ATƏT sədrinin “irəliləyiş” anonsu: Enzo Moavero Milanesdə sirr var?

İtaliyanın xarici işlər nazirinin Qarabağla bağlı açıqlaması reallığı əks etdirmir; ekspertlər diplomatın optimizmini bölüşmür

Ermənistanın yeni hökumətindən Qarabağ məsələsinin həlli ilə bağlı konstruktiv mövqe gözləyənlərin optimizmi uzun sürmədi. Baş nazir Nikol Paşinyan hökumət başına gəldikdən az sonra radikal davranışları ilə sələflərindən də irəli getmək niyyətini ortaya qoydu.

Ermənistanın baş nazirinin ötən həftə növbəti dəfə Azərbaycanın işğal altındakı ərazilərinə gəlməsi, özü də onun Xocalı aeroportuna enişi ilə bağlı şounun nümayiş olunması açıq şəkildə beynəlxalq hüquqa zidd davranışdır. Paşinyan təbii ki, bu yolla Ermənistan əhalisinin gözündə ucalmaq, etirazlarla üzləşdiyi şəraitdə əlavə dividentlər əldə edib parlament seçkilərində uğur qazanmaq niyyətindədir. Ancaq onun bu davranışları təhlükəli perspektivlər vəd edir. Belə ki, Azərbaycan dəfələrlə bəyan edib ki, onun səbri tükənməz deyil və Ermənistanın torpaqları işğaldan azad etməməsi halında bütün məsuliyyət işğalçı ölkənin üzərinə düşəcək. Robert Köçəryan və  Serj Sərkisyanın səhvlərindən nəticə çıxarmaq əvəzinə, N.Paşinyanın da öz xalqının fəlakətlərə aparmaq istiqamətində addımlar atması halında təbii ki, savaş qaçılmaz olacaq.

Əslində beynəlxalq təşkilatların, xüsusilə də Dağlıq Qarabağ probleminin həllinə məsul olan ATƏT-in Minsk Qrupu N.Paşinyanın bu davranışlarının, o cümlədən Ermənistan polisinin işğal altındakı Azərbaycan ərazilərinə “xidmətə” (!) gətirilməsinin qarşılığında kəskin reaksiya verəcəyi ilə bağlı gözləntilər yenə də özünü doğrulmadı.

Düzdür, rəsmi Bakı məsələyə münasibət bildirib. Məsələn, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Ermənistan polisinin Azərbaycanla sərhəd boyunca dislokasiya edilməsi Ermənistan ordusunda ciddi problemin olduğunu göstərir. (Publika.az ttp://publika.az/) H.Hacıyev ardınca qeyd edib: “Ermənistan KİV-lərində yayılan məlumatlara əsasən, polis və daxili qüvvələrin Azərbaycanla sərhəd boyunca dislokasiya edilməsi Ermənistan silahlı qüvvələrində şəxsi heyətin komplektləşdirilməsində ciddi problemin olduğunu, şəxsi heyətin çatışmazlığını göstəridir”. XİN rəsmisi bildirib ki, belə qanunsuz hərəkətlər Dağlıq Qarabağ münaqişəsinin həllinə maneçilik törədir. (“Trend”)

Ancaq söhbət Azərbaycanı hər vəchlə hərbi əməliyyatlardan çəkindirməyə çalışan dünya güclərinin reaksiyasından gedir. Beynəlxalq hüquq işğalçı ölkənin bu davranışlarına sərt reaksiyanın verilməsini, Ermənistana qarşı sanksiyaların tətbiqini tələb edir. Lakin N.Paşinyanın öz oğlunu Qarabağa, hərbi xidmətə göndərməsinin, üstəlik, özünün də Azərbaycan sərhədlərini pozmasının qarşılığında həmsədr ölkələr yenə də status-kvonun saxlanmasına yönəlik mövqelər nümayiş etdirməkdədirlər. Məsələn, Ermənistanın müdafiə naziri David Tonoyan ABŞ-ın ölkədəki səfiri Riçard Mills və Amerikanın yeni təyin olunmuş hərbi attaşesi Ceyms Tomsonu qəbul edib. Tərəflər müdafiə sahəsində Ermənistan-Amerika əməkdaşlığı və regional təhlükəsizlik məsələsini müzakirə ediblər. Məlumatda deyilir ki, ABŞ tərəfinin xahişi ilə Tonoyan Naxçıvan istiqamətində Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə məlumat verib. Amma hansı ki, ABŞ səfiri Tonoyandan oğlunu hansı haqla Qarabağa hərbi xidmətə göndərməsinin səbəbini soruşmalı idi. Göründüyü kimi, ikili standartlar öz sözünü deyir.

****

Bu arada ATƏT-in fəaliyyətdə olan sədri, İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Enzo Moavero Milanes deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində irəliləyiş var. “Report” TASS-a istinadən xəbər verir ki, nazir bunu cümə axşamı təşkilatın Daimi Şurasının iclasında çıxışı zamanı deyib. İtaliya xarici siyasət idarəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, o, hər iki ölkədə seçkilərin keçirilməsinə baxmayaraq, Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ ərazi mübahisəsinin nizamlanması üzrə danışıqlar prosesində irəliləyişin olduğunu qeyd edib. Nazir həmçinin bildirib ki, ATƏT Şərq və Qərb arasında konstruktiv dialoq üçün meydan olmalıdır.

Rəsmi məlumata görə, Azərbaycan və Ermənistan XİN başçıları BMT Baş Assambleyasının sentyabrda keçiriləcək sessiyasında həmsədrlərlə bir araya gələcəklər. Amma bu kimi görüşlərin statatistikasına baxsaq, növbəti görüşü irəliləyiş adlandırmaq mümkün deyil. Belə olan halda ATƏT sədrinin optimizminin səbəbi qaranlıq qalır. 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da “Yeni Müsavat”a açıqlamasında İtaliyanın baş diplomatının nikbinliyindən təəccübünü gizlətmədi: “Xarici işlər naziri Enzo Moavero Milanes təşkilatın Daimi Şurasının iclasında çıxışı zamanı deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində irəliləyiş var. Görəsən, italiyalı nazir nəyə əsasən belə bir optimist cümlə işlədib? Axı hazırda hansı danışıqlar aparılır ki, həmin virtual danışıqlarda nəticə də olsun? Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın başı hər tərəfdən dərd içindədir, o özü də dolayısı ilə etiraf edib ki, danışıqlara hələ hazır deyil. Görünür, İtaliyanın xarici işlər naziri, sadəcə, cəbhə bölgəsindəki nisbi sakitlikdən bu qərara gəlib ki, guya vəziyyət normaldır”. E.Şahinoğlu qeyd etdi ki, Almaniya kansleri Angella Merkel də bölgəyə səfəri zamanı atəşkəsə istinad edərək vəziyyətin normal olduğuna işarə etmişdi: “Atəşkəsə istinad yanlışdır. Cəbhə bölgəsində istənilən an hər şey baş verə bilər. Bundan heç bir tərəf sığortalanmayıb. İtaliya ATƏT-in sədri kimi münaqişənin həllinin sürətləndirilməsi üçün heç nə təklif etmir. Məsuliyyətdən yaxa qurtarmaq üçün də ”danışıqlarda irəliləyiş var" kimi beynəlxalq aləmə yanlış mesaj göndərirlər". Politoloqun fikrincə, Azərbaycan XİN cavab açıqlaması ilə danışıqlarda heç bir irəliləyişin olmadığını bildirməlidir, əks halda, ətrafdakılar İtaliyanın xarici işlər nazirinin sözlərinə inanacaqlar: “Bu vaxta qədər ATƏT çox ölkə sədrlik edib və hər biri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ciddi məşğul olacağını açıqlasa da, nəticə göz qabağındadır. Vaxtilə ATƏT sədri olan Almaniya da aktiv olacağını vəd edirdi. Hətta 2016-cı ildəki hərbi toqquşma Almaniyanın sədrliyi dövrünə təsadüf etdi. Ancaq yenə nəticə olmadı. Kənar dövlətlərdən münaqişəni həll edə biləcək tək dövlət Rusiyadır. Bu dövlət isə təəssüf ki, hələ ki münaqişənin həllində maraqlı deyil. Halbuki son günlər Azərbaycanda belə səslər eşidilir ki, Rusiya Azərbaycanla strateji müttəfiqliyini gücləndirib münaqişəni ədalətli həll etmək istəyir. Doğrusu, mənim şübhəm var. Münaqişənin həlli əvəzində bizə qarşı irəli sürüləcək şərtlərin ağırlığını da nəzərə almalıyıq”.

