İnsanlara hürriyət, millətlərə istiqlal!

Artan gömrük yığımları bazara necə təsir edəcək?

2360 13.08.2018 20:55 Sosial A A

Baş nazir Novruz Məmmədov Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq ötən həftə “Gömrük yığımlarının məbləğləri”ndə dəyişikliklər etdi. Belə ki, gömrük rüsumları artırıldı.

Dəyişikliklə “Gömrük yığımlarının məbləğləri”nə 2.1.5-2.1.7-ci yarımbəndlər əlavə edilib. Bununla da gömrük dəyəri 100 000 manatdan yuxarı və 500 000 manatadək olan mallar üzrə 300 manat, gömrük dəyəri 500 000 manatdan yuxarı və 1 000 000 manatadək olduqda 600 manat, gömrük dəyəri 1 000 000 manatdan yuxarı olduqda 1000 manat ödəniləcək.

Nazirlər Kabinetinin 2016-cı il, 26 aprel tarixli 168 nömrəli qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan gömrük yığımlarının məbləğləri aşağıdakı kimidir:

Gömrük dəyəri 1 000 manatadək olduqda 10 manat, gömrük dəyəri 1 000 manatdan yuxarı və 10 000 manatadək olduqda 50 manat, gömrük dəyəri 10 000 manatdan yuxarı və 50 000 manatadək olduqda 100 manat, gömrük dəyəri 100 000 manatdan yuxarı və 500 000 manatadək olduqda 275 manat rüsum ödənilir.

Yeni qərarla yük və minik avtomobilləri, mikroavtobus və avtobuslar üçün rüsum 30 manata, digər avtonəqliyyat vasitələri üzrə 25 manata qaldırılıb.

Belə ki, indiyə qədər yük və minik avtomobilləri, mikroavtobus və avtobuslar üçün 20 manat, digər avtonəqliyyat vasitələri üçün 15 manat rüsum tələb edilirdi.

Qərar sentyabr ayında qüvvəyə minəcək. Maraqlıdır, yeni qərar qiymətlərə necə təsir edəcək? Bahalaşma gözlənilirmi?

Musavat.com-a danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirir ki, gömrük xərcləri müəyyən qədər artsa da, digər tərəfdən sahibkarlar üçün avantajlı situasiya yaranıb: “Hər hansı bir məhsulun idxalı zamanı ona iki istiqamətdə vergi növü tətbiq edilir. Bunlardan biri vergi rüsumudur, digəri gömrük yığımlarıdır. Gömrük yığımları əməliyyat prosesinin maliyyələşdirilməsi məqsədi ilə birbaşa idxalçının və yaxud məhsul idxal edənin sahibkarın Gömrük Komitəsinə ödədiyi xərc hesab olunur. Bunlardan hər hansı birinin artırılması son nəticədə məhsulun ölkəyə idxal maya dəyərinin artmasına, beləliklə, bahalaşmasına gətirib çıxarır. Son verilən qərarlar da daha çox ölkəyə idxal olunan məhsulların maya dəyərinin artması ilə son nəticədə bu məhsulların daxili bazarlarda bahalaşmasına gətirib çıxaracaq. Məhsullar Azərbaycana əsasən İran, Türkiyə, Rusiya və Avropa ölkələrindən idxal olunur. Hər dörd istiqamətdə də valyutalar öz dəyərini itirib. Dəyərsizləşmənin son nəticəsi bu ölkələrdən Azərbaycanda idxal olunan məhsulların maya dəyərini aşağı salıb. Bir tərəfdən müəyyən qədər xərclər artırsa, digər tərəfdən məhsulun maya dəyəri aşağı düşür. Bu da imkan yaradır ki, sahibkar qısa müddətli dövrdə hər hansı bir devalvasiya olmasa belə bir şəraitdə qiymətləri müəyyən qədər sabit şəkildə saxlasın. Normal liberal bazar şərtləri daxilində bu ölkələrdən Azərbaycana gələn məhsulların qiymətlərində əhəmiyyətli səviyyədə ucuzlaşma müşahidə etməliyik. Xüsusi ilə Türkiyə və İrandan idxal olunan məhsulların maya dəyərində ciddi şəkildə azalma var. Amma çox təəssüf ki, bizdə bazar liberal deyil. Bir çox hallarda məhsulları ölkəyə inhisarçı qruplar gətirirlər. İndiki halda müəyyən qədər gömrük xərcləri artsa da, digər tərəfdən sahibkarlar üçün avantajlı situasiya yaranıb. Qısa müddətli dövrdə bu imkanlar hesabına xərclərini kompensasiya edib bazarlarda birbaşa qiymət artımına getməsinlər”.

Ləman Mustafaqızı,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR