İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ səfiri Şuşaya niyə getmədiyini açıqladı - ağır danışdı...

13855 04.05.2024 00:03 Son xəbər A A

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirli Mark Libbi bir neçə mövzu ətrafında açıqlama verib.

Musavat.com xəbər verir ki, onlardan biri də səfirin Şuşaya niyə getməməsi ilə bağlıdır.

Məlum olduğu kimi, ABŞ və Fransa səfirlərinin Azərbaycan hökumətinin Şuşada və işğaldan azad olunmuş başqa yerlərdə təşkil etdiyi tədbirlərə qoşulmaması Azərbaycan ictimaiyyəti tərəfindən tənqid olunmuşdu.

Mark Libbi bu suala cavab verərkən deyib ki, bir səfir kimi onun Azərbaycan ərazisində səfərlərini səfirlik planlaşdırır (Azadlıq Radiosu). O bildirib ki, indiyədək, Azərbaycanın bir neçə regionunda olub.

Sitat: “Aydındır ki, qaytarılmış ərazilər bir azca fərqlidir. Bir az daha çox koordinasiya tələb edir... Amma mən harasa kiminsə şousunun iştirakçısı olmaq üçün getmək istəmirəm... Odur ki, bunu etməyin vaxtı gələndə, mən bunu edəcəyəm”.

Göründüyü kimi, cənab səfir sözləri nə qədər ehtiyatla seçsə də, yenə də kobud və təhqiramiz bir məzmun ifadə edib. Azad olunmuş torpaqlarda və xüsusilə Şuşada keçirilən tədbirlər Azərbaycan xalqının 30 illik arzularının ifadəsi, böyük zəfərimizin nəticəsi, ədalətin təntənəsidir. 30 il boyunca ATƏT-in Minsk Qrupunun həmsədri olaraq ABŞ münaqişədə hər zaman Ermənistanın yanında olmuş, onun işğalçı siyasətinə göz yummuş, ərazilərimizin, şəhər və qəsəbələrimizin darmadağın olmasını görməzdən gəlmişdir. İndi səfiri olduğu ölkə BMT tərəfindən tanınan halal torpaqlarını işğaldan azad edib, orada azadlığı qutlayan tədbirlər keçirir, amma ABŞ və Fransa səfirləri bu ümumxalq tədbirlərinə qatılmır, ona "kiminsə şousu", deyir.

Hörmətli səfir bu ifadələrin Azərbaycan xalqının ürəyinə toxuna biləcəyini və ABŞ-a neqativlər gətirdiyini düşünsə idi, əminik ki, belə danışmazdı.

Ümid edirik ki, "bunu etməyin vaxtı gələndə, mən bunu edəcəyəm", söyləyən cənab səfir üçün "vaxt" xidmət müddətinin sonuna qədər gələ biləcək...

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR