İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehran BU SİLAHDAN istifadə edərək vətəndaşlarımızı Allah adına istismar edir - Rauf Arifoğludan SENSASİON MÜSAHİBƏ

1447 03.05.2024 16:23 Müsahibə A A

“Yeni Müsavat” Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu Bakıvaxtı.az-a müsahibə verib.

Musavat.com söhbəti təqdim edir.

- Başkəndin ermənilərə verilməsinə dair iddialar, fikirlər var. Təəssüf doğuran məqam odur ki, bu fikri millət vəkili irəli sürür. Doğrudanmı, deputat tariximizdən, ərazimizdən xəbərsizdir, yoxsa bunun alt qatında hansısa mübhəm nüanslar dayanır?

- Başkəndin Ermənistana verilməsinə dair təklif ilk və yeganə fakt olaraq, deputat Rasim Musabəyovun dilindən çıxıb. Dərhal da kəskin şəkildə tənqid olunub, deputat cəmiyyətin və medianın ciddi qınaqları ilə üzləşib. Məndə olan dəqiq məlumata görə, ona lazımi yerlərdən daha bu iddianı davam etdirməmək tapşırılıb. Yəni bu, bir dövlət siyasəti, yaxud da hər hansı qrupun rəy yoxlama prosesi deyil. Hesab edirəm ki, bu, Rasim Musabəyovun səbatsız hərəkətinin nəticəsidir. Amma istənilən halda, o da məlum oldu ki, deputat gerçəkdən də belə düşünür ki, Başkəndi Ermənistana təhvil vermək, bununla da anklav kəndlərlə bağlı mübahisələri sonlandırmaq olar. Yəqin bu fikirdə olan başqa ekspertlər də var. Onlar sadəcə, indiki anda bunu ifadə etməyə çəkinirlər.

Azərbaycan dövləti Başkəndi Ermənistana vermək istəsəydi, bunu edərdi və Qazaxın kəndlərinin, o cümlədən də Naxçıvana bağlı Kərki kəndinin qaytarılmasının bu qədər uzanmasına imkan verməzdi. Biz qalib tərəfik, güzəşt edən tərəf qaliblər olmurlar.

Azərbaycan dövləti bir qarış torpağını, daşını-çınqılını da Ermənistana verməz. Üstəlik də tarixi və reallığı nəzərə alsaq, Başkəndin Ermənistana verilməsinin mümkün olmadığını görərik.

Başkəndə ilk erməni 1859-cu ildə gətirilib. Öncə Qarabağdan, daha sonra Şəmşəddin rayonundan buraya ermənilər köçürülüb. Erməni tayfaları Qarabağa 1831-ci ildə Çar Rusiyası tərəfindən köçürülüb. Sovet rəhbərliyi isə bu kəndi 1920-ci illərdə Ermənistana verib. Yəni, bu kəndin Ermənistana aid olması sintetik bir amildir. İndiki şəraitdə ermənilər Başkənd amili ilə danışıqları ancaq sabotaj edə bilərlər – necə ki, indiyə qədər edirdilər. Onların buraya qayıtması, məskunlaşıb yaşaması siyasi və coğrafi reallıqlara görə mümkün görünmür. Heç bir erməni qayıdıb, Azərbaycanın dərinliklərində yaşamaz. Necə Qarabağa, Xankəndinə qayıtmırlar, eləcə də Başkəndə qayıtmayacaqlar. Rasim müəllim eksperiment kimi, onlardan heç olmasa bir ailəni Başkəndə qayıtmağa razı sala bilsə, ona Xaçaturun xaçı düşür.

- İranın Müasir Tarixi Tədqiqat Mərkəzində Azərbaycan əleyhinə növbəti tədbir keçirilib. Tehran Universitetinin professoru Əhməd Kazımi Türk Dövlətlər Təşkilatının yaradılmasını "sionizm və anqlosaks plan" adlandırıb. İran TDT-dən niyə narahatdır?

- İran Azərbaycanı və onun güclənməsini özünə təhdid görür. İnsaf naminə demək lazımdır ki, İran özü də Azərbaycan dövlətinə 1 saylı təhdiddir. İranın indiki rejiminin əlində Azərbaycan əhalisinin bir qismini özünə bağlamaq üçün ciddi ideoloji silah var. Rəsmi Tehran bu silahdan istifadə edərək, illərdir vətəndaşlarımızı din, Allah adına istismar və “verbovka” edir. Mənəvi hissləri siyasi bağlara çevirməklə, xeyli vətəndaşımızın ağlını qarışdırmışdı. Lakin İkinci Qarabağ müharibəsi zamanı və ondan sonra İranın sərgilədiyi siyasət, Ermənistana açıq dəstək verməsi hər kəsin gözünü açdı. İran illərdir ki, maskalı və gizli oynayırdı. Azərbaycan qalib gəlib, yeni status-kvo yaradan kimi maskası düşdü və açıq oynamağa başladı.

İranın teokratik rejiminin istifadəsindəki dini təmayüllü mərkəzləşdirmə ideologiyasının ən böyük təhdidi və antidotu türkçülük, türk birliyi, azərbaycançılıq və həm də ...türkiyəçilikdi. Bu, Qum mərkəzli devşirmə (“verbovka”) ideologiyasını içəridən - İranın ən böyük şəhərlərindən başlayaraq, darmadağın edir. İranda milli çoxluq olan Azərbaycan türkləri və digər türk qövmləri üçün türkçülük daha cazib, daha sevimli və qana-cana yaxındır. Ona görə də İran rejimi və onun ideoloqları Azərbaycandakı türkçü cərəyanlara nifrət edir, onları təmsil və təbliğ edənləri düşmən sayır. İran mollaları dini təmayüllü ideologiya ilə Azərbaycanı içdən fəth etmək istəyir. Lakin bizim milli - türkçü xəttimiz bunun qarşısını alır və İranı içəridən çökdürür.

Tehran dünyada azərbaycanlılar yaşayan ən böyük şəhərdir. Burada 7 milyondan çox Azərbaycan türkü yaşayır. Daha sonra Təbriz gəlir. Orada yaşayan milyonlarla əhalinin (4 milyondan çox) isə 98 faizi türklərdir. Digər böyük şəhərlərdə də nisbət belədir.

İndi də türkçülük azmış kimi, Türk Dövlətləri Təşkilatı da ortaya çıxmaqla, bir Yeni Turan inşasına başlanıb. Bu geopolitik arxitekturada 50 milyon Güney Azərbaycan türkü təbii ki, kənarda qala bilməz. Yəni, türkçülük və Türk Dövlətləri Təşkilatı üzrə aparılan xətt İranın Ərəb dünyasında və Xəzər çevrəsində apardığı islam ekspansiyası xəttini bitirir. Buna görə də bütün gücləri ilə prosesi yamanlayırlar.

- Gürcüstanda daxili siyasi vəziyyət gərgin olaraq qalır. “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz olaraq insanlar küçələrə axın edirlər. Bu ərəfədə sabiq prezident Mixail Saakaşvilinin də müsahibəsi tirajlanıb. O, Gürcüstanda hakimiyyətin dəyişəcəyini iddia edir. Siz necə düşünürsünüz?

- Gürcüstanda baş verən hadisələr bizi narahat etməlidir. Əvvəla ona görə ki, orada çoxsaylı soydaşlarımız yaşayır və Borçalı mənəvi-tarixi baxımdan Azərbaycandır. Digər tərəfdən, Gürcüstan bizim yaxın və son zamanlara qədər etibarlı qonşumuzdur. Orada Rusiyaya bağlı qüvvələrin iqtidar olması, yaxud Avropaya yaxın güclərin tam hökm-fərman olması Azərbaycanla münasibətləri də təsirləndirir.

Gürcüstandan bizim strateji və meqa layihələrimiz, axın xətlərimiz, nəqliyyat yollarımız, dəhlizlərimiz keçir. Həm də buna görə biz qonşumuzun stabil, rahat və rifah içində yaşamasını istərdik.

Saakaşvininin dediklərinə gəldikdə isə... O, indiki hakimiyyətin girovudur və söylədikləri həm qəzəbinin, həm qərəzinin, həm də arzularının inkasıdır. Mixail uzaqgörən olsaydı, indi həbsxanada deyil, Ukraynada olardı və Rusiyaya qarşı mübarizədə Zelenskiyə kömək edərdi. Onun söylədiklərini çox da ciddiyə almayın. Saakaşviliyə azadlıq arzu edirəm. Onun bundan sonra iqtidara gəlməsi mümkün deyil, amma o, gürcü xalqının böyük oğludur. Ölkəsinə hələ də fayda verə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR