İnsanlara hürriyət, millətlərə istiqlal!

“20 ildir Azərbaycanda dini inqilabın olacağı xəbərdarlığı ortaya atılır”

4526 03.09.2018 15:25 Müsahibə A A

Elçin Əsgərov: “Xaric amilinin ölkəmizin dini sferasına ciddi təsiri hələ bir müddət də davam edəcək”

***
Elçin Mirnizami oğlu Əsgərov 1968-ci il avqustun 4-də Bakıda dünyaya gəlib. Bakı Dövlət Universitetinin Tarix Fakültəsini bitirib.

Futurologiya İnstitutunda müəllim işləyib, mətbuatda çalışıb. 1996-2005-ci illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında komissiya sədri, sədr müavini, İdarə Heyətinin sədri olub. Həmçinin, 1999-2002-ci illərdə “Qütb” – “Polyus” (Azərbaycan və rus dillərində) aylıq ictimai fikir jurnalında baş redaktor; 1997-2005-ci illərdə Azərbaycan Respublikası Dini Araşdırmalar Mərkəzinin direktoru vəzifəsində işləyib.

2005-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini təyin olunub. 2011-ci ildə həmin vəzifədən azad olunub. Həmin ildən bu günə qədər Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya üzrə Regional Mərkəzinin direktoru vəzifəsində çalışır.

Dini problemlərə həsr olunmuş 4 kitabın və İslamın əsasları üzrə 2 dərsliyin müəllifidir. Bundan başqa o, Azərbaycanda ilk dəfə nəşr olunan “Qısa İslam Ensiklopediyası”nın (Bakı, 2012) ideya rəhbəri və nəşrinin rəhbəri olmuşdur. Yerli və xarici mətbuatda 200-dən artıq elmi və publisistik məqaləsi dərc olunub.



***

Azərbaycanda din sahəsində ən təcrübəli mütəxəssislərdən biri heç şübhəsiz Elçin Əsgərovdur. Dini Araşdırmalar Mərkəzi, “Qütb” jurnalı, islam.az saytı kimi layihələr və daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində sədr müavini, son 6 ildə isə İƏT Gənclər Forumunun Avrasiya təmsilçiliyini rəhbəri. Azərbaycanda din sahəsində çalışma, araşdırma aparan hər kəs onu yaxşı tanıyır.

Ötən ay Elçin Əsgərovun doğum günü, yubileyi idi. 50 yaşını tamam elədi. Təbrik yazısında da qeyd eləmişdim ki, mənim intellektual İslamla tanışlığım “Qütb” jurnalı ilə başlayır. O jurnalın az qala bütün nömrələrini oxumuşdum və o jurnaldakı xətt, yanaşma məni möhkəm tutmuşdu. Dini və dünyadakı hadisələrə yanaşma, sağlam ağıl, fərqli inanclara hörmət, ən əsası müsəlman intellektuallar üçün yeni üfüqləri açmaq xətti tapıntı idi mənim üçün.

Elçin Əsgərov həm də Qarabağ qazisidir, tələbəlik illərində könüllü olaraq Qarabağ döyüşlərində iştirak edib. 20 yanvar hadisələri zamanı yaralanıb. Yəni Azərbaycanın modern tarixinin hər qatını bilən, orda iştirakı olan canlı ensiklopediyadır.

Yubileyini bəhanə edib, Elçin Əsgərovla söhbətləşdik. Təbii ki, əsas mövzu yenə də ölkədəki dini vəziyyət, müsəlman dünyası ilə əlaqələr ətrafında oldu.



- Elçin müəllim, din sahəsi artıq dünyada dövlətlərin strateji məsələsi sayılır. Dini sabitliyə dövlətin əsas sabitlik faktorlarından biri kimi yanaşılır. Bizdə də artıq bu yanaşma var. Bu mənada sualı elə burdan başlayaq: Hazırda ölkədəki dini situasiyanı 10 ballıq şkala ilə neçə balla qiymətləndirmək olar?

