İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlamentdə “donos” və “Ağdam” çaxırı söhbəti

935 08.05.2024 10:09 Ölkə A A

Siyavuş Novruzov düşünür ki, Azərbaycanı xəritədə tapa bilməyən Amerika konqresmenlərinə buradan yalan məlumatlar göndərilir; Sabir Rüstəmxanlı isə sual edir:  “Araq istehsalında bu qədər məşhuruqsa, niyə....”

Mayın 7-sində Milli Məclisin növbəti iclası keçirildi. Spiker Sahibə Qafarova giriş nitqində bildirdi ki, iclas çox əlamətdar günə təsadüf edir. Sədr mayın 10-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü olduğunu söylədi, mərhum prezidentin Azərbaycana rəhbərlik etdiyi, həmçinin Milli Məclisə sədrlik etdiyi dönəmlərdən bəhs etdi.

Spiker həmçinin 10 mayda Heydər Əliyev Fondunun yaradılmasının 20-ci ildönümünün olduğunu vurğulayaraq, fondun imza atdığı tarixi uğurlardan bəhs etdi. Parlament sədri Heydər Əliyev Fondunun yaranmasının 20 illiyi münasibətilə fondun prezidenti, birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu göndərilməsini təklif etdi. Deputatlar bu təklifə alqışlarla dəstək ifadə etdilər.

Daha sonra deputat Soltan Məmmədov Heydər Əliyev Fondunun ötən 20 illik fəaliyyəti ilə bağlı ətraflı məlumat verdi.

Deputat, parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc dedi ki, qələbəmizə qarşı BMT-dən başlayan sanksiya planları iflasa uğrayandan sonra indi Amerika Konqresində ölkəmizin seçilmiş adamlarına qarşı cəza layihəsi işə salınıb. Qeyd etdi ki, 90-cı illərin 1 milyon məcburi köçkün, qaçqın, məğlub ölkəsi ilə müqayisədə indi bizi zəfərimizə görə cəzalandırırlar: “Əlləri çatsa, təkcə Vətən müharibəsinin qəhrəmanlarına qarşı deyil, bütün xüsusi təyinatlılarımıza, komandoslara, hər bir şəhidimizə, bir sözlə, bütün Azərbaycan Ordusuna qarşı hərbi hökmlər çıxararlar. Xalqımızın müqəddəs simvoluna çevrilən 44 rəqəmini ləkələmək üçün "44 Azərbaycan rəsmisi" ifadəsinin seçilməsi də sübut edir ki, 8 noyabr zəfəri təkcə bir ölkə üzərində qazanılmayıb".

Milli Məclisdə şöbələr ləğv ediləcək? » Mediatv.az informasiya portalı

Milli Məclisin iclasında “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda təsdiqləndi. Deputat Sabir Rüstəmxanlı çıxışında bildirdi ki, Xəzər dənizində Allahın yaratdığı adalar var: “Böyük Zirə, Nargin adası. Nargin adasını Bakının ulduzuna çevirmək, oradakı acı xatirəni unutdurmaq olar. Orada saxlanılan əsirlərin xatirəsi əbədiləşdirilə bilər. Süni adadan əvvəl təbii adaları abadlaşdırmaq lazımdır. Süni ada yaradılacağına təbii adalar abadlaşdırılsın, orada yaşayış salınsın”.

ABŞ konqresmenlərinin sanksiya təşəbbüsünə toxunan komitə sədri Siyavuş Novruzov maraqlı bir məqama toxundu: “O insanlara qarşı sanksiya tətbiq olunması təklif edilir ki, o insanlar ləyaqətlə Azərbaycan dövlətinə və xalqına xidmət edirlər, o insanlar torpaqlarımızın azad olunmasında, Şuşanın və digər ərazilərimizin alınması uğrunda canı, qanı ilə mübarizə aparıblar. Burada oturanların böyük əksəriyyəti sanksiya siyahısına salınmış hakimləri tanımır. Belə olduğu təqdirdə ortaya bir məqam çıxır ki, bu gün Azərbaycandan donos verən şəxslər var”. S.Novruzov qeyd etdi ki, bir çox hallarda ev dəllalları, toyuq oğrularını “siyasi məhbus” kimi yazırlar. Həmçinin mənbəyi məlum olmayan pullar hesabına Azərbaycana qarşı çirkin təbliğat aparırlar. “Biz bunları ifşa etməliyik ki, bunlar kimlərin adlarını sanksiya siyahısına salıblar və onları haradan tanıyırlar?” - komitə sədri bildirdi. “Bu gün insan hüquqları dünyada beynəlxalq hüququn prinsipi deyil, ayrı-ayrı dövlətlərin digər dövlətlərə qarşı öz məkrli niyyətlərini həyata keçirmək üçün əllərində alətə çevrilib. İnsan hüquqları ilə bağlı bu və ya digər formada Azərbaycan haqqında qərarlar qəbul edilir, sanksiyalar tətbiq edilməsi təklif edilir”. S.Novruzov onu da bildirdi ki, həmin sanksiyalar heç bir əhəmiyyət daşımır: “O insanlara qarşı bu addımlar atılır ki, onlar Şuşanın alınmasında canıyla, qanıyla iştirak ediblər. Ermənilərin intiqamını onlardan indi də belə almağa çalışırlar. Bu gün Azərbaycanı xəritədə tapa bilməyən Amerika konqresmeni, Fransada anasını, atasını tanımayan deputatlar Azərbaycanda hansısa hakimlərin adını tanıyır, onlara sanksiya tətbiq edilməsini tələb edir. Bu gün Azərbaycandan donos verən antimilli şura üzvləri, tiktoker Əli Kərimli özlərinin toyuq oğrularını siyasi məhbus kimi sırımağa çalışırlar. Digər tərəfdən, xaricdən maliyyə alıb Azərbaycan əleyhinə iş aparan jurnalistlər Azərbaycan dövlətinə qarşı qarayaxma ilə məşğuldur. Azərbaycan yeganə ölkədir ki, 700 jurnalistə ev tikib verib. Hansı ölkə nümunəsində bunu göstərmək olar?” 

Deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirdi ki, qarşıdan görkəmli dövlət xadimi Heydər Əliyevin doğum günü gəlir: “Heydər Əliyev yenicə müstəqillik əldə etmiş və ağır günlərini yaşayan Azərbaycanı vətəndaş qarşıdurmasından xilas edib, ölkəni dinc inkişaf yoluna çıxarıb”. Deputat bildirdi ki, onun misilsiz bacarığı sayəsində imzalamış “Əsrin müqaviləsi” torpaqlarımızın işğaldan azad olunmasında, ölkəmizin yenidən qurulmasında müstəsna rol oynamaqdadır: “Allah ruhunu şad etsin. Bu gün Heydər Əliyevin davamçılarının əsas işi Azərbaycanı güclü iqtisadiyyata sahib, demokratik hüquqi dövlətə çevirmək, ədalətli cəmiyyət qurmaq olmalıdır. Heydər Əliyev irsinə ən böyük töhfə bu ola bilər. Çox əlamətdar haldır ki, böyük dövlət adamı Heydər Əliyevin adını daşıyan Heydər Əliyev Fondu bu gün 20 yaşını qeyd edir və Mehriban xanım Əliyevanın rəhbərliyi altında onun irsinin öyrənilməsi və təbliğ edilməsində, ölkənin mədəni tərəqqisi üçün çoxsaylı elm, təhsil, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və humanitar layihələr həyata keçirir”. Q.Həsənquliyev qeyd etdi ki, fond Qarabağ həqiqətlərinin dünyaya çatdırılması və Azərbaycanın sivil və dünyəvi ölkə kimi beynəlxalq imicinin yüksəldilməsi, mədəniyyətimizin təbliğ edilməsində böyük işlər görür: “Mən çox istəyərdim ki, Heydər Əliyevin adını daşıdığı fond ölkəmizdə siyasi sistemin inkişafına ciddi töhfə versin. Siyasi araşdırmaların aparıldığı və təhlükəsizlik məsələlərinin müzakirə olunduğu bir mərkəzə çevrilsin”.

Milli Meclis: Milli Məclisin yaz sessiyasında ilk plenar iclası keçirilib

İclasda “Təhsil haqqında” Qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılaraq qəbul edildi. Beləliklə, parlament şəhid ailəsinin üzvlərinin özəl universitetlərdə pulsuz təhsil almasına dair layihəni təsdiqlədi. Komitə sədri Bəxtiyar Əliyevin təqdim etdiyi layihə sosial müdafiəyə xüsusi ehtiyacı olan bir sıra şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Layihəyə əsasən, “Təhsil haqqında” Qanunda maddənin yeni redaksiyada verilməsi və mövcud qanunvericilikdə nəzərdə tutulan təhsil xərcləri ilə bağlı azadolmaların, o cümlədən bir sıra yeni imtiyazların qeyd edilən maddəyə əlavə edilməsi təklif olunur. Belə ki, yeni imtiyaz olaraq özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində şəhid ailəsinin üzvlərinin, peşə təhsili müəssisələrində “Müharibə veteranı” adı almış şəxslərin, özəl peşə təhsili müəssisələrində isə əlilliyi olan şəxslərin, 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur.

Milli Məclisdə “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul edildi. Deputat Qüdrət Həsənquliyev çıxışı zamanı bildirdi ki, qanun layihəsinə səs verəcək. Ardınca o, mühüm məsələlərə diqqət çəkdi: “Qarşıdan 9 May- İkinci Dünya müharibəsində qələbənin ildönümü gəlir. Bu münasibətlə mən hər kəsi təbrik edirəm. Həm də müharibədə dünyasını dəyişmiş insanları hörmətlə anıram, Allah onların ruhunu şad etsin. Cənab Prezident mayın 2-də sərəncam imzaladı ki, İkinci Dünya müharibəsi veteranlarının, onların dul qalmış ailə üzvlərinin, arxa cəbhə veteranlarının hər birinə min manat, ümumilikdə 3 milyon manat vəsait ayrılıb. Buna görə cənab Prezidentə təşəkkür edirəm. Amma məni başqa bir məsələ də düşündürür - bir neçə gün bundan qabaq bizim öz Vətən müharibəmizdə torpaqlarımızın işğaldan azad etmiş bir qrup hərbçi mənimlə görüşdü və müraciət etdilər ki, onlar Prezidentin sərəncamına uyğun olaraq, 2020-ci il sentyabrın 28-də səfərbərlik olanda orduya çağırılıblar, arxa cəbhədə ordunun təchizatı ilə məşğul olublar". Deputat əlavə etdi ki, buna baxmayaraq, təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır: “Bu, ədalətsizlikdir ki, biz İkinci Dünya müharibəsində arxa cəbhədə olanları veteran kimi tanıyırıq, amma Vətən müharibəsində olanları yox. Söhbət 80 manat veteran pulundan gedir. Onlar bildirdilər ki, həmin puldan imtina edirlər. Sadəcə olaraq, ola bilsin ki, "Arxa cəbhə veteranı" adında yeni statusda ad verilsin. Sadəcə, istəyirlər ki, bu müharibədə iştirak elədikləri dövlət tərəfindən hansısa formada qeyd olunsun. Bunu da həmkarlarımın və hörmətli sədr, sizin diqqətinizə çatdırdım".

“Tütün və tütün məmulatı haqqında” və “Qida təhlükəsizliyi haqqında” qanunlarına təklif edilən dəyişikliklər zamanı çıxış edən deputat Sabir Rüstəmxanlı bunları söylədi: “Azərbaycan araq istehsalında bu qədər məşhurdursa, niyə ölkədən kənara çıxa bilmirik? Vaxtilə Azərbaycanın "Ağdam" şərabı var idi. Deyirdilər, “Ağdam” şərabı ilə Rusiyanı işğal edəcəyik". Deputat bildirdi ki, indi də Azərbaycanın yaxşı şərabları var: “Amma idxal yoxdur. Kənara çıxara bilmirik. Deməli, ya bunun keyfiyyəti aşağıdır, ya da iş düzgün qurulmayıb. Rayonlara gedəndə marketlərə baxırsan, qəşəng adlı araqları qoyublar, amma qiyməti 3 manat, 4 manat. Baxanda bilinir ki, saxtadır. Bəs buna lisenziyanı kim verib? Mənim cavan dostum saxta araqdan rəhmətə getdi”.

 Deputat Fazil Mustafa dəfn üzrə müavinətin artırılması təklifi ilə çıxış etdi. Bildirdi ki, dəfn müavinəti almaqda da problemlər var: “İstənilən Azərbaycan vətəndaşı işləyib-işləməməsindən asılı olmayaraq, bu müavinəti almalıdır. Əmək pensiyası alanlar üçün bu məbləğ 500 manatdır. Bütün vətəndaşlara 300 manat da olsa, 500 manat da olsa, dəfn müavinəti verilməlidir”.

Deputat digər problemin pullu “Qaynar xətt”lərlə bağlı olduğunu deyib: "Pullu əsaslarla “Qaynar xətt” anlayışı ortadan qalxmalıdır. Bəzi qurumlarda, nazirliklərdə bu “İlıq xətt”dir, “Soyuq xətt”dir. Bu problem həllini tapmalıdır".

 Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR