Falçı Bayram da veriliş aparırsa… - VİDEO, FOTOLAR

Qulu Məhərrəmli: “Bu, televiziyaların, cəmiyyətin ələ salınması deməkdir”

Efirlərdə ekstrasens kimi təqdim edilən, iştirak etdiyi verilişlərdə daim qalmaqal, çığır-bağır salmaqla “məşhur”laşan, beləliklə efirlərin “gözünə çevrilən” Bayram Nurlu bu yaxınlarda artıq özü də veriliş aparacaq.

Bu barədə o, öz “İnstagram” səhifəsində məlumat paylaşıb: “Bayramla danışaq” yeni sezonda”...

Qeyd edək ki, kiçik araşdırmamızdan sonra məlum oldu ki, əslində bu adda olan veriliş iki il bundan əvvəl yayımlanıb. Lakin hansı telekanalda yayımlandığı dəqiq məlum deyil. Zatən B.Nurlunun “Bayramla danışaq” yeni sezonda” qeydindən belə məlum olur ki, veriliş bundan əvvəl də yayımlanıb və yeni mövsümdə yenidən efirə çıxacaq.

Daim ekstrasens kimi təqdim edilən, efirlərdə küçə davaları salan B.Nurlunun bu dəfə özünün də veriliş aparacağı xəbəri sosial şəbəkələrdə ciddi etirazla, tənqidlə qarşılanıb. Əksəriyyət bu tip şəxslərin efirə çıxarılmasının cəmiyyətimiz, gələcək nəsil üçün çox təhlükəli, yolverilməz olduğunu qeyd edib və bu məsələdə daha çox televiziya rəhbərlərini qınayıb.

Bəs, efirlərin çığır-bağır salan “məşhur”u Bayram Nurlu kimdir?

Xatırladaq ki, Bayram ilk dəfə 2013-cü ildə ANS TV-də yayımlanan, Elgiz Əkbərin aparıcılıq etdiyi “Adam içində” verilişində peyda olub. Əvvəlcə özünü namaz qılan, ibadət əhli kimi təqdim edən Bayramın, sonradan yalanı üzə çıxıb və məlum olub ki, o, nəinki namaz qılmır, ümumiyyətlə, dindən uzaq şəxsdir.

Bütün bunlara baxmayaraq, Bayram “Space TV”-də yayımlanan “Oturduğumuz yerdə” verilişində, bunun ardınca isə digər televiziya məkanlarında görünməyə başladı. Son vaxtlar isə qeyd etdiyimiz kimi, az qala efirlərin “gözünə” çevrilib, müxtəlif verilişlərdə ekspert kimi iştirak etməyə başlayıb, qarşı tərəfə ağıl öyrətməyə, “dərs” keçməyə çalışır. Barəsində yayılan məlumatlarda o da qeyd olunur ki, B.Nurlunin nəinki ali təhsili, heç orta təhsili də yoxdur, 12 yaşında təhsilini yarımçıq qoyub.

Bəs, 12 yaşında məktəblə vidalaşan, efirlərdə biabırçı qalmaqallar yaradan Bayram Nurlu və onun kimilərin bu gün televiziya ekranlarında veriliş aparması kimə və nə üçün lazımdır?

Teletənqidçi, professor Qulu Məhərrəmli bu mövzu ilə bağlı musavat.com-a danışıb: “Bu ölkədə  ağlı başında olan, savadlı, bilikli, cəmiyyətdə nüfuzu olan, auditoriyaya hansısa informasiya verə bilən, onu yönəldən, beynini, ruhunu qidalandıran və bütün bunlara qadir olan hər kəs veriliş apara bilər. Lakin bizim televiziyaların və cəmiyyətimizin bədbəxtliyi ondan ibarətdir ki, onun qəhrəmanları alimlər, ləyaqətli və işgüzar insanlar,  düşüncə adamları deyil. Yəni, bu gün cəmiyyətin, ekranların qəhrəmanları elm, bilik, düşüncə daşıyıcıları deyil, yalnız əyləncə və daha çox da zərərli əyləncələrə yönəlik insanlardır. Mətbuat və media, sosial şəbəkələr də diqqəti bu cür adamların üzərində fokuslaşdırır və hər bir addımı ilə cəmiyyəti həmin bu zibilliyə tərəfə yönəldirlər. Əlbəttə, bu, dəyərlərin tapdalanması, televiziyanın ələ salınması, cəmiyyətin dəyərlərinə arxa çevrilməsidir. Bu gün bizim üzdə olan media qurumları, televiziyalar, özünə hörmət edən insanlar çox susqundurlar. Ona görə də bu tip insanlar önə keçirlər, cəmiyyətin dəyər daşıyıcılarına çevrilirlər. Hesab edirəm ki, bu, çox pis nümunədir və cəmiyyəti həqiqətən də elə bir hüdudlara gətirib çıxarır ki, orada dəyər adında bir məfhum qalmır”.

Xalidə Gəray,
Musavat.com

 

03.09.2018 18:55
3520