- Dini sabitliyi xarakterizə edən bir sıra amillər var. Bunlar dini inanclıların əqidələrinə görə özünü komfort hiss etməsindən tutmuş, cəmiyyətdə inancların müxtəlifliyi və bu müxtəlif inancların bir-birinə münasibətinə qədər uzanır. Radikallıq və ekstremizm də bu kriteriyalar çərçivəsində müəyyən olunur.

Bu baxımdan belə deyə bilərəm ki, Azərbaycanda dini etiqad və inanc sahəsində kifayət qədər sərbəstlik var. Heç kim məhz dini inancına görə təqib olunmur. Dini ibadət ocaqlarına getmək, dini ayinləri icra etmək və dini ayinlərdə iştirak etmək azaddır. Ölkədə təkcə çoxluq təşkil edən dini inanc sahibləri, yəni müsəlmanlar deyil, qeyri-ənəvi, azsaylı olan dini inanclar da öz ayinlərini icra edə bilirlər.

Bəli, problemlər də var və ya müəyyən zamanlarda baş verir. Amma bu problemlər ya hansısa dini icma və ya qrupun aşırı ambisiyasından və iddiasından, ya da dövlət orqanlarının dini sahədə hansısa hadisəyə atdığı cavab addımından qaynaqlanır.
Bunlar ümumi tendensiya haqqındadır.

Amma qeyd edim ki, bəzi özəl məqamlar və fərdi hallar da olur ki, dövlətin ümumi siyasi kursunun deyil, ayrı-ayrı yanlış qərarların nəticəsində meydana gəlir, cəmiyyətdə sabitliyə ciddi təsir göstərir. Bu məqamlardan da bəzən ya xarici qüvvələr, ya hansısa qruplar istifadə etməyə cəhd göstərir. Mən konkret halların adını çəkmək istəmirəm, amma sonradan dövlət orqanlarının bu qərarlarla bağlı bəzən açıq, bəzən çox da üstünə getmədən vəziyyəti dəyişməsi və ya bu məqamların hər yerdə deyil, müəyyən yerlərdə baş verməsi də onu göstərir ki, bu, ümumi siyasi kursun nəticəsi deyil.

“Müstəqillikdən sonrakı ilk 10 ildə dini sferamız az qala tamamilə xarici təsirin monopoliyasında olub”

- Bəs bu yanlış qərarların səbəbi, kökü hardan qaynaqlanır?

- Məncə belə məqamların baş verməsinin səbəbi dövlətin dini siyasətlə bağlı qəbul olunmuş konkret və açıq konsepsiyasının olmamasıdır. Bu konsepsiyanın əksər elementləri müvafiq qanunlarda və normativ aktlarda, müstəqillik dövründə dini sfera ilə iş nəticəsində əldə olunmuş təcrübədə, ölkə başçısının çıxışlarında, dini sahəyə məsul qurumların fəaliyyətində özünü göstərsə də, sənəd formasında, həm dövlətin icra orqanlarının hamısının, həm də dini icmaların, dini qrupların başa düşəcəyi və əməl etməli olduğu formada hələ yoxdur.

Qeyd etdiyiniz kimi, dini sabitlik cəmiyyət üçün çox önəmli məsələdir. Ona görə də ayrı-ayrı məmurların şəxsi qərarları və simpatiyası ilə idarə olunmamalıdır, dövlətin ümumi strateji konsepsiyasına əsaslanmalıdır. Əslində bu konsepsiyanın əsas konturları da bəllidir.

Digər tərəfdən, ölkədəki dini sferanın xarici təsirlər və çağırışlara nə dərəcədə açıq olub-olmamağı da dini sabitliyi müəyyənləşdirən amillərdəndir. Bir tərəfdən bu günkü qloballaşan dünyada, internet əsrində dünyada gedən ümumi tendensiyaların, o cümlədən, dini sahədəki tendensiyaların da cəmiyyətimizə təsir göstərməməsi mümkün deyil. Bu gün dünyada dini sahədə mövcud olan demək olar ki, bütün təlim və cərəyanların Azərbaycanda da az və ya çox, nümayəndələri mövcuddur. Amma bunların hamısının cəmiyyət və dini həyata təsiri eyni səviyyədə deyil. Bəzisi yalnız ekzotika səviyyəsində maraq doğurursa, bəzisi dini həyatımıza öz qaydalarını qəbul etdirmək səviyyəsində iddialıdırlar. Belə güclü təsir əsasən region ölkələrində mövcud olan cərəyanlardan gəlir.

İkinci tərəf isə ondan ibarətdir ki, dini sferamızda kifayət qədər böyük sosial qruplar var ki, xarici mərkəzlərin təsirinə çox həssasdırlar. Xarici mərkəzlərin bu qruplara təsir etmək imkanları güclüdür. Bu problemlə bağlı dini sabitliyi müəyyən edən növbəti kriteriyanı qeyd etməliyik – dini institutların legitimliyi və effektivliyi. Bununla bağlı həmişə problemlər olub.

Əslində bu da təbii haldır. Biz yeni müstəqil olmuşuq, uzun illər din qadağasından sonra xalq yeni yeni dini köklərə sürətlə qayıtmağa başlayıb, dini institutlarımız faktiki yeni qurulmağa başlayıb, o xarici ölkələrin isə uzun illik təcrübələri, ənənələri var.

Lakin problem problemliyində qalır. Bizim dini sferada xarici amildən asılı olan qruplar mövcuddur. Bu asılılığın cəmiyyətimiz üçün böyük həcmdə fəsad yarada bilməməsinin əsas səbəbi hüquq mühafizə orqanlarının qətiliyidir.

Amma onu da xüsusi olaraq qeyd edək ki, bu sahədə də son 5-6 ildə ciddi irəliləyişlər var. QMİ son illər öz effektivliyini artırmaq sahəsində ciddi addımlar atıb, kadr potensialını gəncləşdirmək, yeni, avtoritetli din xadimləri hesabına gücləndirmək sahəsində tədbirlər görüb. DQİDK yalnız qeydiyyat aparan və hesabat hazırlayan orqandan, dini maarifləndirici fəaliyyət də həyata keçirən, din xadimləri ilə, dini icmalarla birbaşa işləyən quruma çevrilib.

Ölkədə dini təhsili gücləndirmək, xarici asılılıqdan qurtarmaq üçün addımlar atılmağa başlanıb, yeni ilahiyyat institutu yaradılıb.

Ölkədə milli mühitdə formalaşan din xadimləri pleyadası yaranmağa başlayıb. Məzhəblərarası dözümlülük çoxdan norma halını alıb.

Amma xarici təsirin ölkəmizin dini sferasına ciddi təsiri hələ bir müddət də davam edəcək və bu, risk amillərindən biri olaraq qalacaq.



- Müsəlman ölkələri ilə böyük iş təcrübəniz və bu sahəyə bələdçiliyiniz var. Bizim digər müsəlman ölkələri ilə müqayisədə üstünlüyümüz və ya geriliyimiz varmı? Varsa nədir?

- Hər ikisi var. Geriliyimiz dini ənənələrimizin sovet dövrü qırılması, müstəqillikdən sonra yenidən qurulmağa başlaması və bununla bağlı yaranan problemlər, dini sahəyə xarici təsirin güclənməsi. Hətta müstəqillikdən sonrakı ilk 10 ildə dini sferamız az qala tamamilə xarici təsirin monopoliyasında olub. Vəziyyət 1997-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin xarici vətəndaşların dini təbliğat qaydaları haqda sərəncamından sonra müsbətə doğru dəyişməyə başladı. Eyni zamanda, cəmiyyətimizə hər hansı yeni dini dünyagörüşünün asanlıqla yol tapa bilməsi... Bundan başqa, bu subyektiv fikrimdir, dini ənənələrimizin vaxtilə qırılmasının milli kimliyimizə vurduğu müəyyən zərbənin hələ də davam etməsi...

Üstünlüyümüz isə bir sıra digər müsəlman ölkələrindən fərqli olaraq daha çox mədəni cəmiyyət olmağımız, dözümlülük, multikultural dəyərlərimizin güclü olmasıdır. Bir nüansı da qeyd edim, amma bu, dinlə əlaqəli deyil, başqa müsəlman ölkələrində yaşayan bizim millətin nümayəndələrinin ümumi nisbətdə daha gözüaçıq olmaları.

“Bizim dini sferada xarici amildən asılı olan qruplar mövcuddur. Bu asılılığın cəmiyyətimiz üçün böyük həcmdə fəsad yarada bilməməsinin əsas səbəbi hüquq mühafizə orqanlarının qətiliyidir”


- İndi trenddir, hər kəs özünütənqidə keçib. Müsəlman dünyasının vəziyyətini tənqid edirik, həm də haqlı olaraq. Vəziyyət həqiqətənmi çox pisdir?

- Deyildiyi qədər də deyil. Ümumi müsəlman dünyası haqda danışarkən bəzi yanlışlıqlara yol verilir. Məsələn, Keniya, Somali də müsəlman ölkəsidir, Dubay, Küveyt, İran, Türkiyə də. Dubay, Küveyt, Türkiyə kimi ölkələr adambaşına düşən gəlir baxımından dünyada öndə gedən ölkələrdəndir. Amma tez-tez bunları bir-birinə qatıb ümumi müsəlman dünyasına qiymət verilməyə çalışılır.

Halbuki bunlar fərqli ölkələrdir və heç birinin inkişaf səviyyəsi, təhsili, iqtisadiyyatı dinlərinin göstəricisi deyil. Afrikada yerləşən Somali, eyni regionda yerləşən və eyni taleyi yaşayan Madaqaskarla, Anqola ilə müqayisə oluna bilər. Halbuki bu ölkələrdə xristianlar daha çoxdur. Amerika qitəsində yerləşən mərkəzi və cənubi amerika ölkələri Venesuela, Ekvador, Honduras, Haiti, Paraqvay kimi ölkələrə ABŞ-ı da qatıb, ortaq iqtisadi göstərici çıxarıb ABŞ-ın geri qaldığını söyləmək olarmı? Halbuki bu qeyd etdiyim ölkələrin hamısı xristian və Amerika qitəsində yerləşən ölkələrdir. Cinayətkarlığın və narkotrafikin baş alıb getdiyi bu ölkələrin timsalında xristianlığın kriminal bir din olduğunu deyə bilərikmi?

Pakistan müsəlman ölkəsidir, Hindistanda isə hinduizm yayılıb, amma demək olar ki, eyni gündə yaşayırlar, hələ müqayisədə Pakistan xeyli irəlidi. İndi bunların bu durumunun səbəbi islamdı, ya bütpərəstlik? Yaponiya nə xristiandı, nə müsəlman. Onun inkişafının amili nədi?

Ona görə də ümumiləşdirib “müsəlman dünyasına” qiymət vermək çətindir. Ümumiyyətlə isə, nədənsə müsəlman dünyası deyərkən yalnız Yaxın Şərqdəki ərəb ölkələri, bir də İran nəzərdə tutulur. Halbuki, ərəb ölkələri daha çox spesifik mədəni arealdı, dini deyil. Eynilə də İran.

Müsəlman dünyası, daha dəqiqi Yaxın Şərq ona görə gündəmdədir ki, bu regionda son onilliklərdə, ciddi hərəkətlənmə, qaynama var.

Bu region dünyanın ən passionar regionlarından birinə çevrilib. Müharibələr, kataklizmlərlə müşayiət olunsa da cəmiyyətlərin aktivliyi səngimir, dünya siyasətinə təsir edir, dünya dövlətlərinin ciddi nəzarətini tələb edir. Əvvəllər dünya siyasəti, elmi və iqtisadiyyatının mərkəzi olmuş, sonra uzun müddət müstəmləkə həyatı yaşamış bu region yenidən özünü tapmağa çalışır. Səhv edir, uğursuz addımlar atır, amma axtarır. Uzun tarixi proses üçün bir neçə onillik az vaxtdı. Əvvəl-axır bu proses regionun yeni nizamına gətirib çıxaracaq, ona görə də böyük ölkələr bu yeni nizamda yer tutmağa, öz mədəni, siyasi iştiraklarını gücləndirməyə çalışırlar.
Gördüyümüz bir çox problemlər də bu kənar təsirlərin nəticələridir.



- Bir az termin anlaşmazlığı var. “Siyasi İslam”, “radikal İslam” terminləri yayılıb. Bunun dəqiq təsnifatı necə olmalıdır? İslamın siyasiləşməsi nə zaman olur və bunun üçün bariz bir ölçülər varmı?

- Kifayət qədər ciddi və mübahisəli məsələdir. Bu gün həqiqətən İslamdan siyasi avantüralar üçün istifadə cəhdləri var. Amma bir məsələni dəqiq bilməliyik. Bu terminologiya və təsnifatlar Qərb orientalizminin, Avropamərkəzli dünya siyasətinin gətirdiyi təsnifat və terminlərdir.

Hər hansı müsəlman ölkəsindəki vətəndaş qrupu öz ölkəsinin siyasi taleyi ilə maraqlanır, siyasi proseslərdə iştirak edir, eyni zamanda inanclı müsəlman olaraq qalırsa, buna siyasi islam adını verib təzyiqə məruz qoymaq lazımdırmı? Ya İŞİD kimi permanent cihad ideyası tərəfdarı olan bir qrupun ölkədə özünün istədiyi üsul-idarə qurmaq üçün mübarizəyə başlamasını “insan haqları”, “əqidə azadlığı” adlandıra bilərikmi?

Niyə ABŞ-da protestant icmaların dəstəyini qazanmaq üçün prezidentlər və siyasi partiyalar dini terminlərdən istifadə edərkən, “İsanın missiyasını” dünyaya çatdırmaq uğrunda mübarizəyə səsləyərkən buna “siyasi xristianlıq” adı verilmir?

Məncə təsnifat və terminologiya sırf qanunlar əsasında olmalıdır. Dini inanc əsasında deyil.

- Bizim ölkəmizdə 90-ci illərdən, yəni müstəqillikdən bu yana enişli-yoxuşlu bir din siyasəti aparılıb. İndi vəziyyət necədir? Siyasi islam, radikal islam adı verilən təhlükə varmı ölkədə? Yəni adətən Azərbaycanda da dini zəmində qarşıdurmaların olacağı xəbərdarlıqları var. Bu xəbərdarlıqlar nə dərəcədə realdır? Bizi belə bir təhlükə gözləyirmi?

- Bu sualın bir hissəsinə ilk sualda cavab vermişəm. O ki qaldı radikal islam, dini zəmində qarşıdurma ehtimalı haqda xəbərdarlıqlara, bununla bağlı bir neçə məqamı qeyd etmək lazımdır. Birincisi, hələ 20 il əvvəldən indiyədək mütəmadi surətdə Azərbaycanda “dini inqilab”, “yaşıl inqilab” olacağı, “şəriət dövləti” qurulacağı haqda belə xəbərdarlıqlar ortaya atılır. Təəssüf ki, bunun əksəriyyəti sırf siyasi məqsəd daşıyır. Azərbaycanda bayram və cümə günlərində məscidlərə gedən dindarları saysaq, bunların sayı 18 yaşına çatmış ümumi əhalinin sayının 3-4%-dən artıq deyil. Aparılan sorğular zamanı mütəmadi olaraq dini ayinləri yerinə yetirdiyini bildirən respondentlərin sayı müxtəlif ölçü metodikalarından asılı olaraq 14-26% arası dəyişir, amma dini dövlətin qurulmasını arzu edənlərin də sayı, sorğulara əsasən, uzun illərdir ki, 4%-i keçmir. Yəni, bu baxımdan, Azərbaycanda “islam inqilabı” üçün sosial baza yoxdur. Eyni zamanda inanclılar və qeyri-inanclılar arasında ciddi konflikt yaranması üçün də əsas yoxdur.

İkincisi, dediyimiz faiz dərəcələri aşağı da olsa, dindarlar cəmiyyətdə ideyalarına sadiq olan, bu ideya üçün mübarizəyə hazır olan sosial qrupdur ki, onları digər sosial qruplardan fərqləndirir. Passionardırlar, ona görə də daim diqqət mərkəzində olurlar.

Üçüncüsü, dindarlar yekcins sosial qrup deyil. Bir-birindən çox fərqli olan, bəzən ideyaları bir-birinə zidd olan daha kiçik sosial qruplara bölünürlər. Ona görə də aralarında bəzən məişət və ya sırf ideoloji səviyyədə də olsa münaqişələrin olması mümkündür.

Amma cəmiyyətin əksəriyyətinin dini zəmində qarşıdurmaya mənfi münasibətinə görə özlüyündə dini qruplar arasında dini zəmində qarşıdurmalar yaranmır və ya mövcudlar latent səviyyədə qalır. Cəmiyyətin ümumi basqısı belə münaqişələrə dərinləşməyə imkan vermir.

Bütün bunlardan əlavə, xarici təsir amili və terrorizm amili var. Məsələn, xarici təsir, hər hansı cəmiyyətdə mövcud olmayan sosial prosesləri aktivləşdirə bilər. Terrorizmin aktivləşməsi üçün isə böyük qüvvəyə ehtiyac yoxdur. Çox kiçik saylı qrup bütün cəmiyyətdə xof yarada biləcək və cəmiyyətdəki proseslərə təsir edə biləcək addımlar ata bilər. Xəbərdarlıq edənlər ola bilər bu faktorları nəzərdə tutub deyirlər. Bu iki faktorun təhlükəsini nəzərdə tutaraq bütün dövlətlər onları nəzarətdə saxlamağa çalışır. Buna baxmayaraq qeyd edim ki, dövlət zəifləmədikcə bu iki faktorun da böyük uğur qazanması mümkün deyil.


“Niyə ABŞ-da protestant icmaların dəstəyini qazanmaq üçün prezidentlər və siyasi partiyalar dini terminlərdən istifadə edərkən, “İsanın missiyasını” dünyaya çatdırmaq uğrunda mübarizəyə səsləyərkən buna “siyasi xristianlıq” adı verilmir?!”


- İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunda mühüm bir postu tutursunuz, uzun illərə dayanan təcrübəniz var. Müsəlman həmrəyliyi deyilən bir şey həqiqətən varmı? Bu həmrəylik obyektiv yanaşsaq hara qədər bizim üçün faydalı ola bilər?

- Cəmiyyətlər, mentalitet, toplum səviyyəsində belə həmrəylik hissi həqiqətən var. İslam dünyasının hər hansı guşəsində müsəlmanlar üçün problem yarananda, digər bütün ölkələrin cəmiyyətlərində narahatlıq keçirənlər olur. Başqa məsələdir ki, dövlət səviyyəsində baxış bir qədər fərqlidir. Dövlət strukturları belə problemlər yaranarkən ya daha güclü tərəfdaşın təsirində olurlar, ya da bir çox başqa amilləri nəzərə alaraq susmalı olurlar. Amma toplumlardakı əhval-ruhiyyə istər-istəməz dövlətə də təsir edir. Bu əhval ruhiyyə nə qədər güclü olsa, dövlətlər də onun təsirinə daha çox düşürlər. Hətta dövlət özü birbaşa addım atmasa da, vətəndaş strukturlarının, ictimai birliklərin həmrəylik fəaliyyətlərinə mane olmur, şərait yaradır.

- 90-cı illərdə Dini Araşdırmalar Mərkəzi, “Qütb” jurnalı və digər ciddi dini maarifçilik fəaliyyətləriniz vardı. Necə düşünürsünüz, indi ölkədə dini maarifçilik fəaliyyəti aparılırmı? Çatışmayan və düzəldilməli olan nələr var?

- O zamanlar hələ heç DQİDK yaranmamışdı, QMİ çox ətalətli idi, odur ki, dini sahədəki istər qanunvericiliyin icrasına ictimai nəzarət, istərsə də maarifləndirmə işinin çox hissəsini, ictimai təşkilat olsa da, rəhbəri olduğum Dini Araşdırmalar Mərkəzi, müxtəlif layihələr çərçivəsində həyata keçirirdi.

İndi həm DQİDK, həm QMİ, həm də digər dini icmaların, nüfuzlu din xadimlərinin geniş maarifləndirmə fəaliyyətləri var. Əlbəttə, keyfiyyətin də dəyişilməsini, düzəlməsini istədiyim məqamlar var. Amma məncə cəmiyyətin bu sahədəki tələbatı artdıqca, onlar da tədricən düzələcək.

Kənan Rövşənoğlu,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR