İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalq çörəyin qiymətini belə ucuzlaşdırır

2329 03.05.2024 08:00 İqtisadiyyat A A

Ekspertlərə görə, un məmulatlarının orqanizmə yaratdığı problemlər barədə aparılan təbliğat əhalinin bu məhsullardan qismən və ya tamamən imtina etməsinə gətirib çıxarıb

Ölkədə un və çörək istehsalı azalıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub. Məlumatda bildirilir ki, 2024-cü ilin ilk rübündə Azərbaycanda 262.1 min ton çörək istehsal edilib. Bu da əvvəlki dövrlə müqayisədə 8.2 faiz azdır.

Azalma həmçinin buğda ununda da müşahidə edilir. Məsələn, 2023-cü ilin birinci rübündə 391.07 min ton buğda unu istehsal edildiyi halda, bu, 2024-cü ildə azalaraq 365.38 min tona düşüb. Bu da 6.5 faiz azalma deməkdir. Unlu qənnadı məhsullarının istehsalı illik 0.2 faiz azalaraq 18.1 min tona düşüb. Birinci rübdə yalnız makaron məmulatlarının istehsalında artım qeydə alınıb - 1643 ton təşkil etməklə 14 faiz.

Maraqlıdır ki, Azərbaycanda un və çörək istehsalında azalma 3-cü ildir qeydə alınır. Dövlət Statistika Komitəsinin məlumatına görə,  2022-ci ildə ölkədə un istehlakı 1 milyon 540 min ton təşkil edib. Bunun 479916 ntonu bilavasitə əhalinin şəxsi istehlakı, 959111 tonu ərzaq məhsullarının istehsalına gedib. İl ərzində ölkədə 1 365 163 ton un istehsal olunub, daha 106 597 tonu isə idxal edilib. Çörək istehsalı isə 1 245,9 min ton təşkil edib. 2023-cü ildə unun istehsal həcmi illik müqayisədə 2.6 faiz azalaraq 1 milyon 328,75 min tona, çörək isə 3.1 faiz azalaraq 1 milyon 207.15 min tona düşüb.

Un-çörək istehsal və istehlakının zəifləməsi buğda idxalına da təsirini göstərməkdədir. Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2023-cü ilin ilk üç ayında ölkəyə xaricdən əsasən Rusiyadan olmaqla 356.15 min ton (108.76 milyon dollarlıq) buğda idxal edilibsə, cari ildə bu rəqəm 212 min tona (48.07 milyon dollar) düşüb. Buğdanın bir tonu 2023-cü ilin birinci rübündə Azərbaycana 305.3 dollara başa gəldiyi halda, cari ildə bu rəqəm 226.8 dollara qədər azalıb.

O da məlumdur ki, Azərbaycan əhalisi dünyada ən çox un və çörək istehlak edən ölkələr sırasındadır. Belə ki, dünyada adambaşına ən az çörək istehlakı Skandinaviya ölkələrindədir - ildə 32-45 kq. Rusiyada bu göstərici 97 kq, Bolqarıstanda 96 kq, Fransa və Almaniyada 54 kq, İtaliyada 52 kq təşkil edir. Türkiyədə əhali adambaşına ildə 124 kq çörək yeyir.

Ölkə əhalisinin sayında artım dinamikası bir qədər zəifləsə də, davam edir. Rəsmi məlumata əsasən, bu ilin əvvəlindən ölkə əhalisinin sayı 6769 nəfər və ya 0,1 faiz artaraq 2024-cü il mart ayının 1-i vəziyyətinə 10 milyon 187 min 539 nəfərə çatıb.

2023-cü ildə ölkə üzrə əhalinin sayı 53625 nəfər və ya 0,5 faiz artaraq 2024-cü il yanvar ayının 1-i vəziyyətinə 10 milyon 180 min 770 nəfər olmuşdu. 2022-ci ilin yanvar-dekabr aylarında Azərbaycan əhalisinin sayı 63 min 836 nəfər və ya 0,6 faiz artaraq 2023-cü il yanvar ayının 1-i vəziyyətinə 10 milyon 127 min 145 nəfər təşkil edib. Beləliklə, aydın görünür ki, çörək istehlakının azalmasını əhali sayının azalması ilə izah etmək mümkün deyil.

Bir sıra ekspertlərə görə, son illər çörək və un məmulatlarının orqanizmə yaratdığı problemlər barədə aparılan təbliğat əhalinin getdikcə daha çox hissəsinin bu məhsullardan qismən və ya tamamən imtina etməsinə gətirib çıxarıb. Bunun nəticəsində isə əvvəlki illərlə müqayisədə çörək satışı azalıb. Bunun da səbəbi pəhrizlə bağlıdır: “Çörəyə tələbat azaldığı üçün çörək istehsalçıları da istehsalı azaltmaq məcburiyyətində qalır. Bunun başlıca səbəbi insanların bir hissəsinin çörəkdən imtina etməsi ilə bağlıdır. Bu gün elə bir ailə yoxdur ki, kimsə çörək və ya şirniyyatdan imtina etməsin. Çörək satışı baş tutmursa mütləq şəkildə istehsal azalmalıdır. İnsanlar daha rasional şəkildə un və çörək məmulatlarından istifadə edirlər.  Bu həm də onu deməyə əsas verir ki, israfçılıq daha da azalır”.

Bizim çörək və un bazarının iştirakçıları ilə söhbətlərimiz bir sıra maraqlı məqamlar üzə çıxardı. Çörək satan mağazalardan “Yeni Müsavat”a bildirdilər ki, 2022-ci ildən etibarən əksər çörək istehsalçıları geridönüşə - “vozvrat”a limit tətbiq edib. Mağazalar satmaq üçün aldıqları çörəyin məhdud faizi həcmində geridönüş edə bilirlər: “Məsələn, böyük marketlərdə alınan çörəyin 2-3 faizini, orta mağazalarda 1-2 faizini, xırda məhlə dükanlarında isə 1 faizini geri qaytarmaq mümkün olur. Buna görə də hamı işini ehtiyatlı tutur, nəyi sata bilir, onu alır”.

Çörək istehsalçılarının belə məhdudiyyəti tətbiq etmələrinin səbəbi də maraq doğurur. Məşhur çörək istehsalçılarından birinin nümayəndəsinin dediyinə görə, işin başlanğıcı dəyirmanlardadır: “Unsatanlar vahid qiymətlə işləyirlər. Çörək geri qayıtdı-qayıtmadı, onlara aidiyyəti yoxdur. Ona görə də biz fiksə olunan qiymətlə unu alıb, çörəyi bişirib yarı qiymətinə fermalara verə bilmərik. Bildiyiniz kimi, mal-qara, toyuq yemi kimi çörəyi satanda dəyərindən də ucuza verməli oluruq. Sizə deyim ki, daha bizdən heyvan və quşlara vermək üçün çörək istəyənlərin sayı da azalıb. Bütün bunlara görə biz mağazalara çörəyi sata biləcəklərindən artıq verməməyə çalışırıq. Bu da istehsal sayının azalması ilə nəticələnir. Hökumət çörəyin qiymətini qaldırmağa imkan vermədiyi halda israfçılığa yol vermək bizə sərf etmir”.

Bakı qəsəbələrinin birində heyvan saxlayan sakinin dediyinə görə, əvvəl “vozvrat” çörəkləri mağazalardan rahatlıqla alıblar: “Son vaxtlar "vozvrat" tapammırıq. Bir də onu deyim ki, indiki çörəkləri heyvana verəndə köp yaradır. Buna görə də çörəyi az miqdarda, özü də əlavə yemlərə qatıb veririk".

Onu da qeyd edək ki, rəsmi statistikanın qeydə almadığı çörək istehsalının həcmi də kifayət  qədərdir. Məşhur şadlıq saraylarının birində çalışan həmsöhbətimiz deyir ki, son illərdə demək olar ki, bütün ictimai iaşə, turizm obyektlərində, böyük market şəbəkələrində özləri çörək bişirirlər: “Bu istehsal əksər hallarda rəsmi uçota düşmür. Hansısa restoranın qonaqlara bişirib satdığı çörəyin sayını rəsmi statistikaya təqdim etdiyini düşünmürəm. Eyni sözləri turizm obyektləri barədə də demək olar. Ola bilsin ki, market şəbəkələrində bişirilib satılan çörək və digər un məmulatlarının bir hissəsi uçota düşsün”.

Azərbaycanda hazırda 25-dən çox un istehsalçısı var. Bu istehsalçılar vəziyyətlərindən kifayət qədər narahatdırlar. Onların nümayəndələri bildirirlər ki, hökumət 2021-ci ildə dünya bazarında buğdanın qiyməti bahalaşanda un istehsalçılarına qısa müddət dəstək verib: “İlk vaxtlar mexanizm sadə idi: istehsal olunan 1 ton una görə istehsalçıya 35 manat dövlət dəstəyi verilirdi. Sonra hökumət mexanizmi o qədər mürəkkəbləşdirdi, o qədər əlavə şərtlər müəyyənləşdirdi ki, istehsalçıların xeylisi dəstəkdən yararlana bilmədi. İndi buğda ucuzlaşıb deyirlər, un, çörək niyə elə ucuzlaşmır? Buğda ucuzlaşsa da, heç də bütün istehsalçıların onu özünün alıb gətirmək imkanı yoxdur. Buna görə də bir çoxları idxal edən şirkətlərdən buğdanı əvvəlkindən cüzi fərqlənən qiymətə alır. Belə də məcbursan ki, istehsal etdiyin malın hamısının satılmasını təmin edəsən. Heç kim malını yarı qiymətə paylamağı sevmir. Bütün bunların nəticəsində rəsmi un və çörək istehsalında azalma qeydə alınır. Amma reallıqda çörək və un istehlakının azaldığını söyləmək mümkün deyil. Bizim fikrimizcə, əhali çörəyə münasibətdə israfçılığı azaldıb deyə tələbat azalıb. Yəni bir ailə əvvəl gündə 3 çörək alıb, 2-ni yeyib, birini atırdısa, indi buna yol vermir, çünki cibinə ziyandır. Əvvəllər çörək zavodlarından min tonlarla çörək gedirdi fermalara. İndi elə şeyi çox az hallarda görmək olur”.

Sonda bir məsələni də qeyd edək ki, yalnız pəhriz hesabına Azərbaycanda çörək və un istehlakının azaldığını reallıq kimi qəbul etmək mümkün deyil. Əhalinin çörəklə bağlı istehlak mədəniyyətinin dəyişməsi burada əsas rol oynayan amildir: ailələrə artıq çörək qalmamasına çalışırlar. Bunun da əsas səbəblərindən biri 2021-ci ildən bəri ölkədə qeydə alınan yüksək inflyasiya şəraitində əhalinin gəlirlərinin mühüm hissəsinin ərzağa yönəldilməsidir. Sürətlə bahalaşan digər ərzaq məhsullarını almaq üçün insanlar ən ucuz olan çörəyə qarşı da israfçılıq etməməyə çalışırlar. Nəticədə ölkə üzrə çörək istehlakı azalır ki, bu da son nəticədə un istehsalında, ardınca isə buğda idxalında özünü büruzə verir.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR