İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəvəsi ölməmiş ərəblərin sevimli məkanı - FOTOSESSİYA

7830 02.09.2018 19:49 Reportaj A A

"Gürcü arzusu"na kilsədən marixuana şoku

Azərbaycanda ərəb turistlərin əlindən dincəlməyə yer tapmayanda, 5-6 günlük Gürcüstana "qaçmağı" düşünürsüzsə, heç doğru yer seçməmisiz. Orada ərəb turistlərin sayı Bakıdakından qat-qat çoxdur. Son 10-15 ildə turizmi ciddi şəkildə gəlişdirən Gürcüstan ərəblərin də diqqətini çəkə bilib. Burada öz şahinləri ilə ova gəlib dağlıq bölgələrdə lüks tətilin kefini çıxaran zənginlərə də, tətili kazinolarda keçirən "müsəlmanlar"a da, qələbəlik ailəsi ilə fərqlilik görmək üçün evindən çıxan dəvəsi ölməmiş ərəblərə də rast gəlmək olar. Bu gün Gürcüstanın aparıcı turizm şirkətləri Birləşmiş Ərəb Əmirlikləri, Oman, Səudiyyə Ərəbistanı, Qatar və Küveytin turizm şirkətləri ilə sərfəli işbirlikləri qurublar.

Tuflisin mərkəzi səmtində yaşadığımız otelin administratoru Qiya Avaladze deyir ki, artıq oktyabr-noyabr ayları üçün bronlaşdırma ilə məşğuldurlar. Ərəb ölkələri ilə çalışan turizm agentlikləri qabaqcadan 100 faizlik ödəmə ilə otaqları alır, sonra tətil paketinin elementi kimi müştərilərinə satırlar. Qazanc təminatı olmasa, hansı şirkət 2 ay öncə 100 faizlik ödəniş edər?

Yeri gəlmişkən, turizm Tiflisi də, bütünlükdə ölkəni də gözgörəsi bahalaşdırıb. Azərbaycan manatının devalvasiyası da bizim təəssüratlarımıza təsir etməmiş deyil. Ancaq 100 dollar 1 il, 1 il yarım öncəki 2 günə artıqlaması ilə "dözən" 100 dollar deyil. Otel də, günlük mənzillər də, qida da birmənalı bahalaşıb. Bircə taksilərdən başqa…

Taksiçilər bunu ədalətsizlik sayır. Digər xidmətlərin qiymətləri ilə müqayisədə gerçəkdən də Tiflisdə taksi su qiymətinədir. Şəhərin bu başından o başına, təxminən 3-4 manata getmək olur. Günlük kirayə mənzillər isə bir ildə təxminən 30 faiz bahalaşıb. Səliqəli ev axtarırsınızsa, 1 otaqlı studio üçün azı 90 lari xərcləməlisiz. 60 idi… Bir də unutmamış deyim, ölkədən manatla çıxmayın, çıxırsınızsa, sərhəd məntəqələrdəki bank şöbələrində qəti dəyişdirməyin. Kurs çox aşağı olacaq. Sizi Tiflisə qədər idarə edəcək lariyə ehtiyacınız olsa, sərhəddə "əldən" 20 dollar xırdalasaz, bəsdir.

Taksilərin ucuz olmasının bir səbəbi də sürücülərin benzindən çoxdan imtina etmələrindədir. Gürcüstanda avtomobillərin çoxu metan və propan qazla işləyir. Benzinin qiyməti 1 dollar, metan və propanın qiyməti cüzi fərqlə 55-70 sent civarındadır. Ölkənin Qərb tendensiyalarını sürətlə mənimsəməsi Gürcüstanın avtomobil dünyasına daha bir yenilik gətirib - hibrid maşınlar sürətlə dəbə minib. Heç bir şişirtməyə yol vermədən demək olar ki, bu gün Gürcüstanda ən populyar avtomobil “Toyota Prius”dur. Ekonomik, gözəl dizaynlı 21-ci yüzil arabası.

Gürcüstanda olarkən fürsət bizi Rustavinin avtomobil bazarına da apardı. Bir zamanlar ortabab Azərbaycan alıcılarının avtomobil xəyallarının gerçəkləşdirən bazarda indi bizimkilər azdır. Ölkəyə gətirilən avtomobillərə "72" şərt qoyulması, gömrük rüsumlarının kəllə-çarxa çıxarılması bazarın aktuallığını bizim üçün öldürüb. İndi əcnəbi alıcıların içərisində Ermənistan vətəndaşları üstünlükdədir. Gömrük rüsumları bizdəki kimi maşının özündən baha olmadığı üçün ermənilər bazarın ikinci-üçüncü əl maşınlarını sözün əsl mənasında daşıyıb aparır. Ermənilər öz maşınlarına da burada alıcı tapır.

Burada hansı markadan istəsən maşın tapmaq olar - Amerikadan "üzüb gələn", Avropanı dolanıb gələn… Gürcüstan da ölkəyə gətirilən avtomobillər üçün gömrük rüsumunu artırdığından ikinci ölkə vətəndaşları gömrükdən keçməmiş maşınlar axtarır. Məsələn, 10 yaşlı “Mazda 7” 6800 dollara idi. Öyrəndik ki, Azərbaycana gətirmək üçün 12 min manat gömrük rüsumu ödənməlidir… “Mersedes”in "ML" seriyasını bəziləri şirkətin üz qarası saysa da (hissələrinin bahalığına görə) alıcısı var. Şəkildə gördüyünüz 2010-ci ildə buraxılan ML 11 min dollara idi. "Bizim gömrükdə neçəyə rəsmiləşəcək” sualının kobud hesablamalarla cavabı - "elə o qədərə"dir.

Gələk gürcülərin favoriti “Prius”lara. 2017-ci il buraxılışını Rustavidə 12.500 dollara almaq olur. Benzin sərfiyyatı tərsinədir - magistralda hər 100 km-ə 4 litr, şəhərdə 3 litr. Avtomobilin qızmızı işığı yandı, telefon sayaq şəbəkəyə qoş, akkumlyator enerji yığsın. Hesabladıq, akkumlyatorun dolması üçün xərclənən para geçəkdən qəpik-quruşdur… Sürət saatda 60-ı keçəndən sonra akkumlyator sönür, dövriyyəyə benzin girir. Əsl şəhər maşını. Statistika göstərir ki, Yaponiyada 4 milyondan çox “Prius” istehsal edilib, 3 milyonu kaliforniyalılardadır. Yəqin 50 minini də gürcülər alıb… Zarafatyana dediyimiz rəqəmi imkan olsa, “Toyota Georgia”dan dəqiqləşdirməyə çalışarıq.

Dizaynına da söz ola bilməz. Tiflisdə “Prius”un ən müxtəlif versiyalarına addımbaşı rast gəlmək mümkündür. Yeniləri fantastik cizgi filmlərindəki avtomobillərin özəlliklərini daşıyır. Bu, həm də o deməkdir ki, nəhəng korporasiyaların bu günün 5-6 yaşlı uşaqlara ötürdüyü vizual informasiyada biz gələcəyi görə bilərik. Modern dizayn, üstəgəl qənaət hər işdə düzgün seçim edə bilən gürcüləri “Prius”a meylləndirir. Necə deyərlər, gürcülər avtomobil məsələsində də inqilabi dəyişiklikləri sevirlər.

Dəyişiklik demiş, Tiflis oktyabrın 28-də prezident seçkisi ilə böyük dəyişikliyə hazırlaşır. Vətəndaşlar "Gürcü arzusu" partiyasının iqtidarını tarixə qovuşdurmaq əzmindədirlər. Tiflisdə kimi dindirdik, hamı iqtisadi problemlərdən şikayət elədi. Kür qırağı körpülərdən birinin üzərindəki qurulan "nimdaş bazarında" 10-15 dəqiqə müşahidə aparmaq yetərlidir ki, orta statistik tiflislinin güzaranı haqqında bilgi toplayasan. Kimin evində nə var, bir kardon, bir süfrə sərib düzüb üzərinə, qəpik-quruşa satır… Çox gözəl bir rəsm əsərini bizə cəmi 20 lariyə təklif elədilər. 17 manata təxminən. Mərkəzdəki mağazalarda belə əsər azı 15 dəfə bahasınadır… Köhnə büllur qab-qacaq, saat, nərd, şahmat, mis qablar, köhnə samovarlar, şərab "buynuzları", bir zamanlar sovet adamlarının özənlə topladıqları marka albomları, kibrit qutuları, kitablar…. Çoxlarımızın "yer tutur" deyib, evimizdən çıxardığımız, "istəyən götürər" düşüncəsi ilə kandarımıza qoyduğumuz saysız əşyaya Gürcüstanda təbərrik kimi baxırlar… Əhalidə pul yoxdur…

''Gürcü arzusu'' partriyası iqtidarının kabinetlərdə yır-yığış elədiyi şəhərin hər halından görünür. Sanki Tiflisin həyatına bir hakimiyyətsizlik hakimdir. Polis tənbəl-tənbəl müşahidə aparır, iqtidar təmsilçiləri mediaya Gürcüstan siyasətinə xas olmayan emosiyasız açıqlamalar verir… Müxalifət düşərgəsi isə yavaş-yavaş təşəbbüsü ələ alır…

Bir neçə həftə öncə Gürcüstanda narkotik satışının sərbəstləşdirilməsi Azərbaycan gündəmində də xeyli müzakirə olundu, məsələnin müsbət, mənfi tərəfləri ətrafında polemikalar getdi. "Gürcü arzusu" partiyasının gethagetdə (bu sözü ona görə əminliklə yazırıq ki, ölkə qanunvericiliyində iki dəfədan artıq iqtidar olmaq yasaqdır) belə bir addım atması Gürcüstanda da birmənalı qarşılanmayıb. Əhali kazino bəlasından sonra narkotik maddə istifadəsinin sərbəstləşdirilməsini millətin genofonduna ciddi ziyan kimi qəbul edib etirazlara başlayıb. Bilgi üçün deyək ki, qanun vətəndaşa yalnız şəxsi istifadə üçün öz evində bəlli miqdarda marixuana becərmək və istifadə etmək hüququ verir. Sual yaranır, bəs, əkmək üçün onun toxumu haradan əldə edilə bilər? Digər qanunla narkotik maddələrin satışı yasaq deyilmi? Təbii, yasaqdır… Bu səbəbdən qanun qəbul edilsə belə, vətəndaşın öz evində dibçəkdə marixuana yetişdirib çəkməsi mümkünsüzdür. "Gürcü arzusu" partiyasının parlament fraksiyasının niyə belə bir təşəbbüslə çıxış etməsi və qanunun qəbul olunması ilə bağlı çoxsaylı suallar hələlik açıqdır. Aydın olan odur ki, bu məsələ partiya içərisində ciddi parçalanma yaradıb. Qanunun qəbuluna qarşı olanlar lehinə olanları müxalifətə işləməkdə suçlayır. Çünki vətəndaş etirazlarına səbəb olan bu məsələdə kilsə də hakimiyyətin tərəfini tutmadı. Patriarx II İlya gənclər arasında mənəviyyatsızlıq yaydığına görə iqtidarı sərt tənqid etdi, Rustaveli prospektini bağlayıb yürüş edən vətəndaşların önündə yürüdü. Hər ölkədə elə işarətlər var ki, zaman onları dəyişmir. Gürcüstan üçün bu, kilsənin dəstəkləmədiyi iqtidarın hakimiyyətdə qala bilməməsidir.

Gürcüstanda dəyişməyən bir mənzərə də var - yaşıllıq, gözəl hava, təmiz su. Maşınlar nə qədər çox olsa da yerləşdiyi coğrafi məkanın yelçəkənliyi havadakı ağır metalları uzaqlara aparıb, yerinə ciyərə, ürəyə dinclik verən dağ havası gətirir. Yaşıllığı göz oxşayan şəhərin qayalardan gələn suyunu içdikcə ruha dinclik gəlir. Bu də Tiflisə yuxarıdan baxasan - şam ağacları ilə əhatələnmiş Tısbağa gölünün kənarından…

Möhtəşəmdir…

Aygün Muradxanlı
Tiflis-Bakı

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR