İnsanlara hürriyət, millətlərə istiqlal!

Aqressiv feminizm - Ələkbər Əliyev yazır

3132 11.09.2018 11:34 Yazarlar A A

Mərhum Heydər Camalın “Aqressiv feminizm” adlı bir çıxışı var, maraqlananlar Youtube-dan tapıb, baxa bilərlər. Qısaca deyim ki, Heydər Camal ABŞ-da, prodüsser Harvi Vaynşteynlə başlayan və sonra başqa kişiləri və ölkələri də içinə alaraq, böyük bir qadın hərəkatına çevrilən fenomendən, bu fenomenin törətdiyi fəsadlardan danışır; kişinin, kişi obrazının zədə almasının ciddi problemlər yaratdığını və bu hərəkatın, “qadınlara əl atan kişilər”in ifşasından çox, “şərxəta” qadınlar üçün intiqam fürsəti yaratdığını iddia edir. İndi, istənilən qadın, heç bir sübut təqdim etmədən, istənilən kişi haqqında “mənə sataşıb” desə, məhkəmə birmənalı olaraq, onun tərəfini tutacaq. Kişiləri şərləmək, aqressiv feminizmin qələbə çaldığı Qərb ölkələrində, çox asan olmuşdur. Bu, imperializmin növbəti silahıdır, filan...

Bu çıxışı publik müzakirəyə çıxararaq, dostlarımın rəyini öyrənmək imkanım oldu. Opponentlərimin çoxu o fikirdədir ki, “şəriətçi bir adam, yaxşı heç nə danışa bilməz”. “İslami dünyagörüşünü müdafiə edən bir şəxsin qadın və onun toplumdakı yeri haqqındakı fikirləri, Quran və sünnə çərçivəsindən kənara çıxmayacağına görə, onun dediyi heç bir şey faydalı ola bilməz”.

Mən bu fikirlərlə qismən razılaşa bilərəm, necə deyərlər, hər şey ağ və qara rəngdə deyil, başqa rənglər və tonlar da var. Yaxşı bir aşbazın, dülgərin, mühasibin, yaxud da rəngsazın ideologiyası bizi maraqlandırmırsa, onun din-imanına yox, işinə qiymət veririksə, burada da bir söz ustası, orator və nəhayət, oxumuş, savadlı bir insan (intellektual adlandırmaq istəmiriksə), müasir problemləri şərh edir və ona müsəlmandır deyə, danışmağı qadağan edə bilmərik. Müsəlmanlığı, aqressiv feminizm haqqındakı fikirlərinin “apriori səhv” olduğuna dəlalət etmir.

Publisistikaya, yaradıcılığa aidiyyatı olan adam kimi deyə bilərəm ki, Heydər Camalın metaforik dili, fantaziyası zəngindir. Baxın, mərhum nə deyir: “Penis xaosdur, vagina isə kosmos”. Bunlar “mırta”, nəsə demək xətrinə deyilmiş sözlər deyil, adam bütün tezislərini əsaslandırır və Aristoteldən Sokrata, Fukodan Derridaya qədər böyük bir spektrdə oynayır. Mərhumun aforizminə qayıtsaq - gözünün ucuyla görən, ibrət dərsi götürər.

Mərhum Heydərə qulaq asdıqca, feminizmin bizim topluma nə verə biləcəyi haqda düşünürdüm. Belə qərara gəldim ki, feminizm – hər şeyi aşmış, bütün xırda məişət problemlərini həll etmiş toplumların lüksu ola bilər. Bu, ona oxşayır ki, kimsə ciddi-ciddi Azərbaycanda silikon vadisinin qurulması perspektivlərindən danışsın. Microsoft-un, Google-un serverləri Qobustana köçürülür və Azərbaycanda feminizm qələbə çalır, belə bir fantastik perspektiv.

Azərbaycanın feminizmə ehtiyacı yoxdur, Azərbaycanın problemi danalıqdır. Danalar hər yerdədir, ölkədə zövqü onlar diqtə edirlər, qanun və hüquq da onların başa düşdüyü kimi işləyir. Nə qadın, nə uşaq, nə heyvan, nə ağac – onlar heç nəyin və heç kimin hüququnu tanımırlar, bu terminlə tanış deyillər.

Baxın, güneyli yoldaşlara. Onlar müsəlman ola-ola ortaq qadın-kişi məclisləri qurub, saz çalıb, mahnı oxuyurlar və heç kimə sirr deyil ki, qadın dominantlığında bizdən də irəlidədirlər. Azərbaycanda matriarxatın hakim olduğunu inkar edən adam, həyatdan heç nə başa düşməmiş, piyada adamdır. Feminizmin ən böyük düşməni, elə bizim qadınlardır. Onlara feminizm lazım deyil. Bizdə feminizm oldu-olmadı - azərbaycanlı kişi üçün heç nə dəyişməyəcək – ana-nənə-(Güneydə bibi)-ağbirçək kultu paradiqmasında, yəni Heydər Camal demişkən “KOSMOS”da yaşamağa davam edəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR