdır və bunda qeyri-adi bir şey yoxdur, yəni normal praktikadır. Georgi isə olduqca fərqli münasibət görüb Azərbaycanda. O, agentləri məsafəli, nəzakətli və peşəkar adamlar kimi təsvir edir.

Georginin diqqətini həm də sərhəddə pasportuna qoyulan möhür çəkib. Azərbaycana giriş və çıxışda Ermənistan pasportuna ştamp vurulursa, deməli, Azərbaycan Ermənistan pasportunu pasport kimi qəbul edir, tanıyır. Ermənistanın buraxılış məntəqələrində isə, “Azərbaycana qayıdanda problem yaşamasınlar” bəhanəsi ilə, Azərbaycan vətəndaşlarının pasportuna heç nə vurmurlar (Georginin buradakı pafosunu başa düşürəm, amma Azərbaycan vətəndaşının pasportunda Ermənistan möhürü, doğrudan da problem yarada bilər). Burada mənə maraqlı gələn, Georginin yanaşması, məntiqi, söhbəti “legitimlik və tanıma” üzərinə gətirməsidir. Görün hansı aspektdən baxır məsələyə.

Bəzi şeylərin dəyişdiyi, açıq-aşkar ermənifobiyanın artıq xoş qarşılanmadığı göz qabağındadır. Hiss olunur ki, “şəhər adamlarının” hakimiyyəti Azərbaycanda güclənir.

Xeyirli uğurlu olsun.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR