İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının fəallaşan “Qara qitə” siyasəti

899 08.05.2024 12:57 Ölkə A A

Azərbaycan Afrika qitəsindəki ölkələrlə əlaqələrin inkişafına maraq göstərir; Natiq Cəfərli: “Turizm və aqrar sektorlarda əlaqələri inkişaf etdirmək olar”

Bakının Afrika ölkələri ilə münasibətlərin inkişafına xüsusi diqqət yetirməsi siyasi konyukturanın yox, ardıcıl və məqsədyönlü fəaliyyətin məntiqi nəticəsidir. Şərq və Qərb arasında yerləşməsinə baxmayaraq, Azərbaycan Afrika qitəsindəki ölkələrlə əlaqələrin inkişafına maraq göstərir, gələcək əməkdaşlıq üçün qarşılıqlı faydalı imkanlara yol açır. Uzun illər Qərbin amansız istismarına məruz qalan “Qara qitə” ölkələrinin “soyuq müharibə”nin başa çatmasından sonra geosiyasi arenada çəkisinin artması Bakının kontinentlə siyasi-iqtisadi əlaqələrinin yaradılmasına və inkişaf etdirilməsinə təkan verir. 

Konqo Respublikası Prezidentinin səfəri, bu qitədəki bəzi ölkələrlə viza rejiminin ləğvi buna sübutdur. Azərbaycanla Qambiya arasında diplomatik pasport sahibləri üçün viza aradan qaldırılıb. Afrika əhalisi çoxsaylı etnik qruplardan təşkil olunsa da, əsasən ingilis, fransız, portuqal və ərəb dilində danışır. Afrikanı ənənəvi olaraq üç subregiona bölürlər - Şimali Afrika (Aralıq dənizi ətrafı və Məqrib ölkələri - Əlcəzair, Tunis və Mərakeş), Tropik Afrika (Şərqi, Mərkəzi və Qərbi Afrika) və Cənubi Afrika.

Şimali Afrika İslam ölkələrinin yerləşdiyi və dünyanın əhəmiyyətli geosiyasi məkanı hesab olunan regiondur. Avropanı və dünyanı Hind okeanı və Afrika ilə, digər dəniz və okeanlarla əlaqələndirən məşhur Süveyiş kanalı, böyük dəniz limanları məhz Şimali Afrikada yerləşir. Bu ərazini Aralıq dənizi hövzəsinin açar-keçidi də adlandırırlar. Azərbaycanın Afrika siyasəti iki istiqamət üzrə həyata keçirilir. Bu siyasətin bir istiqamətini Afrikanın müsəlman dövlətləri ilə hərtərəfli münasibətlər yaratmaq, iqtisadi, siyasi, mədəni əlaqələr qurmaq, bu ölkələrin imkanlarından ölkəmizin daxili və xarici problemlərinin həllində, milli maraqlarımızın qorunmasında istifadə etmək təşkil edir. Digər istiqamət isə qitənin digər ölkələri ilə münasibətlər üzərində qurulub. Xüsusən BMT çərçivəsində, beynəlxalq qurumlarda Afrikanın böyük, nüfuzlu dövlətlərinin dəstəyini qazanmaq, Azərbaycanın beynəlxalq hüquqlarının təmin olunmasında onların səsindən, mövqeyindən istifadə etmək müstəqil dövlətimizin xarici siyasət vəzifələrinə daxildir. Çünki Afrika ölkələri BMT üzvlərinin 13 faizini təşkil edir və istənilən səsvermədə ciddi faktor rolunu oynayırlar. Bundan başqa, “bitərəf dövlətlər” Beynəlxalq Frankofon Təşkilatının (BFT) yarıdan çoxunu, İslam Konfransı Təşkilatının (İKT) və Ərəb Dövlətləri Liqasının (ƏDL) üçdən birinə qədərini təşkil edir. Buna görə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq Afrika ölkələri olmadan qeyri-səmərəlidir.

Natiq Cəfərli Ədalət Vəliyevlə görüşün səbəbini açıqladı - GlobalInfo.az

Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərlinin “Yeni Müsavat”a dediyinə görə, Afrika qitəsində 54 ölkə mövcuddur, bu da BMT-yə üzv ölkələrin dörddə biri sayılır: “Qoşulmama Hərəkatının üzvlərinin isə 40 faizə yaxını deməkdir. Ona görə Azərbaycanın Afrika dövlətləri ilə münasibətlərini yaxşılaşdırması beynəlxalq platformalarda ölkəmizin mövqeyinə uyğun məsələlərdə dəstək almaq üçün vacibdir. O səbəbdən əlaqələr inkişaf etdirilir. Eləcə də turizmin inkişafı üçün bu münasibətlərin qurulması əhəmiyyətlidir”. N.Cəfərli ticarət əlaqələrinə gəlincə, hesab edir ki, bizdə ixracda 90 faiz enerji sahəsi rol oynadığı üçün Afrika ölkələrinə bu məhsulların satışı mümkün deyil: “Çünki Azərbaycanın enerji məhsullarının ixrac marşrutu bəllidir və potensial da o qədər deyil ki, Afrikaya satılsın. Amma gələcəkdə Afrikadan idxal edilməli məhsullar var. Bura kənd təsərrüfatı malları daxildir. Azərbaycandan isə neft-kimya, gübrənin Afrikaya ixracı mümkündür. Bu məsələyə bir az da başqa kontekstdə baxmaq lazımdır: söhbət qardaş Türkiyənin Afrikaya açılımından gedir. Ərdoğanın nəhəng proyektləri olub. Məncə, Azərbaycan Türkiyə ilə koordinasiyalı hərəkət etdiyi üçün Afrikaya doğru da bərabər şəkildə iş görmək olar”.

Emil SALAMOĞLU,   
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR