Ət kəsiminin mərkəzləşdirilməsinin yaratdığı problemlər- reportaj

Qəssabların xərci artır, alıcılar isə etibar etmir 

Qida Təhlükəsizliyi Agentliyinin (QTA) həyata keçirdiyi ilk tədbirlərdən biri də Bakıda qəssabxanaların önündə antisanitariya şəriatində ət kəsiminin aradan qaldırılmasıdır. Belə ki, agentliyin təklifi ilə ölkə ərazisində yol kənarlarında, küçədə antisanitariya şəraitində ət kəsiminin qadağan edilməsi, onların yerinə stasionar, modul və mobil tipli heyvan kəsimi məntəqələrinin yaradılması nəzərdə tutulub. Məqsəd isə  mağazaların qarşısında diri heyvan saxlanılması və kəsilməsinin  qarşısını almaqdır.

Bununla yanaşı, QTA baytarlıq-sanitariya və gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi ilə məşğul olan şəxslərdən qanunsuz fəaliyyətlərini dayandırmağı tələb edib. Standartlara cabab verməyən ət kəsimi yerlərinə ciddi xəbərdarlıqlar edilib. Bundan sonra qəssablar heyvanları yalnız agentliyin təyin etdiyi ət kəsimi məntəqələrində kəsəcəklər.

Bəs görəsən, belə olacağı təqdirdə qəssablar və istehlakçılar bu durumdan razı qalacaqlarmı? İstehlakçılar gözlərinin önündə kəsilməyən heyvanın ətini alacaqmı? Kəsim haqqı ətin bahalaşmasına gətirib çıxara bilərmi?

Məsələ ilə bağlı ictimai rəyi öyrənmək üçün musavat.com-un müxbiri paytaxt Bakıda bir neçə qəssabxanaya baş çəkib, alıcılar və qəssablarla həmsöhbət olub.

Qəssablar Qida Təhlükəsizliyi Agentliyinin xüsusi kəsim məntəqələrinin yaradılması təşəbbüsünü alqışlasalar da, reallıqda onların işinə mane olacağını bildiriblər: “Ət kəsiminin xüsusi məntəqələrdə həyata keçirilməsini biz də istərdik. Ancaq reallıq budur ki, yol kənarlarında təmizlik olsa da, bizim işimiz axsayacaq.  İstehlakçılar onların gözü önündə heyvanın kəsilməsinə öyrəşiblər. Biz bir neçə binanın yaxınlığında fəaliyyət göstəririk. Hər gün alıcılar ətin kəsilməsinə diqqət edirlər. Kənar bir yerdə heyvan kəsdirib mağazaya gətirsək onlarda inamsızlıq yaranacaq. Nəticədə müştərilərimizi itirəcəyik”.

Qida Təhlükəsizliyi Agentliyi ile ilgili görsel sonucu 

Alıcılar isə ət kəsiminin kənar bir yerdə aparılmasını qəbul etmədilər: “Yaşadığımız ərazidə bir neçə supermarket var. Lakin onların piştaxtaya düzdükləri ətləri almırıq. Çünki həmin ətlərin mənşəyi, keyfiyyəti haqqında məlumatımız yoxdur. Ancaq qəssabxanalarda heyvanı bir gün öncə gətirirlər. Camaatın gözü önündə kəsib satırlar. İndi biz nə bilək ki, kəsim məntəqələrindən gətirəndə heyvanın ətini dəyişdirdiblər, ya yox. O qədər qanunsuzluqlar, saxtakarlıqlar  var ki... Bir sözlə, inamımız yoxdur. Bunu etməklə insanları təhlükəyə atırlar. Bazarda mənşəyi bəlli olmayan ətlər arta bilər”.

Qəssablar bildirdi ki, artıq indidən kəsim məntəqələrinə müraiət etməyə başlayıblar: “Sentyabrın 1-dən qəssabxanalarda reyd aparmağa başlayıblar. Biz heyvanımızı Nizami rayonu, Çobanzadə küçəsində ət kəsimi məntəqəsində kəsdiririk. Hər heyvan üçün 30 manat ödəyirik. Nəqliyyat xərclərini də üstünə gəlsək, bir heyvan 40 manata başa gəlir. Əvvəllər qəssabxananın arxasında balaca bir yerimiz var idi. Heyvanı səhər tezdən özüm kəsirdim, pulum da cibimdə qalırdı. İndi isə vəziyyət dəyişib”.

Qeyd edək ki, sahibkarın hər heyvanın kəsiminə görə əlavə xərcə düşməsi ətin bahalaşacağı anlamına gəlir.  Çünki bütün xərclər son nəticədə istehlakçının cibindən çıxır.

Mövzü ilə bağlı “Yeni Müsavat”a danışan Eyyub Hüseynov da bildirdi ki, bu yolla nəyəsə nail olunacağına ümid etmir: “Qəssablar üçün xüsusi kəsim yerlərinin yaradılması ilə vəziyyəti dəyişə bilməyəcəklər. Bazar illərdir öz aksiomu ilə işləyir, tələb və təklif qanunu əsasında. Nə üçün kəsimin qəssabxanalarda aparılmasına tələb var? Nəyə görə ölkənin paytaxtı qəssabxananı xatırladır? Çünki istehlakçılar bunu tələb edirlər. İnsanlar gözünün önündə kəsilən heyvan ətini almağa çalşırlar, yalnız gözü ilə gördüklərinə inanırlar. Səbəb odur ki, hələ sovet vaxtından Azərbaycan istehlakçıları baytarlara, istehlakçı hüquqlarını qoruyan, malın keyfiyyətini yoxlayan qurumlara inanmırlar. Həmin qurumlar özləri bu inamı yox dərəcəsinə endiriblər. İstehlakçı səhər tezdən bazara girir və görür ki, minlərlə heyvan cəmdəyinə möhür vurulub, yəni keyfiyyəti təsdiqlənib və satışına icazə verilib. Xalq arasında belə bir lətifə də yayılıb ki, qoyunu soyanda belə dərisinin altından baytar möhürü çıxır. Nə qədər ki, istehlakçı tələb yaradacaq, bir o qədər də inzibati yollarla bunun qarşısını almaq olmayacaq”.

Ekspertin sözlərinə görə, bunun üçün bazar alətlərindən istifadə etmək lazımdır: “Elə  etmək lazımdır ki, istehlakçı hazır kəsilmiş ətə üstünlük versin. Hazırkı durum üçün istehlakçı öz tələbində haqlıdır. Qida Təhlükəsizliyi Agentliyi bu yaxınlarda saxta sertifikatla Azərbaycana gətirilən 30 tondan yuxarı at ətinin qarşısını aldı. Bu qurum özü də sübut etdi ki, istehlakçı hər gördüyü əti almamaqda haqlıdır. Azərbaycana hətta beynəlxalaq dərəcədə saxta sertifikatla saxta ət göndərilir, yəni at əti mal əti adı ilə göndərilir. QTA inzibati yollardan əl çəkib, insanların inamını qazanmalıdır. Həmçinin istehlakçılar arasında maarifləndirmə işi də aparılmalıdır ki, onun gözü qarşısında kəsilən heyvan heç də təhlükəsiz deyil və çox ciddi xəstəliklərin daşıyıcısı ola bilər. Maarifləndirmə prosesi isə ictimai təşkilatlar vasitəsilə həyata keçirilməlidir. Biz bu işdə Qida Təhülkəsizliyi Agentliyinə dəstək olmağa hazırıq. Bir neçə dəfə qurumun kollegiyasında təmsil olunmaqla bağlı təklif göndərməyimizə baxmayaraq, müsbət cavab almamışıq”.

Eyyub Hüseynov ile ilgili görsel sonucu

Eyyub Hüseynov onu da vurğuladı ki, Nazirlər Kabinetinin 94 saylı qərarına əsasən ölkənin əmtəə bazarında bükülməmiş malın satışı qadağandır: “Hər bir mal, o cümlədən ət bükülməlidir, üzərində son istifadə tarixi və sair qeyd olunmalıdır. Azərbaycanda bazara bu cür sağlam mal çıxaran bir şirkət var. Bu, ”Azprotein Foods" şirkətidir. Lakin əhali onun məhsullarını da almır, həmçinin marketlərdəki hazır ətləri də alan yoxdur. Qəssabların əsas qayğısı heyvanın kəsiminə görə pul ödənilməsi deyil, sadəcə, alıcıların itirilməsidir və bu məsələdə haqlıdırlar. “Azprotein Foods” şirkətinin Maştağada son texnologiya ilə təmin olunmuş kəsim yerləri var ki, heyvanın birini 10 manata kəsir. Lakin biz monitorinq apardıq ki, oraya heç kim müraciət etmir. Çünki istehlakçı hazır əti qəbul etmir. Bunun üçün iş aparılmalıdır. Biz Qurban bayramında monitorinq apardıq ki, QTA-nın düzəltdiyi kəsim yerləri normal olsa da, orada heç bir baytar yoxlaması getmir, agentliyin laboratoriyası bağlı idi. Deyilənə görə hər qoyun üçün 4-5 manat pul alınırmış, halbuki pulsuz olduğunu demişdilər".

Məğrur MƏRD,
Musavat.com

04.09.2018 08:45
1401