İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan danışıqlardan niyə yayınır?

1192 12.09.2018 08:45 Gündəm A A

Rəsmi İrəvan Qarabağ danışıqlarına “hazır” olduğunu desə də, bu ölkənin hökumətinin əməlləri əksini deyir; Zoqrab Mnatsakanyanın görüş anonsu nəyə hesablanıb?

Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan yaxın vaxtlarda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşəcəyini açıqlayıb. Bununla bağlı Ermənistan mediasına danışan nazir görüş vaxtını konkretləşdirməyib.

Bu açıqlamanı verərkən Mnatsakanyanın kifayət qədər korrekt görünməyə çalışması da diqqət çəkir. “Görüşün vaxtı barədə elanı eyni vaxtda bəyan edəcəyik ki, qarşılıqlı hörmət prinsipi pozulmasın. Brüsseldə Azərbaycan XİN rəhbəri ilə görüşdə yenidən bir araya gəlmək barədə razılaşdıq. Bu görüş çox yaxın vaxtlarda olacaq” - Ermənistan XİN başçısı deyib. 11 sentyabrdakı brifinqdə sualları cavablandıran nazir ölkəsinin danışıqlar prosesində iştirak etməyə hazırlığını və danışıqları davam etdirmək öhdəliyinin olduğunu iddia edib.

Zoqrab Mnatsakanyanın konstruktiv görünməyə cəhd etdiyi bəllidir. Onun nə dərəcədə “danışıqlar tərəfdarı olduğunu” Ermənistan müdafiə naziri David Tonoyanla birlikdə Naxçıvan istiqamətindəki cəbhə xəttinə səfəri və buradakı hərbçilərlə görüşüb onları cəsarətləndirməyə çalışması da sübut edib. Fakt budur ki, Ermənistan hökumətinin başçısı Paşinyan bir-birinin ardınca ziddiyyətli Qarabağ bəyanatları verir və bütün səylərini danışıqları pozmağa yönəldib. Baş nazir seçiləndən dərhal sonra Dağlıq Qarabağın danışıqlarda “tərəf” kimi iştirak etməsini zəruri sayan Paşinyan bu günlərdə növbəti dəfə həmin mövqeyinə qayıtdı. N.Paşinyan danışıqların formatının ATƏT çərçivəsində hələ illər öncə konkretləşdirildiyi barədə həmsədr ölkələrin, o cümlədən Rusiya rəsmilərinin mövqeyini nəzərə almadan bir daha Xankəndinin danışıqlarda ayrıca subyekt olaraq tanınması istiqamətində mənasız cəhdlər göstərdi. Ancaq eyni zamanda o, Rusiyadakı ermənilərlə görüşü zamanı “mənim nəzərimcə, Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir” kimi sərsəm fikir səsləndirdi. Gah Dağlıq Qarabağın daxili işlərinə qarışmaq istəmədiyini, gah da Azərbaycanın bu ərazilərinin Ermənistanın tərkib hissəsi olduğunu iddia edən Paşinyan ermənilərin gözündə belə özü barədə qeyri-ciddi rəy yaradıb. Bütün bunlar isə təbii olaraq danışıqların davamını mümkünsüz edir. Ancaq maraqlı olan “Rusiyada erməni baş nazirə Qarabağla bağlı nə deyiblər” sualının cavabıdır. Xüsusilə aprel döyüşlərindən sonra rusiyalı politoloqlar Moskvanın ətraf 5, yaxud 7 rayonun qaytarılması ilə bağlı Rusiyanın Ermənistana təzyiq etdiyi barədə davamlı məlumatlar yayırdılar. Ancaq N.Paşinyan məhz Rusiya mediasına müsahibəsində iddia etdi ki, o, Dağlıq Qarabağ deyərkən elə ətrafdakı rayonları da nəzərdə tutur, çünki bu rayonlar Dağlıq Qarabağa “birləşdirilib”. Zaman keçdikcə N.Paşinyanın sərsəmləmələri də çoxalır.

Картинки по запросу paşinyan

Azərbaycan XİN erməni baş nazirin son açıqlamalarına reaksiyasında bildirmişdi ki, Ermənistanın yeni baş naziri ilk addım kimi Ermənistan əhalisinin çoxdan ehtiyac duyduğu iqtisadi-sosial islahatlara başlamaq əvəzinə Dağlıq Qarabağ mövzusuna müraciət edərək siyasi aqitasiyaya üstünlük verir. “Təəssüf edirik ki, bu məqsədlə o, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında ziddiyyətli açıqlamalarla çıxış edir” - rəsmi bəyanatda deyilir. XİN-dən bildirilib ki, Ermənistan BMT nizamnaməsinə zidd olaraq gücdən istifadə etməklə Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf rayonlarını işğal edib və işğal olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlıya qarşı qanlı etnik təmizləmə törədib. “Biz hələ də ümid edirik ki, Ermənistanın yeni siyasi rəhbərliyi sələflərinin səhvlərini təkrar etməyəcək, sağlam siyasət yürüdəcək və qonşu dövlətlərlə sülh şəraitində yaşamaq üçün sivil münasibətlər qurmağa çalışacaq” - daha sonra bildirilir. O da qeyd olunub ki, Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə mövcud gündəlik əsasında münaqişənin tezliklə həlli üçün substantiv danışıqlara hazırdır.

İndi Ermənistan XİN başçısı da danışıqlara “hazır olduğunu” deyir. Yəqin ki, o, bununla BMT Baş Assambleyası çərçivəsində həmsədrlərin iştirakı ilə keçiriləcək görüşü nəzərdə tutur. Ancaq N.Paşinyanın son radikal bəyanatlarının fonunda bu görüşün və danışığın əhəmiyyəti qalmır, çünki məsələləri nazirlər həll etmir. Ermənistan prezidenti A.Sərkisyanı “ofsayt” vəziyyətdə qoyub, danışıqlara özünün gedəcəyini bildirən N.Paşinyanın qırımından isə görünür ki, o, hələlik Azərbaycan prezidenti ilə görüşdən yayınır. Bunun səbəbi açıqlanmasa da, güman etmək olar ki, erməni ekspertlər demişkən, “sükan arxasında naşı adam” olan Paşinyan Azərbaycan lideri ilə görüşdən “sağ çıxa bilməyəcəyini” anladığı üçün təcrübə toplamaq üçün vaxt qazanmağa çalışır. Üstəlik, indiki situasiyada, Ermənistanda mer və parlament seçkiləriqabağı N.Paşinyanın Qarabağla bağlı zəif nöqtələrinin üzə çıxması onu bitirə bilər. Fakt budur ki, Nikol ancaq Qarabağ mövzusunda radikallıq nümayiş etdirməklə oynamağa və ictimai rəydə reytinqini qoruyub-saxlamağa çalışır.

Картинки по запросу Politoloq Elçin Mirzəbəyli

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Nikol Paşinyanın ziddiyyətli bəyanatları və davranışları daha çox onun Ermənistandakı daxili vəziyyətlə və onun öz hakimiyyətinə olan inamsızlığı ilə bağlıdır: “Paşinyan nəyin bahasına olursa-olsun vaxt udmağa çalışır. Diqqət yetirsəniz, İrəvana qayıtdıqdan sonra Paşinyanın verdiyi ilk bəyanatlardan biri ”inqilab"dan sonra ona qoşulan parlamentarilər və siyasətçilərlə bağlı olub. Çox güman ki, respublikaçılarla yanaşı, Daşnaksütyun və “Tsarukyan bloku”nun hərəkətə gəlməsi onu ciddi şəkildə narahat edir. Belə olduğu təqdirdə danışıqlar prosesində baş verə biləcək hər hansı bir uğursuzluq onun rəqiblərinin əks-hücum imkanlarını daha da genişləndirə bilər". E.Mirzəbəyli deyir ki, Paşinyanı dilə gətirən səbəblərdən biri də Azərbaycan prezidentinin Rusiyaya səfərinin nəticələri ilə əlaqədardır: “Bu səfərdən sonra Ermənistanda Rusiyanın işğalçı ölkədən üz döndərməsi və bunun İrəvana baha başa gələcəyi ilə bağlı fikirlər güclənməkdədir. Paşinyan isə Putinlə görüşündən sonra daha sərt bəyanatlar verməklə Bakı ilə Moskva arasında hər hansı bir razılaşmanın olmadığına diqqət çəkməyə və ictimaiyyəti sakitləşdirməyə çalışır. Azərbaycanın KTMT-yə qoşulacağı təqdirdə Rusiyanın ərazilərimizin işğaldan azad edilməsinə dəstək verəcəyi ilə bağlı mülahizələr ehtimaldan başqa bir şey deyil. Bu barədə ekspert rəyləri, ictimai rəyin yönləndirilməsinə xidmət edən informatik sızdırmalar, mülahizələr ola bilər. Amma bütün bunların həqiqət olduğunu iddia etmək üçün ortalıqda əsas olmalıdır. Əsas isə yoxdur. Rusiyanın Cənubi Qafqaz siyasətinin mahiyyətinə diqqət yetirsək, yaxın zamanda belə bir əsasın ola biləcəyi də gözlənilmir. Rusiyanın nələrin qarşılığında işğalçıya dəstək verməkdən əl çəkəcəyi hələlik müəmma olaraq qalır”. Bəs hazırda Rusiya nə istəyir? E.Mirzəbəyli: “Bu gün bu suala yüzlərlə cavab tapmaq olacaq. Moskvanın iştahı böyükdür və hər zaman olduğu kimi bizə yenə də ”əliaçıq" qafqazlı kimi baxır. Hər şey istəyir, amma qarşılığında heç nə vermək istəmir. Bu, təkcə Rusiyanın dövlət siyasəti ilə bağlı amil deyil, həm də sosial-psixoloji problemdir". Moskvada erməni baş nazirə nə deyilməsinə gəldikdə, politoloq dedi ki, Putin-Paşinyan görüşündə müzakirələrin hansı istiqamətdə getdiyini, Ermənistanın baş nazirinin hansı öhdəliklər götürdüyünü söyləmək çox çətindir: “Amma Paşinyanın aşırı radikal bəyanatları onun çox ciddi öhdəliklər altına girməsindən də xəbər verə bilər. Adətən çıxılmaz duruma düşənlər, yaxud məğlub olanlar, güzəştə gedənlər bunu gizlətmək üçün daha bərkdən cığırırlar. Bu baxımdan da Paşinyanın radikallığı da buradan qaynaqlanır. Ermənistanın baş naziri könüllü şəkildə çığırmır, onu çığırdırlar”.

Картинки по запросу Politoloq Hikmət Hacızadə

Politoloq Hikmət Hacızadə isə Paşinyanın ziddiyyətli mövqe sərgiləməsində təəccüblü bir şey görmür: “Paşinyan Rusiya səfərindən qabaq da bu mövqedən çıxış edirdi. Belə çıxışlar ona daxili istifadə üçün lazımdır. Həmçinin Qarabağ separatçıları, Ermənistandakı qatı millətçilərin diqqətini cəlb etməkdə ona belə çıxışlar yardımçı olur. Çünki onun siyasi düşmənləri belə rəy formalaşdırırlar ki, Nikol Qarabağı satmağa çalışır”. Maraqlıdır, Moskva səfərində Paşinyan Rusiyadan Qarabağla bağlı dəstək almağı bacarıbmı? H.Hacizadə buna inanmır: “Rusiya ona ”Qorxma, mən səninləyəm" deməz. Rusiya deyir ki, artıq hərəkətlər etməsən, onda mən səninləyəm".

Bu arada Ermənistanın bütün ərazisində “Şant-2018" kod adlı komanda qərargah təlimləri başlayıb. Musavat.com xəbər verir ki, sentyabrın 11-dən 14-nə kimi ölkədə şərti olaraq hərbi vəziyyət elan edilir. Qeyd olunur ki, ümumdövlət xarakterli ”Şant-2018" təlimləri planlı xarakter daşıyır və xaricdən hücum olunması halında dövlətin müdafiə, habelə dövlət orqanlarının və hərbi rəhbərliyin səfərbərlik hazırlığı yoxlanlılır. Erməni mənbələri Ermənistandakı hərbi-siyasi şərtləri, həmçinin şərti düşməni (Azərbaycan nəzərdə tutulur-red.) və ümumi situasiyanı nəzərə alaraq təlimlərin maksimal surətdə həqiqi keçəcəyini bildirirlər. Ermənistanın Azərbaycan qarşısında duruş gətirməsi təbii ki, mümkünsüzdür. Sadəcə, Paşinyan hər vasitə ilə çalışır ki, öz xalqını Azərbaycanla müharibə ruhunda kökləsin və diqqəti xarici düşmənə yönəldib kreslosunda möhkəmlənsin. Danışıqların davam etdirilməsinə hazırlıq bəyanatları da gərginliyin savaş həddinə çatmaması üçün atılan qabaqlayıcı addımdır.
“Qarabağ problemini ancaq Azərbaycan, Rusiya və Ermənistan liderləri həll edə bilər”. Bunu isə rusiyalı millət vəkili Leonid Kalaşnikov deyib (axar.az). “Əhəmiyyəti və vacibliyi nə qədər şişirdilsə də, Dağlıq Qarabağ məsələsini hansısa Minsk Qrupu həll edə bilməz. Bu məsələni yalnız 3 ölkənin liderləri həll edə bilər”, - Kalaşnikov bildirib. Görünən budur ki, 3 ölkədən ikisi Qarabağda status-kvonun qalmasında maraqlıdır...

Elşad PAŞASOY
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR