Bakı və Ankaranın daha hansı resursu var?

Həftə içrə Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşü maqnit kimi medianın diqqətinin əsas hissəsini özünə çəksə də, heç şübhəsiz ki, elə bu günlərdə türkdilli dövlətlərin Qırğızıstanda baş tutmuş növbəti görüşü də diqqətdən kənarda qala bilməzdi.

Əslində Soşi görüşündən bir azca sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq sammitinin işinə başlamasında simvolik məna da tapmaq olar: proseslərin gedişi Rusiya ətrafında cərəyan edən tendensiyaların son anda hara səmtlənəcəyini çox aydın göstərir.

Tamam anlaşılmaz bir adam olan Aleksandr Lukaşenkonun başçılıq etdiyi Belarus, ipinin üstünə odun yığmaq mümkün olmayan, hazırda qorxa-qorxa yeni bir hami axtarışına çıxan Ermənistan və Mərkəzi Asiya regionu dövləti olmağa, ətrafdakı türk dövlətlərilə əməkdaşlıq etməyə məhkum olan kiçik Tacikstan! Əslində Rusiyanın bir imperiya kimi resursları elə də böyük deyil və bir daha əmin olursan ki, çox ağıllı bir insan olan Zbiqnev Bjezinski düz deyirmiş: Ukraynasız Rusiya heçdir və onun imperiya ambisiyaları puçdur...

Sovetlərin süqutu ərəfəsində tək bir ədib kimi tanınmayan, həm də 20-21-ci əsr rus millətçiliyinin ideoloqu hesab edilən Aleksandr Soljenitsın yazırdı ki, Rusiya özünün “qarınaltı yük”ündən – Mərkəzi Asiyadan da imtina etməldir. Onun geosiyasət məsələlərində necə yaxıngörən adam olduğunu göstərmək üçün qeyd edək ki, artıq o vaxtlar seyrək şəkildə “türk zolağı” haqqında yazılar və təhlillər meydana çıxmağa başlamışdı.

Hazırki mənzərə isə A.Soljenitsını bəlkə də tamamilə intihara sövq edərdi: Kremlin imperiya arxitekturasının özülünü Mərkəzi Asiyanın türk dövlətləri təşkil edir və yetər ki, bu özüldə ciddi bir “çat” baş versin, o halda rus imperiyası tamam çökəcək və bəlkə də Moskva özünün imperiya məzmununu heç olmasa, formal cəhətdən saxlamaq üçün bu dəfə artıq keçmiş sovet ölkələrindən qopardığı “qəlpə”ləri – Abxaziya və Cənubi Osetiya kimi cırtdanları ətrafına toplamalı olacaq.
Bu, elə vacib bir detaldır ki, adam hər dəfə Mərkəzi Asiya ölkələrindən söhbət düşəndə ixtiyarsız olaraq düşünür ki, doğrudanmı, bu ölkələr Kreml üçün necə müstəsna bir önəm kəsb etdiklərinin fərqində deyilllər?

Burada bir daha Türkiyənin regionda oynamalı olduğu rolu necə zəif ifa etməsi haqqında söhbət açmayacam. Ona görə ki, son illərdə Ankara özü də deyəsən bunu başa düşməkdə və regiona diqqətini bir az artırmaqdadı və heç şübhəsiz, Rəcəb Tayyib Ərdoğanın da Qırğızstandakı tədbirə qatılması belə fəallaşmanın daha bir göstəricisi sayıla bilər.

Buna qədər Türkiyə prezidentinin Mərkəzi Asiya ölkələrinə səfərləri, sonuncu sammitdə Nursultan Nazarbayevi hətta “türk dünyasının ağsaqqalı” adlandırması o deməkdir ki, türk siyasi isteblişmenti Mərkəzi Asiyada möhkəmlənməyin daha zərif üsullarından da yararlanmaqdadır. Əlbəttə ki, birləşmə -bütünləşmə o vaxt inteqrasiya adlanır ki, o, qarşılıqlı proses kimi cərəyan eidr, əks halda bunu başqa bir adla çağırır, istila və yaxud da “mədəni işğal” adlandırırlar. Heç şübhəsiz, Ankara inteqrasiyaya can atır, amma bunun üçün qarşı tərəfin də meylindən çox şey asılıdır və bu meyl hazırda bir neçə amillərlə şərtlənir: bura Mərkəzi Asiya ölkələrində mövcud olan siyasi rejimlərdən tutmuş, proseslərə əski sovet yanaşması kimi bir çox amilləri aid etmək olardı.

Amma proses gedəcək. Buna qətiyyən şübhə yoxdur. Sadəcə, strateji hədəflər kimi taktiki məsələlər də var ki, bunlar Bakını və Ankaranı bir az da fəal olmağa çağırır. İstənilən birliyin iqtisadi fundamenti olanda o, daha möhkəm olur.
Bunu isə Tanrının özü Bakının və Ankaranın sərəncamına verib: Asiyadan Avropaya yol açmaq, “ipək yolu”nu bərpa etmək, Mərkəzi Asiya ölkələrinin karbohidrogen ehtiyatlarını Azərbaycan və Türkiyənin vasitəsilə Avropaya çıxarmaq – bunlar reallaşsa türk dövlətləri arasında inteqrasiya prosesləri əlavə bir təkan alacaq. Şükür ki, artıq bu səmtdə də müəyyən irəliləyişlər var.

Məsələn, Bakı-Tbilisi- Qars dəmiryolu xəttinin çəkilişindən sonra ayrı-ayrı mütəxəssislər, region üzrə bilim adamları “İpək yolu” layihəsindən bir az da artıq, daha ciddi danışmağa başlasdılar. Xəzərlə bağlı konvensiyanın qəbulu isə Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək daha bir qlobal tranzit layihələrindən bir az da ciddi danışmağa əsas verir.

Ən əsas məqamsa budur ki, sərəncamımızda necə bir resursun olduğunun daim fərqinə varaq: onun köməyilə biz hətta MDB, AİB və hətta KTMT kimi təşkilatların qərarlarına təsir edə bilərik. Bu isə, nə az, nə də ki çox, kənarda dayanaraq Rusiya imperiya siyasətinin mətbəxinə giriş əldə etmək deməkdir...

08.09.2018 10:43
2686