İnsanlara hürriyət, millətlərə istiqlal!

Arzu Nağıyev: “Türkiyənin Qarabağda antiterror əməliyyatı keçirilməsi üçün razılıq əldə edilməlidir”

2973 08.09.2018 09:10 KİVDF layihələri A A

Türkiyəyə qarşı xain hücumlarını davam etdirən terrorçu təşkilat Ermənistan və Dağlıq Qarabağdakı “mağara”lardan çıxır; iki qardaş ölkə təhlükəsizliyini təhdid edən erməni-PKK terroruna qarşı vahid cəbhədə hərəkətə keçə bilər

Uzun illərdir Ermənistan və PKK arasında işbirliyinin olması, qardaş Türkiyəyə qarşı terrorçu planlarında işğalçı ölkənin də dolayısı, yaxud birbaşa yer alması barədə yazdıqlarımız növbəti dəfə öz təsdiqini tapmaqdadır.

Bu günlərdə Ermənistandakı PKK düşərgələrindən çoxsaylı terrorçunun Türkiyəyə keçdiyi barədə sensasion məlumat Türkiyə mediasında dərc olunub. Bu barədə Türkiyə hakimiyyətinə bağlı “Yeni Şafak” qəzeti hərbi-kəşfiyyat mənbələrinə istinadən yayıb. Məlumata əsasən PKK-nın Ermənistandakı düşərgələrindən terrorçular solçu radikal qrupların cəmləşdiyi Ağrı, Bingöl, Tunceli və Tokat bölgələri üzərindən Qara dəniz sahilindəki dağlıq bölgələrə keçməyə çalışırlar. Bildirilir ki, Ermənistandan sızan terrorçuların Gümüşhanə səmtinə keçməyə hazırlaşdığı qeydə alınıb. Xəbərdə o da deyilir ki, Ermənistandakı düşərgələrdən PKK-çılar sərhədi keçərək Ağrı bölgəsindəki Tendürək dağında cəmləşiblər. Onları havadan pilotsuz kəşfiyyat təyyarələri qeydə alıb. Bu terrorçular TİKKO, MKP, TİKB, MLKB kimi radikal solçu qruplaşmaların uniformalarını daşıyır, onlar mövsümi işçilər  adı altında Qara dəniz bölgəsinə keçməyə can atırlar.

Virtualaz.org-un yazdığına görə, PKK-nın Qara dəniz bölgəsində möhkəmlənməyə çalışmasının səbəbi budur ki, Türkiyə silahlı qüvvələri terror təşkilatının Amanos dağlarındakı qüvvələrini məhv edib. Nəticədə terrorçular Amanos dağlarında yenidən möhkəmlənə bilmədikləri üçün Qara dəniz sahilindəki dağlıq bölgələrə yerləşməyə çalışırlar. Türkiyə qəzeti yazır ki, yaranmış vəziyyətlə bağlı Türkiyə ordusu Tunceli, Bingöl, Ağrı və Tokat bölgələrində geniş təhlükəsizlik tədbiri görüb, havadan pilotsuz təyyarələr müntəzəm olaraq bölgəni izləyir. Hərbi qüvvələr mümkün əməliyyat üçün hazırlıq vəziyyətindədir.

PKK-nın təkcə Ermənistanda yox, Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində da düşərgələrinin olduğu məlumdur, bu barədə Türkiyə mənbələri də dəfələrlə məlumatlar yayıblar. Bu arada PKK-çıların Ermənistandan böyük qruplaşmalar halında qardaş ölkəyə keçmələri hansısa planın hazırlanması görüntüsünü yaradır. Ermənistana sığınmış PKK tör-töküntülərinin məhz bu ərəfədə aktivləşməsi təsadüf ola bilməz. Ermənistan mətbuatının yazdığına görə, bu ölkənin hərbi qüvvələri Rusiyanın tərkibində Suriyadakı əməliyyatlarda iştirak etmək istəyir. Türkiyənin Suriyada və İraqda terrorçulara endirdiyi zərbələr PKK, PEJAK və digər terrorçu təşkilatlar kimi, onların himayədarlarını, həmçinin terroru dəstəkləyən Ermənistanı da narahat edir. Hətta Suriyadakı ermənilərin müdafiəsi adı altında kampaniyalara başlamaq çağırışları da səslənir. Bir sıra hallarda PKK-nın tərkibində kürd terrorçuları ilə yanaşı, ermənilərin də döyüşdüyü məlum olub. Bu mənada tamamilə mümkündür ki, Ermənistan-PKK koalisiyası hansısa anti-Türkiyə planında yer alıblar.

Belə olan təqdirdə Türkiyə və Azərbaycanın gözlənilən təhlükələrə qarşı bir yerdə mübarizə aparması olduqca zəruridir. Həmçinin iki dövlət Azərbaycanın işğal altındakı ərazilərdə məskunlaşan və orada təlimlər keçən PKK-nın məhv edilməsi planını da birgə işləyib həyata keçirə bilər. Dəfələrlə məlumatlar yayılıb ki, Suriya və İraqda sıxışdırılan PKK Ermənistana sığınır, oradan da Qarabağ ərazilərinə yerləşir. Deməli, nəzarətsiz Azərbaycan ərazilərində terrorçuların rahat nəfəs almasına imkan vermək olmaz. Yeri gəlmişkən, Türkiyə rəhbərliyi daim Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin zəruriliyini bəyan edib. Lakin görünür, işğalın uzanmasına stimul verən halların aradan qaldırılması istiqamətində addımlar atılmasa, bəyanatların təsir gücü olmayacaq. Nəzəri cəhətdən Türkiyə Qarabağdakı terrorçu mövqelərini bombalaya bilər. Əks təqdirdə, erməni və kürd terrorçuları digər bölgələrdən olduğu kimi, Qarabağdan da Türkiyə və Azərbaycanın təhlükəsizliyini təhdid edəcəklər.

Картинки по запросу Arzu Nağıyev

Sabiq milli təhlükəsizlik zabiti, politoloq Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın Dağlıq Qarabağ ərazisində yerləşdirdiyi terror təşkilatlarının arasında PKK-nın da olduğu məlumdur: “Dəfələrlə bu haqda mötəbər mənbələrdən məlumatlar daxil olub. Eyni zamanda Suriyadan ”qaçqın" adı ilə qaçan terrorçular da işğal olunmuş ərazilərdə yerləşdirilir. Bu terror dəstələrinə qarşı antiterror əməliyyatı keçirmək də mümkündür, çünki bu, Azərbaycanın ərazi bütövlüyünə təhdiddir və bütün beynəlxalq norma və qanunlara ziddir. Özü də bu əməliyyatları keçirmək üçün BMT-yə də müraciət etmək lazım deyil, sadəcə olaraq, regional aktyorlar, yəni dövlətlər bunun böyük bir savaşa çevrilməsindən çəkinirlər". Lakin A.Nağıyev qeyd etdi ki, Türkiyənin Qarabağda və Ermənistanda antiterror əməliyyatı keçirilməsi üçün isə həm müvafiq qaydada hər iki dövlətin icazəsi olmalı və BMT-də bununla bağlı razılıq əldə edilməlidir: “Yəni bu əməliyyatların keçirilməsinin qanuni yolu budur. Təbii ki, Azərbaycan bunun ancaq lehinə ola və münaqişənin həllində mühüm dönüş də yarana bilər. Digər tərəfdən, Rusiya və digər regional dövlətlərin buna razılıq verəcəyi inandırıcı görünmür. Əgər bu razılıq əldə edilərsə, mühüm bir dönüşün şahidi ola bilərik. Türkiyə NATO-nun üzvüdür, onun hər hansı bir hərbi bazasının qurulması alyans tərəfindən də dəstəklənməlidir və Azərbaycanın beynəlxalq öhdəliklərinə də uyğun olmalıdır. Təbii ki, belə söhbətlər, şərhlər və bəyanatlar mühüm görüşlər ərəfəsində daha çox nəzərə çarpır və yayılır. Bu gün üçün belə bir konkret fikir yoxdur”.

Картинки по запросу Hərbi ekspert Üzeyir Cəfərov

Hərbi ekspert Üzeyir Cəfərov isə dedi ki, dünyanın ən iri və odioz terror təşkilatlarından biri sayılan PKK-nın Ermənistandakı, həmçinin işğal altında saxladıqları Azərbaycan ərazilərindəki müxtəlif düşərgələrində hansı işləri görməsi haqqında çoxsaylı məlumatlar dolaşmaqdadır: “Mənfur düşmənlərimiz burada həm ermənilərin özlərindən, həm də xarici ölkələrdən muzdla gətirdikləri həmvətənlərindən qonşu Türkiyə ərazisində təxribatlar törətmək, aranı qatmaq üçün daim cəhdlər də ediblər, bəzən bu addımlar faciələrlə müşayiət olunub və olunur. Son günlər PKK-nın Ermənistandakı düşərgələrində yeni dəstələrin bölgədə aktiv fəaliyyətə keçməsi ilə bağlı məlumatlar da çox ciddi narahatlıq doğurub. Onsuz da gərgin olan regiondakı vəziyyəti bu terrorçular bir qədər də ağırlaşdırmaq, insanların növbəti faciələrini yaşatmaq üçün cəhdlər göstərirlər”. Ancaq hərbi ekspert güman etmir ki, həmin terrorçularla mübarizə aparmaq üçün rəsmi Ankara həm Ermənistan ərazilərində, həm də Qarabağın işğal altında qalan bölgələrində hansısa qabaqlayıcı tədbirlər həyata keçirəcək: “Nəzəri baxımdan Türkiyə hər şey edə bilər. Amma, vəziyyət əgər kritik həddə çatarsa, onda qardaş ölkə bu addımı atmağa məcbur olacaq. İndiki halda isə yəqin ki, terrorçuların hərəkəti daha aktiv şəkildə izlənəcək və onlar məqamı düşən kimi zərəsizləşdiriləcəklər.

Bu solçu radikal qrupların özləri də gözəl anlayırlar ki, onların sonu yoxdur və nəhəng NATO ordusundan biri sayılan Türkiyə güc strukturlarına qarşı onların hər hansı effektiv fəaliyyəti, sadəcə, mümkünsüzdür. Həm də belə bir məlumatın məhz Türkiyə prezidentinin Azərbaycana səfəri öncəsi dövriyyəyə buraxılması ola bilsin ki, nəbz yoxlaması kimi də olsun. Yəni görək Türkiyə bu silahlı qruplaşmalarla ilə bağlı hansı addımları planlaşdırır və onların yaxın zamanlarda ata biləcək addımlar hansılar ola bilər. Ərdoğanın və digər Türkiyə siyasi-hərbi camiəsinə daxil şəxslərin Qarabağla bağlı son nəticənin Azərbaycanın istəyinə və beynəlxalq qanunlara rəğmən həllini sürətləndirməyə dəstək olacaqları ilə bağlı bəyanatları da PKK-nın Ermənistandakı havadarlarını da narahat etməyə başlayıb”.

Картинки по запросу Zeynep Gürcanlı

Bir neçə gün öncə belə bir xəbər yayılmışdı ki,Türkiyə Azərbaycanın Naxçıvan muxtar respublikasında hərbi baza qurmağa hazırlaşır. Bu haqda Türkiyənin “Sözçü” qəzetinin köşə yazarı Zeynep Gürcanlı yazısında bildirmişdi. “Ankarada son günlər siyasi dairələrdə müzakirə olunan çox önəmli bir məsələ var. Türkiyə Somali və Qətərdən sonra xaricdəki üçüncü hərbi bazasını Naxçıvanda qurmaq üçün hərəkətə keçmiş durumdadır. Sizcə, Naxçıvanda Türkiyə hərbi bazası məsələsində ən yeni ”strateji ortağımız" Rusiyanın mövqeyi necə olar?" - müəllif sual etmişdi.

Qeyd edək ki, Azərbaycanla Türkiyə arasında hərbi müttəfiqlik barədə mövcuddur və bu müttəfiqlik çərçivəsində Türkiyənin Naxçıvanda hərbi baza yerləşdirməsi məsələsi dəfələrlə gündəmə gəlib. Qeyri-rəsmi mənbələr, ekspert çevrələri bu barədə dəfələrlə bildiriblər. Xüsusən Ermənistanda bu məsələ ciddi narahatlıqla izlənilir. Elə son xəbərlərin ardınca Ermənistan mətbuatı Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı ilə əlaqədar təşviş dolu materiallar dərc etməkdədir. Yazı müəllifləri Naxçıvanda Türkiyə hərbi bazasının yerləşdirilməsini mümkün sayaraq açıq narahatlıqlarını bildirirlər. Təbii ki, Türkiyə öz ərazisində və işğal etdiyi Azərbaycan torpaqlarında terrorçulara yer ayıran, onlara təlim keçən Ermənistana yerini göstərmək üçün istənilən addımı ata bilər.

Bu arada düşməni rəncidə edən daha bir istiqamətdə hərbi əməkdaşlığın şahidiyik. Belə ki, Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, sentyabrın 3-də başlayan “TURAZ Şahini - 2018" birgə taktiki-uçuş təlimləri davam edir. Günün birində türk şahinləri Qarabağdakı PKK-erməni terrorçularının sığındığı ”mağaralar"ı da hədəfə ala bilər...

Elşad Paşasoy,

"Yeni Müsavat"

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR