Azərbaycandan dünyaya Qarabağ xəbərdarlığı; Zəngəzur, Göyçə, İrəvan mesajı

100 yaşlı müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpasına hazır olan ordumuzun keçirdiyi möhtəşəm paradda prezidentin işğalçıya verdiyi son mesajlar...

100 yaşlı müstəqil Azərbaycanımızın prioriteti, əlbəttə ki, işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad edilməsidir. İşğalçı Ermənistanın heç bir vəchlə işğalçılıq siyasətindən əl çəkməməsi səbəbindən sülh danışıqları uzun illərdir ki, nəticə vermir. Təbii ki, belə olan halda Azərbaycan öz konstitusion hüququna və beynəlxalq hüquq normalarına da istinad edərək, hərbi yolla torpaqlarını azad etmək əzmində və qüdrətindədir.

Müşahidələr və gedən proseslər onu deməyə tam əsas verir ki, artıq Ermənistan öz taleyi haqqında ciddi düşünməlidir. Azərbaycan Ordusunun yaranmasının 100-cü ildönümü ilə bağlı 26 iyun 2018-ci ildə keçirilən möhtəşəm paradda Prezident, Ali Baş Komandan İlham Əliyevin Ermənistana və dünyaya verdiyi mesajlar əminlik yaradır ki, Azərbaycan istənilən an öz torpaqlarının azad edilməsinə başlamağa hazırdır. Bu zaman isə artıq bütün dayaqlarını itirmiş, daxili intriqaların baş alıb getdiyi, xaos yaşanan Ermənistanın hansı vəziyyətə düşəcəyini təsəvvür etmək çətin deyil.

İlham Əliyev paradda ile ilgili görsel sonucu

Prezident İlham Əliyevin hərbi paraddakı çıxışında səsləndirdiyi mühüm fikirlərə, çağırış və xəbərdarlıqlara diqqət edək:

-  “Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır”.

- “Ordusunun müasir maddi-texniki təchizatı baxımından Azərbaycan dünyanın ən nadir ölkələrindən biridir”.

- “Azərbaycan Ordusunun döyüş qabiliyyəti yüksək səviyyədədir”.

- “Azərbaycanda 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir”.

- “Aprel döyüşləri Ermənistanın öz ordusu ilə bağlı yaydığı mifi darmadağın etdi”.

- “Biz elə bir güclü ordu yaratmışıq ki, düşmənin bütün strateji hədəflərini məhv etməyə qadirdir”.

- “Bu parad Azərbaycan Ordusunun gücünü düşmənə və bütün dünyaya nümayiş etdirəcəkdir”.

- “Azərbaycan xalqı əmin ola bilər ki, ordumuz istənilən vəzifəni icra etməyə hazırdır”.

-  “Ermənistan Azərbaycanla rəqabət apara bilmir və heç vaxt buna nail ola bilməyəcək”.

- “Azərbaycan heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü bərpa edəcək”.

- “Naxçıvan əməliyyatı göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur və istənilən vəzifəni yerinə yetirə bilər”.

- “Bu gün hərbçilərimiz ermənilərin ərazimizdə qazdıqları səngərlərdə xidmət göstərirlər”.

- “Gün gələcək, işğaldan azad olunmuş torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda nümayiş etdiriləcək”...

Prezidentin hərbi paraddakı çıxışı yuxarıdakı sitatlardan da göründüyü kimi, işğalçıya xəbərdarlıqla yanaşı, Azərbaycanın dünyaya Qarabağ münaqişəsinin həllinə dair mesajı kimi başa düşülə bilər. Ali Baş Komandanın icmarıc və xəbərdarlıqlarını şərh edən politoloq Elxan Şahinoğlunun fikrincə, hərbi parad da göstərdi ki, Azərbaycan ordusu NATO standartlarına yaxınlaşır.

Elxan Şahinoğlunun ile ilgili görsel sonucu

Bu, özünü həm hərbçilərin geyimində, həm də alınan hərbi texnikada göstərir. Politoloq deyir ki, Azərbaycanın silah aldığı ölkələrin sayı son illərdə artıb. Əlbəttə, Azərbaycan ordusunun qüdrətini, inkişafını dünyaya, o cümlədən Azərbaycan torpaqlarını işğal edən Ermənistana göstərilməsi vacib idi: “İkincisi, Azərbaycan prezidenti İlham Əliyev hərbi parad vasitəsilə vacib mesajlar verdi. Bu da əhəmiyyətli idi. Doğrudur, İlham Əliyev Azərbaycan ordusu ilə bağlı mütəmadi olaraq mesajlar verir, işğal faktoruna toxunur. Ancaq hərbi parad elə bir müstəvidir ki, orada verilən mesajlar daha diqqətlə analiz edilir və Azərbaycan ordusunun gələcək hədəfləri müəyyənləşdirilir, Azərbaycan və dünya ictimaiyyətinə çatdırılır. Bu mesajları isə diqqətlə analiz etməyə ehtiyac var”.

E.Şahinoğluna görə, prezident İlham Əliyevin hərbi paradda çıxışı zamanı əsas mesajı bu idi: “Müharibə başa çatmayıb, müharibənin yalnız birinci mərhələsi başa çatıb”.

Politoloqun fikrincə, Ermənistanda heç bir siyasətçi Azərbaycan ordusunun real gücünü görməyənə qədər geri addım atmayacaq: “Deməli, bütün hallarda son sözü Azərbaycan ordusu deyəcək. İlham Əliyevin ”Azərbaycan heç vaxt işğalla barışmayacaq və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək" sözləri də bundan xəbər verir. Azərbaycanda ordu yeganə sahədir ki, xərcləri sürətlə artır. 2003-cü ildən bu günə qədər Azərbaycanın hərbi xərcləri 15 dəfə artıb".

Prezidentin hərbi paraddakı xəbərdarlıqları ilə bağlı politoloq deyir ki, beynəlxalq hüquq Azərbaycanın tərəfində olsa da, Ermənistanın Azərbaycan torpaqlarının işğalına son qoymur, mexanizmlərini işə salmır: “Ona görə də prezident də əmin olub ki, torpaqların işğaldan azad olunmasının yeganə alternativi ordunun əməliyyatları ilə bağlıdır. Ermənistanı cəzalandırmaqdan başqa yol qalmayıb. Azərbaycan ordusu yeni strategiyadan çıxış edir. Bu, özünü 2016-cı ilin aprel ayında və son Naxçıvan əməliyyatında göstərdi. Kiçikmiqyaslı hərbi əməliyyatlarla strateji yüksəkliklər azad edilir. Bu, Azərbaycan ordusuna mənəvi üstünlük qazandırır. Böyük dövlətlər, o cümlədən Rusiya Azərbaycan ordusunun yeni strategiyasına mane ola bilmir”.

Burada bir məqama da xüsusi diqqət edilməlidir: Beynəlxalq hüququn Azərbaycanın xeyrinə olması, ordumuzun işğal altındakı torpaqlarımızı bir neçə günə tam azad etmək imkanlarında, gücündə olması ilə yanaşı, regionda gedən proseslər, o cümlədən düşmən ölkədəki hazırkı siyasi, iqtisadi və hərbi şərtlər də birmənalı olaraq Azərbaycanın xeyrinədir.

Faktiki olaraq Ermənistanda xaos hökm  sürür. Baş nazir Nikol Paşinyanla məmur-oliqarxiya, sabiq prezident Serj Sərkisyanın iqtidarda olan kadrları savaşır. Başqa bir nüans isə ondan ibarətdir ki, Paşinyan Ermənistanı Rusiyadan uzaqlaşdırır, o, Qərbin kadrı kimi xarakterizə olunur. Görünən odur ki, Rusiya Ermənistanın yeni rəhbərliyinə qəzəblidir, onu faktiki olaraq dəstəkləmir.  Belə bir şəraitdə və şərtlər daxilində Azərbaycan Ordusunun Qarabağda keçirəcəyi əməliyyatlar zamanı Rusiyanın Ermənistana əvvəlki dəstəyi verəcəyi qətiyyən inandırıcı deyil.

Nikol Paşinyan ile ilgili görsel sonucu

Belə bir ağır durumda olduqlarını Ermənistanın baş naziri Nikol Paşinyan özü də başa düşür. Heç şübhəsiz, bu səbəbdəndir ki, o, Qarabağla bağlı mövzunu, müzakirələrin yönünü dəyişməyə cəhdlər edir. Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə görüşməyə hazır olduğunu nəzərə çatdırıb. Amma eyni zamanda belə bir absurd iddia da səsləndirir ki, “danışıqlarda Qarabağ təmsilçiləri də iştirak etməlidirlər, mən onların yerinə qərar verə bilmərəm”. Bu, Paşinyanın sadəcə özü özünü aldatması kimi başa düşülməklə yanaşı, həm də onun hiyləgərcəsinə Ermənistanın daxili auditoriyasını, xüsusi ilə “Dağlıq Qarabağ erməni klanı”nı sakitləşdirməyə çalışır.

Amma bunlar mənasızdır, çünki rəsmi Bakı Paşinyanın təklifi ilə heç bir halda razılaşa bilməz.

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə də Azərbaycan iki səbəbdən bununla razılaşmayacaq: “Birinci səbəb odur ki, Ermənistan Azərbaycanın torpaqlarını işğal edib. Əgər rəsmi Bakı Qarabağ separatçıları ilə danışıqlara başlasa, işğalda Ermənistanın rolu olmadığı görüntüsü yaranacaq.

İkinci səbəb isə budur ki, münaqişənin həllinin sonrakı mərhələsində müzakirələrdə Qarabağ təmsilçilərinin iştirakı istisna olunmur. Ancaq bu danışıqlarda Qarabağın erməni icması ilə yanaşı, azərbaycanlı icması da iştirak etməlidir. Bu olmadan rəsmi Bakı Qarabağın erməni separatçıları ilə danışıqlar aparmayacaq.

Qarabağ məsələsində N.Paşinyanın Serj Sarkisyandan fərqi yoxdur. Paşinyan S.Sərkisyandan az separatçı olmadığını sübut etməyə çalışır. Paşinyanın baş nazir seçilməsindən iki ay keçib, ancaq o bu müddətdə artıq ikinci dəfə Qarabağa gəlib və yenə təxribatçı açıqlamalar səsləndirib".

Müşahidələr və rəylərdən gəlinən qənaət birmənalı olaraq budur ki, Paşinyan Azərbaycanla sülhə hazır deyil. Bu isə Azərbaycanın hərbi güc tətbiqinə tam əsas və hüquq yaradır.

Belə bir ərəfədə Azərbaycan ordusunun Naxçıvanda keçirdiyi uğurlu Günnüt əməliyyatı isə belə bir ərəfədə faktiki olaraq Paşinyanın manevr imkanlarını tamamilə əlindən alıb. Bu, işğaldakı torpaqlarımızın tam azd edilməsinin başlanğıcı kimi də qiymətləndirilir. Rəylər bundan ibarətdir ki, Azərbaycan ordusu Naxçıvandakı uğurunu Dağlıq Qarabağda da təkrarlaya bilər.

Elxan Şahinoğlu da bildirir ki, Azərbaycan üçün geriyə yol yoxdur: “2016-cı ilin aprel döyüşləri Azərbaycan cəmiyyətinin orduya inamını artırıb. Danışıqlar nəticə verməyib və verməyəcək. Ermənistanda Azərbaycan torpaqlarının azad edilməsi zərurətini anlayan siyasətçi yoxdur. Diplomatiyanın bacarıqsız olduğu yerdə ordu ilk plana çıxır. İndiki vəziyyətdə ordu diplomatiyanı üstələməyə başlayıb. Azərbaycanın əsgər və zabitləri döyüşə atılmaq üçün fürsət gözləyirlər. Bu təbiidir. Ermənistanda 25 ildə yetişən yeni nəsil isə Qarabağ uğrunda ölüm-dirim savaşına hazır deyil. İşğalçını sülh masasına otuzdurmayana qədər təmas xəttində problemlərini artırmaq lazımdır”.

“Cümhiriyyət ili”ndə Azərbaycan prezidentinin son aylarda vurğuladığı digər bir məqam isə tarixi torpaqlarımız olan Göyçə, Zəngəzur, İrəvanla bağlıdır. Dövlət başçısı İlham Əliyev çıxışlarında qeyd edir ki, bu tarixi torpaqlar unudulmamalıdır. Sitat: “Və biz bu torpaqları unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq”.

Prezident “Cumhuriyyət İli” fonunda həyata keçirilən araşdırmalarda tarixi Azərbaycan torpaqları, bu torpaqların kimlərin vasitəsilə kimlərə verildiyi, zəbt edildiyi ilə bağlı məsələlərə də diqqət yetirməyin vacibliyini vurğulayıb. Müxtəlif strukturlar, QHT-lər bununla bağlı ciddi addımlar atırlar.

“Biz zaman-zaman ”Böyük Çin", “Böyük Rusiya, ”Böyük Ermənistan" kimi ifadələrə rast gəlirik. Həmin dövlətlərin nümayəndələri bu cür ifadələrlə öz böyüklüklərini təlqin etməyə çalışırlar. Halbuki, bu gün Ermənistanın malik olduğu bütün torpaqlar bizimdir. Necə ola bilir ki, Ermənistan Azərbaycan torpaqlarını zəbt etsin, orada ikinci bir erməni dövləti yaratmağa cəhd etsin, ancaq biz öz tarixi torpaqlarımıza iddiamızı bildirməyək?!" Prezidentin bu sitatı Azərbaycanın dünyaya, işğalçı Ermənistana mesajıdır ki, Azərbaycan nəinki Qarabağın azadlığına nail olacaq, bununla kifayətlənməyərək, öz tarixi torpaqları olan Göyçə, Zəngəzur və İrəvana da sahib çıxacaq.

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.

Elşad MƏMMƏDLİ

02.07.2018 09:30
2428