“Danışıqlar prosesində hansısa irəliləyişlərin olduğu ilə bağlı təsəvvürün belə olmadığı bir vaxtda ATƏT-ə sədrlik edən İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Enzo Moavero Milanesin açıqlaması maraq doğurur”.

Bunu isə BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli isə qəzetimizə dedi. Siyasi şərhçinin fikrincə, bunun nə qədər əsaslı olub-olmadığını müəyyənləşdirmək imkanımız olmadığından ümumi mənzərəyə qiymət verə bilərik: “Ola bilsin ki, italiyalı nazir danışıqlar prosesi ilə bağlı hansısa məlumatlara malikdir. Lakin sadəcə, Ermənistandakı qeyri-sabit vəziyyəti nəzərə alsaq, optimizm üçün əsas olmadığı qənaətinə gələ bilərik. Belə bir vəziyyətdə Ermənistan rəhbərliyinin ATƏT nümayəndələri ilə görüşdə müəyyən qədər pozitiv fikirlər səsləndirməsi vaxt qazanmaq üçün manevr xarakterli də ola bilər. Hesab edirəm ki, Enzo Moavero Milanesin fikirləri reallığı əks etdirmir və yalnız danışıqlar prosesi ətrafında müsbət aura yaradılmasına xidmət edir”.

****

Danışıqlar prosesində “irəliləyişin olduğu” barədə rəyin yaradılması başqa niyyətlə də ola bilər. Məsələ burasındadır ki, Almaniya kansleri Angela Merkel İrəvanda keçirdiyi mətbuat konfransında Berlinin Qarabağ konfliktinin həllinə yardım etməyə, Qarabağ məsələsinin həllinə görə Almaniyanın məsuliyyəti üzərinə götürməyə hazır olduğunu söyləmişdi. Almaniya ATƏT-in Minsk Qrupunun üzvüdür. Lakin Qarabağ probleminin həlli ilə bağlı danışıqlar Minsk Qrupunun həmsədrləri (ABŞ, Rusiya, Fransa) formatında aparılır. Bu mənada İtaliya XİN rəhbərinin son açıqlamasını Almaniyanın həmsədrliyə iddiasına dolayı cavab da saymaq olar. Ola bilsin diplomat ATƏT-ə sədrlik etdiyi dövrün fəaliyyətsizliyi fonunu dağıtmaqdan ötrü nikbin danışıb. Bu məqamda Moskvadan verilən reaksiya da maraqlıdır. “Almaniyanın Qarabağ konfliktinin həllində iştirakı məsələsini konfliktin çözülməsinə birbaşa cəlb edilən ölkələr müəyyən etməlidir”. Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Rusiya XİN sözçüsünün bu reaksiyası Almaniyanın Qarabağ məsələsinin həllində iştirakına mənfi reaksiyasının nümayişidir. Belə demək mümkünsə, Rusiya başda olmaqla, “həmsədrlər nə əldən qoyur, nə yardan doyur”. Onlar faktiki olaraq Qarabağ məsələsini öz inhisarlarında saxlamaqda maraqlıdırlar. Əgər belə olmasaydı, heç olmasa Qubadlı rayonunun Ermənistan tərəfindən işğalının 25 illiyi ilə əlaqədar bəyanat yayar, işğalçıya quru xəbərdarlıq edərdilər...

Elşad PAŞASOY

01.09.2018 09:30
868